AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Xilas yolundan imtina

Xilas yolundan imtina

Siyasət
16 Aprel 2021, 16:30 1120
Azərbaycanın irəli sürdüyü təşəbbüsləri dəyərləndirməyən işğalçı ölkə fəlakətə sürüklənir
 
Azərbaycan müstəqil dövlət kimi xarici siyasətində dünya ölkələri, o cümlədən qonşuları ilə qarşılıqlı, bərabərhüquqlu münasibətlər qurub. Bu münasibətlərdə milli-dövlətçilik maraqları, ərazi bütövlüyünə dəstək üstünlük təşkil edir. Məhz bu siyasi kursun nəticəsidir ki, yeraltı və yerüstü sərvətlərlə zəngin olan Azərbaycan, müharibə, qarşıdurma meydanı deyil, multikulturalizm, tolerantlıq kimi dəyərlərin üstün tutulduğu, inkişaf edən ölkə olaraq beynəlxalq aləmdə tanınır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan fərqli qütblərin maraqlarını uzlaşdıraraq, sadəcə öz ərazisini deyil, ümumilikdə regionu sabitlik, əmin-amanlıq, əməkdaşlıq meydanına çevirə bilib. Bakı-Tbilisi-Ceyhan, "Cənub Qaz Dəhlizi” neft-qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və sair bu kimi beynəlxalq layihələr, nəinki bu coğrafiyadakı ölkələri, həmçinin Avropanı, Qərbi Azərbaycana daha da yaxınlaşdırıb. Əfsus ki, yalnız Ermənistan bu əməkdaşlıqdan, siyasi, iqtisadi, ticarət əlaqələrdən kənarda qalıb. Bunun başlıca səbəbi ermənilərin uydurma tarixin əsiri olmaları, Ermənistanın qonşularına qarşı əsassız ərazi iddiaları, işğalçılıq siyasətidir. Rəsmi məlumata görə, 3 milyon, qeyri-rəsmi məlumatlara görə, 2 milyona yaxın əhalisi olan bu ölkə 85 milyonluq Türkiyəyə ilə düşmənçilik edir. Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bu kimi səbəblərdən Türkiyə sərhədləri Ermənistan üzünə bağlanıb. Hər hansı təbii sərvətə, iqtisadi potensiala sahib olmayan Ermənistan 1991-94-cü illərdə Rusiyanın hərbi-siyasi dəstəyinə arxalanaraq Azərbaycanın 20 faiz ərazisini işğal edib. Bununla 10 milyonluq digər qonşusu ilə də münasibətləri kəskinləşdirib. Ermənistanın qonşu Gürcüstanla da münasibətləri yaxşı deyil. Cavaxetiya bölgəsində məskunlaşan ermənilərin mərkəzdənqaçma meyilləri, "müstəqillik” çağırışları, işğal olunmuş Abxaziya və Osetiyanın separatçı qüvvələri ilə birlikdə ermənilərin 2008-ci ildə gürcü ordusuna qarşı savaşması və sair faktlar Tbilisi ilə Yerevanın əlaqələrini soyudub. Beləliklə, Ermənistan regiondakı 3 qonşusu ilə sağlam münasibətlər qura bilməyib, buradakı iqtisadi-siyasi proseslərdən özünü tamamilə təcrid edib.
 

 
"Biz gələcəyə baxmalıyıq”
 
Ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib, Ermənistan ordusunu öz torpaqlarından çıxarıb. Bundan sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, digər qonşularla olduğu kimi Ermənistanla da əlaqələrin bərpasında maraqlıdır. Təbii ki, Ermənistan özünü normal qonşu kimi apararsa. Aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev yenidən bu məsələyə toxunub. O, münaqişədən sonrakı inkişafda maraqlı olduğunu dilə gətirərək, gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqəti cəmləşdirməyin zəruriliyini qeyd edib: "Ermənilərin bizə qarşı törətdiklərini heç vaxt unutmayacağımızı vurğulamaqla yanaşı, bildirmək istəyirəm ki, biz gələcəyə baxmalıyıq. Hesab edirəm ki, burada biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq”.
 

