• bazar ertəsi, 02 dekabr, 17:36
  • Baku Bakı 7°C

Xəstə heyvan ətindən kolbasa düzəldirlər? Araşdırma

12.09.13 09:27 14032
Xəstə heyvan ətindən kolbasa düzəldirlər? Araşdırma
Son vaxtlar Azərbaycanda heyvandarlıq sahəsində sürətlə yayılan bunyavirus xəstəliyi ölkədə insanlar arasında müəyyən müzakirələrə səbəb oldu və bu xəstəlik ölkənin ət bazarına ciddi formada təsir etməyə başladı. Kimisi bu xəstəliyin hər hansı təhlükə yaratmayacağı qənaətində olsa da, əhalinin çox hissəsi onun insan orqanizmi üçün təhlükə yaradacağını düşünür. Xüsusilə, son günlər xəstəliyin dinamikasında enmə müşahidə olunmasına baxmayaraq, “xəstə heyvanların əti hansısa formada istehsal edilirmi?” kimi suallar insanları təşvişə salıb.
Ölkə bazarında murdar, xəstəlikdən ölən heyvanların ətinin satılması ilə bağlı müəyyən fikirlər dolaşır. İnsanların böyük əksəriyyəti hesab edir ki, rayonlardan ölmüş, xəstə heyvanlar Bakıya gətirilərək kolbasa və sosiska istehsal edən müəssisələrə verilir və nəticədə dükanlarda, bazarlarda keyfiyyətsiz və orqanizm üçün təhlükəli kolbasa və sosiskalar satılır. Biz də məsələni aydınlaşdırmaq üçün kiçik bir araşdırma apardıq.
“Monitorinqlərdə xəstə heyvan əti aşkar olunmayıb”
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı qəzetimizə açıqlamasında komitə yanında texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarəti xidməti tərəfindən aparılan monitorinqlərdə xəstə heyvan ətindən kolbasa hazırlanması kimi faktların aşkar olunmadığını bildirdi: “Azərbaycanda ümumiyyətlə hansısa problem aşkar olunanda, çox təəssüf ki, o problemdən sui-istifadə edərək bəzi şəxslər əsası olmayan söz-söhbətlər, şayiələr yayırlar. Bəli, bu gün heyvandarlıq sahəsində baş verən proseslərdən biz də xəbərdarıq və bunun qarşısını almaq üçün dövlət qurumları operativ tədbirlər həyata keçirirlər. Amma o demək deyil ki, xəstəlikdən tələf olan heyvanlar dərhal ət məhsulları istehsalına yönləndirilir. Bu fikri səsləndirmək üçün əsas, fakt olmalıdır və o faktları bilən, görən adamlar varsa, komitəyə müraciət etsinlər. Konkret hansı ünvanda bu problemlər aşkarlanırsa, biz onları araşdırmağa hazırıq”.
Dövlət rəsmisinin sözlərinə görə, hazırda ölkəmizdə ət məhsulları istehsalı ən inkişaf etmiş sahələrdən sayılır: “Ət məhsulları istehsal edən firmalarda son texnologiyaların tətbiqi, xammalların keyfiyyətinin yüksəldilməsi, iş qabiliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər əvəzolunmazdır. Bu gün ət məhsulları istehsalı sektoru ölkədə ən inkişaf etmiş sahələrdən biri sayılır. Amma bir daha bildiririk ki, biz hər hansı bir problemin olmadığını bəyan etmirik. Biz sadəcə, o faktı görən, o faktı bilən şəxslərdən, QHT nümayəndələrindən bu faktları bizə təqdim etmələrini və bizimlə bir yerdə araşdırma aparmalarını xahiş edirik”. Ölkədə ət məhsulları ilə bağlı standartlar haqqında məlumat verən komitə sözçüsü vurğuladı ki, standartlardan kənara çıxan müəssisələr qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılır.
Ət məhsulları sektoru acınacaqlı vəziyyətdədir
