• cümə axşamı, 28 mart, 14:58
  • Baku Bakı 16°C

Xəcalətli kəlmə

12.06.20 12:52 8496
Xəcalətli kəlmə
Hələ dadını bilmədiyim meyvə ağzımı sulandırdı. Evimizdə ondan heç vaxt olmayıb. Süfrədəki təamlara baxanda gözüm qamaşırdı. Hər cür meyvə, rəngli şokoladlar, tərəvəzlər…
Anam sevincək meyvələri doğrayır. Ağzımın sulandığını hiss edib əlindəki sarı sulu meyvə dilimini mənə uzadır. Barmaqlarından damcılayan şirəsi süfrənin yırtığından keçib masanın partlamış boyasının arasında yox olur. Şor, makaron, vermeşil dadına alışmış dilimə adı da yad idi: A-na-nas…
Anam içi dolu boşqabı mənə tərəf sürüşdürür. Boşqab da anam kimi sevincək olub. Üstündəki basma güllərə də təravət gəlib. Çatlamış sinəsini portağal dilimləri altında gizlədərək alnı açıq, üzü ağ dayanıb qarşımda.
Ürkək xəyallarım rəngarəng bəzənmiş yırtıq süfrəmizdə əl -ələ verib, qarşımda cəsarətlə dayanıb. Bizim xəyaldan başqa heç nəyimiz olmayıb bu günəcən. Bu otaq, altımdakı ayaqları tel ilə bərkidilmiş stul, yatdığım pastlı çarpayı, əynimdəki süzülmüş paltarlar belə başqasının olub həmişə. Anamın ordan-burdan tapıb gətirdiyi köhnə paltarlarla böyüyür mənim uşaqlığım...
Anam başqasının künə otağını müvəqqəti özümüzünküləşdirə bilməyimiz üçün hər ay 150 manat pul ödəyir. Mən isə bu otaqda nəfəs ala bilməyimiz üçün anamın nəfəsinə həsrət qalıram. Axşamlar isti qucağına sığınıb yatdığım anam mən yuxudan oyananda çoxdan getmiş olur. Başqa uşağa analıq etmək üçün. O gələnəcən mənim bumbuz qucağımı isti ürəyimin nəfəsi, bir də saf xəyallarım qızdırır. Soyuq qış günlərini adyala bürünərək çürük taxta çərçivəli pəncərənin önündə dirsəklənib gözümü yollara zilləyirəm. Yalvarıram yollara, anamı tez qaytarsın deyə. Yollar anamı gətirənə qədər qış küləyi pəncərənin dəlik- deşik yerlərindən üzümə üfürür, qulağıma fısıldayır. Analarının əlindən tutub həyətdə gəzişən uşaqlara, onların velosipedlərinə, skuterlərinə, bəzəkli ayaqqabılarına, dəbli geyimlərinə baxıb köks ötürmürəm. Bilirəm ki, mənim heç vaxt onlarınki kimi şən uşaqlığım, onların isə mənimki kimi zəngin xəyalları olmayacaq...
Hərdən çarpayımın baş ucundakı tumbanın üstünə əlimi uzadıram. Anamın isti qalsın deyə yun şalla bükdüyü qırmızı, üzərində qara xalları olan qazançanı açıram. Bir-birinə yapışmış makaronları ovuclayıb yeyirəm.
Bir gün təzə ayaqqabılarımın olacağını sadəcə xəyal etmişdim. Bu gün tanımadığım bir adam mənə bir cüt ayaqqabı alıb.
Anam qutunu tumbanın üstünə qoydu. Təkayaqlı tumba zarıyaraq yerində ağır –ağır yırğalandı. Tumbanın səsinə dalıb yol çəkən gözlərimi anamın səsi ürkütdü.
Meyvələrini ye, bitir, geyin baxaq. Gör, nə gözəl ayaqqabıdır! Təzə ayaqqabıların da oldu. Köhnələri atarsan. İndi sənə dolma bişirəcəm. Çox şükür bu günümüzə. Çöldə masqa nəfəsimizi daraltsa da, evdə ən azından isti yeməyimiz var.
Hə, anam düz deyir, çox şükür, bu gün ətli dolma yeyəcəm...
Evimiz görmədiyi günə düşüb. Sağ-sol hər tərəfdə ərzaq....
Nə çox xəyalım var imiş. Əvvəl mən onlara sığmırdım, indi onlar evimizə sığa bilmir. Oturmaqdan keyləşən ayaqlarımı tərpətdim. Asta-asta tumbaya yaxınlaşdım. Bir gözümlə qutusunu açmağa qıya bilmədiyim təzə ayaqqabılarıma, o biri gözümlə qapının arxasında boynu bükülmüş, ayaqlarım yerə dəyməsin deyə altına karton yapışdırdığım ayaqqabılarıma baxıram. Indi onlar arasında seçim etməliydim. Deməli, həyat belə imiş. Yaxşılar, gözəllər seçilir, pislər atılır.Gözlərim doldu. Xəyallarım ilə reallığım arasında başımı itirmişdim.
Bizə şahidlik edən dörd divar bu xoşbəxtliyin uzun çəkəcəyinə inanır. Onlar bilmirdi ki, bu gələn xoşbəxtlik deyil, əlçatmaz xəyallarımdır. Bəli, bu gün xəyallarım mənə qonaq gəlib. Qonağımın nə qədər qalacağını dəqiq bilmirəm. Bəlkə, bir həftə, bəlkə də bir ay. Mən onlara toxunmaq istəmirəm. Toxunsam yox olacaqlar. Gələn gedəcəkdi. Özü ilə gətirdiyi qonağımı da götürüb aparacaqdı və mən yenə anasız bomboş otaqda çürük çərçivəli pəncərəmdən gələn şıltaq küləklərlə pıçıldaşa-pıçıldaşa böyüyəcəkdim. Kaşki, görünüb tənqid olunan ”kamil” qəhrəmanların gətirdiyi xoşbəxtlik görünməyən qəhrəmanlara ilham qaynağı olaydı. Onlar xəyallarımı mənə əbədi bağışlayaydı.
İndi səhərlər anamın qucağında ayılıram yuxudan. İndi mənim təzə paltarlarım, təzə ayaqqabılarım var. Qarnımız da toxdur.
Dünya fırlanırdı. Nə məni atıb getmiş atamın, nə də gecə - gündüz işləyən anamın bacarmadığını insanların kabusu olmuş "Koronavirus” bacarmışdı. Mənə xəyallarımı qonaq gətirmişdi.
İndi evimdə sevimli qonağım, əlimdə təzə ayaqqabılarım, qulaqlarımda milyonlarla xəstənin ah- naləsi, dilimdə isə xəcalət çəkən iki kəlməm var: "Təşəkkürlər, Koronavirus!”
Nəsibə NƏSİBQIZI
banner

Oxşar Xəbərlər