 
Ermənilər reallığı dərk edə bilmirlər
 
Ali Baş Komandan, müharibədən qalib çıxmış Prezident İlham Əliyev bu fikirləri ilə yenə də humanizm nümayiş etdirib, Ermənistanın düşdüyü vəziyyətdən yeganə çıxış yolunun, nicatının Azərbaycan, Türkiyə və digər qonşularla normal münasibətlər qurmaqdan keçdiyini ifadə edib, sülh, barışıq mesajı verib. Amma təəssüf ki, Ermənistanı idarə edənlər, müxalifətdə təmsil olunanlar yenə də reallığı dərk edə bilmirlər. Onlar Fransanın cənubunda, ABŞ-ın Kaliforniya ştatında, Rusiyanın Krasnodar vilayətində rahat həyatlarını yaşayan erməni diasporunun təsiri, diktəsi altında hərəkət edir, işğalçı baxışlardan əl çəkmir, sadə vətəndaşların bu gününü, gələcəyini məhv edirlər. Belə demək mümkündürsə, sadə ermənilər diasporun və bir qrup siyasətçinin girovuna çevriliblər.
 

 
"Əməkdaşlığa adekvat reaksiya verməlidirlər”
 
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən siyasi elmlər doktoru, professor, millət vəkili Elman Nəsirov bildirib ki, Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edən, onu kapitulyasiya aktına qol çəkməyə məcbur edən Azərbaycan, regionun sabitliyi və inkişafı naminə məğlub olan tərəfə jest edir, normal münasibətlər qurmaqda maraqlı olduğunu nümayiş etdirir. Deputatın fikrincə, Yerevandakı rəsmi şəxslər, müxalifətdə təmsil olunanlar radikal çıxışlar edərək hələ də bu jesti dəyərləndirə bilmir, separatçılığa, işğalçılığa dair fikirlər səsləndirirlər: "Azərbaycan atdığı addımlarla regiona sülh, inkişaf, əməkdaşlıq mühiti gətirmək istəyir. Bu kontekstdə rəsmi Bakı 6 tərəfli əməkdaşlıq platformasını təklif edir. Azərbaycanın Rusiya, İran, Türkiyə, Gürcüstanla əməkdaşlıq formatları mövcuddur. Biz Ermənistanın da bu sırada olmasını arzulayırıq. Bu məqsədlə Azərbaycan Ermənistana əməkdaşlıq əlini uzadıb. Bunun üçün ilk növbədə nəqliyyat, kommunikasiya əlaqələri bərpa olunmalıdır. Bu istiqamətdə siyasətimizə sadiqik. Təəssüf ki, qarşı tərəfdən bununla bağlı hər hansı addım atılmır. Onların davranışları regionda yenidən gərginlik ocağının yaradılmasına xidmət edir. Eks-prezident Robert Köçəryanın timsalında revanşistlər, ümumilikdə Qarabağ klanı vəziyyəti gərginləşdirməyə çalışır. Elə iddialarla çıxış edirlər ki, o iddiaların indiki dövrdə reallaşma əmsalı sıfıra bərabərdir. Ermənistanda iyunun 20-də parlament seçkiləri olacaq. Seçki öncəsi revanşist qüvvələr populist çıxışlar edir, hərbi ritorikanın hərarətini qaldırır, bulanıq suda balıq tutmağa, xalqın etimadını qazanmağa çalışırlar. Anlamırlar ki, bunun heç bir perspektivi yoxdur. Ermənistanın iki yolu var. Ya əməkdaşlıq etməli, normal münasibətlər qurmalıdırlar, ya da qarşıdurmaya getməlidirlər. Qarşıdurmanı seçənlər əmin olsunlar ki, dəmir yumruq yerindədir. Vətən Müharibəsində olduğu kimi yenidən onların başını əzməyə hazırdır. Əməkdaşlıq isə Ermənistanın nicatı, düşdüyü fəlakətdən yeganə çıxış yoludur. Onlar kompromisə getməyə məhkum və məcburdurlar. Çünki qalib tərəf diktə edir, məğlub tərəf isə güzəştə gedir. İndi top Ermənistan tərəfdədir. Ağıllarını başlarına yığıb Azərbaycanın əməkdaşlıq təşəbbüslərinə adekvat reaksiya verməlidirlər. Əks halda, Ermənistan dövlətini, dövlətçiliyini çox ciddi problemlər gözləyir”.
 

