AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

XXI əsrdə müasir medianı nə gözləyir?

XXI əsrdə müasir medianı nə gözləyir?

Müsahibə
01 Aprel 2013, 15:10 1795
«İnternet də daxil olmaqla müasir texnologiyaların yaradılması və tətbiqi KİV-lərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Artıq XXI əsrdə müasir jurnalistikanın arxitekturası əvvəlki dövrdəkindən olduqca fərqlənir. İnternet, podkaslar, mobil rabitə, VOİP-telefonlaşdırma, mikrobloqqing, iPhone bazasında videorabitə, sosial şəbəkələrin və kommunikasiya vasitələrinin bir sıra başqa formaları çox qısa müddətdə gündəlik həyatımıza daxil olmuşdur. İndi insanların çoxu bu imkandan tam istifadə edir. Beləliklə, medianın strukturu əsaslı surətdə mürəkkəbləşmişdir» - bu sözləri YAP-ın saytına müsahibəsində AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirib.

A.Aslanov deyir ki, bu gün dünya jurnalistikasında ən çox müzakirə olunan mövzulardan biri bəşəriyyətin bu yaxınlarda qədəm qoyduğu yeni minilliyin çağırışlarına bütün cəmiyyətlərin hazır olub-olmaması məsələsidir. İndi jurnalistikanı düşündürən əsas sual odur ki, XXI əsrdə müasir medianı nə gözləyir? Jurnalistika arealında meydana çıxan yeni trendlər, eləcə də ənənəvi medianın müasir çağırışlara cavab verməsi nəhəng informasiya agentlikləri ilə yanaşı, müxtəlif beynəlxalq forumların da gündəliyinin əsas mövzularından birinə çevrilmişdir.

Xəbər istehsalının və çatdırılmasının tamamilə yeni bir növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiqi, sosial medianın ənənəvi medianı get-gedə üstələməsi dünya informasiya nəhənglərini ən çox narahat edən mövzulardandır. Səbəb odur ki, texnoloji inkişaf nəticəsində yeni yaranan sosial jurnalistika sürətlə inkişaf etməkdədir. İnsanlar innovasiya texnologiyalarının yeniliklərindən çox ağılla, dərrakə ilə istifadə edərək artıq özləri bir-birilərinə müxtəlif janrlı – həm görüntülü, həm səsli, həm də infoqrafik xəbərlər göndərir, özləri bir-biriləri ilə xəbərləşirlər. Etiraf edək ki, ənənəvi media bu operativlikdən xeyli geri qalır. Daha operativ olması, xəbər istehsalına hər kəsin qatılması, informasiyanın daha rahat və sürətlə yenilənə bilməsi, bir sözlə, hər kəsin jurnalist ola bilməsi imkanı sosial medianın ənənəvi mediadan üstünlüyünü artırır. Əvvəllər peşəkar KİV-lər üçün mətnlərin, fotoşəkillərin, videosüjetlərin hazırlanmasında jurnalistikadan uzaq olan qeyri-peşəkarlar heç vaxt bu dərəcədə iştirak etmirdilər. Belələrini hətta həvəskar və ya ştatdankənar müxbirlər də adlandırmaq düzgün deyildir. Onlar adi oxucular və tamaşaçılardır. Lakin, necə deyərlər, lazımi vaxtda lazımi yerdə olmuş, bəzən özlərindən asılı olmadan bu və ya digər hadisənin şahidinə çevrilmiş bu adamlar həmin məlumatı müəyyən üsulla əks etdirərək sosial şəbəkələrdə yerləşdirirlər. Xəbər agentlikləri müəyyən fakt barədə yenicə xəbər tutduğu halda, hadisənin şahidi artıq onu “YouTube” və ya “Facebook” vasitəsilə yayır. Beləliklə, bu cür müəlliflər peşəkar reportyorlardan daha operativ olurlar.