Məsələyə münasibət bildirən ət və ət məhsulları üzrə qida mütəxəssisi Sabir İsfəndiyarov isə bizimlə söhbətində fərqli fikirlər səsləndirdi: “Dükan və marketlərdə artan kolbasa çeşidləri ağız tamımıza yeni dad gətirsə də, onların hamısının nə dərəcədə keyfiyyətli olduğunu mədəmiz təyin edir. Kolbasa istehsalı xüsusilə ciddi məsələlərdən biridir. Bu ciddi məsələyə də istər KİV-lər, istərsə də istehlakçılar çox sadə yanaşdıqlarına görə ət və ət məhsullarının istehsalında bugünkü acınacaqlı vəziyyət yaranıb. Təsadüfi deyil ki, Avropanın məşhur “Euronews” kanalında Azərbaycan haqqında veriliş hazırlanan zaman orada qeyd edildi ki, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, Azərbaycanda insanların 80 faizi mədə-bağırsaq xəstəliklərindən ölür. Bunun səbəbi isə düzgün qidalanmamaqdır. Ölkəmizdə əhalinin istifadə etdiyi qidaların önündə ət və ət məhsulları gəldiyi üçün təhlükə daha da böyüyür. Bu səbəbdən bu məsələlərə çox ciddi yanaşmaq lazımdır”.
Kolbasada “xərçəng” riski
Qida mütəxəssisinin sözlərinə görə, kolbasa və sosiska məhsullarının reklam edilməsi düzgün deyil. Belə ki, bu məhsulları reklam etmək siqaret məhsullarının reklamından daha təhlükəlidir: “Kolbasa və sosikanı reklam etmək çox təhlükəlidir. Hələ 1970-ci ildən ictimaiyyətə məlumdur ki, onkoloji xəstəliklərin yaranmasının ən əsas səbəblərindən biri məhz kolbasadır. Bu səbəbdən bunun reklamı və insanların belə mənşəyi bilinməyən məhsullarla qidalanması çox təhlükəlidir”. S.İsfəndiyarov bildirdi ki, hər bir kolbasanın üzərində standartlara uyğun olaraq, hansı xammaldan hazırlanması, necə qablaşdırılması, necə saxlanılması, istifadə müddəti qeyd edilməlidir.
Maraqlı rəqəmlər
Kolbasa sənayesində daha çox gəlir etmək üçün müraciət edilən vasitələrdən biri də ucuz və yararsız ətlərdən istifadədir. Belə ətlər isə ölkəyə daha çox xaricdən gətirilir və xüsusilə camış ətindən daha çox istifadə edilir. Elə rəsmi statistikaya əsasən də son illər ölkəyə camış ətinin idxalı artıb. Təkcə cari ilin 5 ayında ölkəyə Hindistandan 1578 ton camış əti idxal olunub. Ümumiyyətlə, bu ilin beş ayı ərzində ölkəyə 120 ton mal əti, 14,5 ton qoyun əti gətirilib. Eləcə də, idxal olunan camış ətinin miqdarı 1578 ton, donuz əti 774 ton, donuz piyi 1200 ton təşkil edib.
“Yerli ət tələbatı ödəmir”
Azərbaycanda ət və ət məhsulları istehsal edən “Səhliyalı” firmasının meneceri Cavad Quliyev də bizimlə söhbətində bu faktı təsdiqlədi. Menecer qəzetimizə açıqlamasında bildirdi ki, “Səhliyalı” firması kolbasa hazırlamaq üçün ət məhsullarını xarici ölkələrdən gətizdirir: “Biz kolbasa hazırlamaq üçün ət məhsullarını xaricdən sifariş veririk. Yerli maldan, ümumiyyətlə istifadə etmirik. Xaricdən gətirilən ətlər isə yoxlanılmış və sertifikatlaşdırılmış şəkildə olur. Gətirildikdən sonra isə, bütün ətlər və kolbasalar attestasiya olunmuş laboratoriyamızda yoxlanılır”.
Ət məhsullarının xaricdən gətirilməsinin səbəbini soruşduqda isə, müsahibimiz bildirdi ki, yerli ət məhsulları tələbatı ödəyə bilmir: “Məsələn, biz gündə bir ton istifadə ediriksə, Azərbaycanda gündə bir ton ət olmur və bu səbəbdən ətləri xaricdən gətirməyə məcbur oluruq”.
“Ölkədə leşyığanlar peyda olub”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir. Onun sözlərinə görə, rayonlarda 10 ilə yaxındır ki, leşyığanlar peyda olub: “Leş yığanlar murdar olmuş heyvanın ətinin bir kiloqramını 50 qəpiyə, 1 manata alır, daha sonra həmin ətlər təşkil olunmuş şəkildə Bakıya gətirilib realizə olunur və kolbasa sexlərinə verilir. Leş ətləri paytaxta daha çox Muğan, Bərdə, Saatlı, Sabirabad, Masallı zonasından daxil olur. Beləcə, kolbasalar bazara ucuz çıxır, digərləri ilə rəqabətdə qiymət üstünlüyünə malik olur və satılır. Halal adı ilə satılan kolbasaların tərkibinin yarısını isə soya komponenti təşkil edir ki, həmin məhsulun 90% genetik modifikasiya olunub. Hər nə gəldi, necə gəldi, kolbasalara qatılır”.
Bax belə. İndi özünüz qərar verin: yemək yaxşıdır, yoxsa yeməmək...
Aygün CƏFƏRLİ
banner

Oxşar Xəbərlər