 
Ermənistanın xilası üçün tarixi fürsət
 
Millət vəkili, politoloq Hikmət Babaoğlu qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanın hazırkı mövqeyi yeni reallıqda əməkdaşlığın və inkişafın bərqərar olmasına, regionun kommunikasiya və iqtisadi bütövlüyünün təmin edilməsinə və bu prosesdə səmərəli əməkdaşlıq platformasının yaradılmasının vacibliyinə yönəlib. Onun sözlərinə görə, bunun üçün ilk növbədə Ermənistanın prosesə qoşulması, "azərbaycanofobiyadan”, "türkofobiyadan” qurtulması, yaranmış yeni reallığı obyektiv əsaslarda dərk edə və qiymətləndirə bilməsi lazımdır: "Artıq hər kəsə aydındır ki, Qafqaz kimi mürəkkəb bir regionda yaradılmış ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu vasitəsilə söndürə bilib. Bu, bizə qalib ölkə statusu qazandırıb. Bütün dünya bu yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir. Ancaq hər şeydən öncə Ermənistan öz mövcudluğu üçün bu tarixi fürsəti əldən verməməlidir. Çünki Azərbaycan, bütövlükdə regionumuzun tarixində geri dönülməsi mümkün olmayan mühüm strateji reallıq yaradıb və gec-tez hamı bununla hesablaşmalı olacaq”.
 

 
"Gələcəkdə daha böyük fəlakətlə üz-üzə qalacaqlar”
 
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, əməkdaşlıq təklifi, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların o ərazilərə qayıtması barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər obyektivliyi əhatə edir və gündəmdə saxlanması zəruridir. Onun sözlərinə görə, belə fikirlərin tez-tez səsləndirilməsi, irəli sürülən təşəbbüslər, bir növ Ermənistana təzyiq məqsədi də daşıyır: "Bizim başlıca məqsədimiz budur ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etsin, işğalçılıq siyasətindən əl çəksin, növbəti dəfə bizə arxadan zərbə vurmasın. Bizim gümanımız yoxdur ki, ermənilər hansısa zamanda növbəti təxribatlara əl atmayacaqlar. Bu baxımdan Ermənistan cəmiyyətinə davamlı olaraq mesajlar göndərilir. Birinci mesaj əməkdaşlıqla bağlıdır ki, bir qədər əvvəl söylədiyim kimi, bunun üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, normal münasibətlər qurmalıdır. Əks halda, bizim Zəngəzur, Göyçə kimi daha böyük hədəflərimiz var və biz gec-tez bu hədəflərə çatacağıq. Onsuz da ermənilər indi qorxu içindədirlər. Müharibə onlara çox pis təsir edib. Ölkəni tərk edənlərin sayı kəskin artıb. Pandemiya bitəndən sonra bu axın daha da artacaq. Revanşist Robert Köçəryan Rusiya televiziyasına müsahibəsində etiraf etmişdi ki, ermənilərin dövlət anlayışı zəifdir. Bu o deməkdir ki, onların həqiqətən də dövləti olmayıb. Onların yaşadığı ərazilər tarixi Azərbaycan torpaqlarıdır və biz oraya qayıtmalıyıq. Reallığı dərk etməyən, əməkdaşlıqdan imtina edən Ermənistan, gələcəkdə daha böyük fəlakətlə üz-üzə qalacaq”.
 
Rufik İSMAYILOV