Lakin sosial jurnalistikanın çox təhlükəli cəhəti də vardır, bu, əsasən, faktın qeyri-dəqiqliyi ilə bağlıdır. Odur ki, ənənəvi medianın gələcəkdə də mühüm əhəmiyyəti olacaq, son xəbərlər isə indiki rolunu qoruyub saxlayacaqdır. Məhz buna görə xəbərlər sektorunun nümayəndələri kimi biz çalışırıq ki, dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiya yaradaq və onu istehlakçıya dərhal çatdıraq. Müasir dövrdə yüksək texnologiyaların tətbiqi bu məqsədə nail olmağa və cəmiyyəti ən qısa vaxtda planetin ən müxtəlif nöqtələrindən xəbərlərlə tanış etməyə imkan verir. AzərTAc bu istiqamətdə çox iddialı proqram hazırlayıb həyata keçirir. Bunu multimedia proqramı da adlandırmaq olar. Bu proqramın trendlərini sosial şəbəkələrlə iş, multimedia və videoxəbərlər, görüntülü və səsli slaydşoular, infoqrafika məhsulları təşkil edir.

A.Aslanov deyir ki, İnternetin bugünkü istifadəçiləri artıq yeni multimedia inqilabının mərkəzindədirlər. İnformasiya agentliyinin arsenalında mətnli məlumatlarla yanaşı, video və audioxəbərlərin də olması artıq heç kəsi təəccübləndirmir. Əksər xəbər agentliklərinin, o cümlədən AzərTAc-ın veb-saytına daxil olanda informasiya materiallarının bu növünün toplandığı bölmələri görmək olar. Həmin agentliklərin çoxu videomaterialların yayılmasında müxtəlif, məsələn, “YouTube” kimi ixtisaslaşdırılmış videoportalların resurslarından istifadə edir. Hazırda gün ərzində “YouTube”da AzərTAc-ın orta hesabla 4-5 videomaterialı yer alır.
Agentliyimizin multimedia studiyasında siyasətdən başlamış idmana və hava haqqında məlumata qədər müxtəlif mövzularda xəbərlər hazırlanır. Studiyada bütün sutka ərzində xəbərlər istehsal edilir. Bura əsl xəbərlər konveyeridir. Studiya fasiləsiz işləyir və xəbərlər ləngidilmədən buraxılır. Xəbərlərin yayılmasının elektron və ənənəvi formalarını əlaqələndirən agentliklər bu gün məhz belə işləyir. Belə studiyalarda informasiya müxtəlif media vasitələrində yaradılır və dərhal yayılır.

Multimedia studiyasının dizaynı da az əhəmiyyət kəsb etmir. Lakin hər halda bu, başlıca şərt deyildir. Dizayn yenilənmənin yalnız bir hissəsidir. İlk növbədə, jurnalistin peşə mədəniyyəti və onun işə yanaşması dəyişməlidir. Multimedia texnologiyaları dövründə əsas məqsəd kommunikasiyaları təkmilləşdirmək, xəbərin yaradılmasını və onun auditoriyaya çatdırılmasını sürətləndirməkdir. Bu, bir tərəfdən hər bir jurnalistin fərdi işi, digər tərəfdən ümumi studiyada kollektiv halında iş deməkdir.

Baş direktorun fikrincə, müasir jurnalistikanın həyatında yaşanan yeniliklər bütün xəbər agentliklərində olduğu kimi, AzərTAc-ın da qarşısında yeni tələblər qoymuşdur. Azərbaycanın ən qocaman xəbər agentliyi olan AzərTAc-ın son onillikdə bu istiqamətdə keçdiyi təkamül yolu bu tələblərdən irəli gəlmişdir. Agentliyimizdə hamı çox yaxşı bilir ki, xəbərin aktuallığı onun təzə olmasındadır. Buna görə də informasiyanın istehlakçılara çatdırılma sürəti olduqca vacibdir.

Agentliyimizdə həyata keçirilən struktur yeniliklərindən biri də sosial şəbəkələrlə iş şöbəsinin yaradılmasıdır. Bu strukturun fəaliyyətə başlaması nəticəsində “Twitter” və “Facebook” sosial şəbəkələrində agentliyin səhifələri açılmışdır. İl ərzində hər gün həmin sosial şəbəkələrdə müxtəlif dillərdə informasiyalar, fotolar, videolar və infoqrafikalar yerləşdirilir. Məhz bu tədbirlərin nəticəsində artıq AzərTAc-ın oxucularının getdikcə daha çox hissəsi yeniliklərdən agentliyimizin “Twitter” və “Facebook” profilləri vasitəsilə xəbər tutur. Halbuki bir neçə il bundan əvvəl digər böyük agentliklər kimi, AzərTAc-ın da sosial şəbəkələrdə özünə möhkəm mövqe qazanacağını heç kim ağlına gətirməzdi.

Fuad