• cümə, 19 Aprel, 07:37
  • Baku Bakı 13°C

XANƏLİ KƏRİMLİ: HALALLIQLA YAŞANMIŞ ÖMÜR

28.11.16 12:13 3713
XANƏLİ KƏRİMLİ: HALALLIQLA YAŞANMIŞ ÖMÜR
Bu payızın son günlərində, daha doğrusu, noyabrın 27-sində söz adamı, pedaqoq və araşdırıcı, köhnə dostum Xanəli Kərimli ömrün daha bir zirvəsini - 65 yaşını haqladı...
"Köhnə dostum” deyimi özümə də qəribə gəlir, çünki onunla şəxsi tanışlığımızın cəmi on yaşı ola-olmaya. Amma elə bil, Xanəliylə bir kənddə, bir məhəllədə böyümüş, çətin, amma xoşbəxt uşaqlıq illərinin acısını-şirinini birgə dadmış, müstəqil həyat və ədəbiyyat yollarında yanaşı addımlamışıq...
"Mən öz taleyimin yol yoldaşıyam” deyən Xanəli Kərimli təxminən 45 illik müstəqil həyatında və yaradılıcılığında nə qazanıbsa, kimsənin kölgəsində yox, ancaq öz istedadı, zəhməti, dözümü sayəsində nail olub, buna görə də həyatda da, ədəbiyyatda da özünü rahat, inamlı hiss eləyir.
Onun həyat yolu doğulduğu Şahbuz rayonunun Mahmudoba kəndindəki ata ocağının istisindən (Yaxşı yadımdadır köhnə ev-eşik,/Hər gecə bir nağıl deyərdi atam./Bütün kənd axışıb bizə gələrdi,/Oxuyan, oynayan - kim idi yatan.), kənd həyatının zəhmət dolu günlərindən keçib, bir əli kitabda, bir əli beldə-kətməndə olub, qismətinə ötən əsrin ağır 50-60-cı illərinin bütün məşəqqətlərini yaşamaq düşüb, amma işıqlı gələcəyə baxmaqdan əl çəkməyib. Orta məktəbi bitirəndən sonra yolu Naxçıvana – ovaxtkı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialına uzanıb, ali təhsilinisə Bakıda tamamlayıb, neçə illər doğma kəndində müəllimlik eləyib.
Arayıb-araşdırmağa, müəyyən bir mövzuyla bağlı düşüncələrini sistemləşdirməyə meylli olan Xanəli Kərimli bununla da kifayətlənməyib, AMEA Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, elmi iş müdafiə eləyib, alimlik dərəcəsi alıb. O, Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, dosent, Əcnəbi tələbələrlə iş fakültəsinin dekanı kimi çalışıb, səmərəli işinə görə, Muxtar Respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb, ictimai fəallığı və vətənpərvərliyisə Xanəli Kərimlini Muxtar Respublika Ali Məclisinin kürsüsünə qaldırıb.
Cənubi Azərbaycan ədəbiyyatını araşdıran Xanəli Kərimli həm öz sahəsinə, həm də bütövlükdə Azərbaycan ədəbiyyatına və ayrı-ayrı qələm adamlarının yaradıcılığına dair 100-dən artıq elmi-publisistik məqalə qələmə alıb.
Bütün bunları ona görə xatırlatdım ki, yaradıcı insan ömrünün qayəsi və miqyası barədə az da olsa təsəvvür yarada bilim...
***
Bir də doğulduğu torpağı, mənsub olduğu xalqı canından da çox sevən, həzin-kövrək, ağır-ləngərli, öz içində yanıb-qovrulan, yanğısının özünə pıçıldayan şair Xanəli Kərimli var. O Xanəli Kərimlinin, Əliağa Vahid demiş, "könlünün şişəsinə bircə qanad dəysə, sınar”...
Amma vətəninin və xalqının mənafelərini həmişə uca tutan, yeri gələndə yaşantılarını, ağrılarını aləmə hayqıran, dünyada gördüyü haqsızlıqla barışmayan, insan naqisliklərinə qarşı sərt münasibət göstərən Xanəli Kərimli də var. O Xanəli Kərimli isə, haqq sözünü deməyi, duyğularını kürsülərdən bəyan etməyi də bacarır...
"Şeir gərək Haqdan gələ” kredosunu qəbul eləyən şair Xanəli Kərimli könül verdiyi Sözdə, özünə tale seçdiyi poeziyada heç yerə tələsməyib, oxucuları qarşısında qalın-qalın kitabları, cürbəcür mükafatlarıyla deyil, torpaqdan və xalqdan güc alan özünəməxsus poetik nəfəsilə hesabat verib. Elə bu səbəbdəndi ki, onun 70-80-ci illər ədəbi-bədii nəşrlərində çap olunmuş şeirləri sayı ilə yox, havası ilə yadda qalırdı:
Hələ bir kimsədən minnət çəkmədən
Beləcə bir ömür yaşayıram mən.
Odu səngiməyən şam ürəyimi,
Ey Vətən, səninçün daşıyıram mən.
Elə buna görə də meşin qapılar qabağında gözləməyi, halal haqqı üçün kiməsə ağız açmağı, şeirinin mayasına haram qatmağı qəbul eləməyən Xanəli Kərimlinin ilk poetik topluları ("Ay işığında”, 1998, "Anamdan məktub”, 2001) 50 yaşı ərəfəsində işıq üzü görüb. Həcmcə kiçik, amma tutumca sanballı o kitablar ilk təmasdanca oxucunun könlünə yatıb, onu səs-küysüz, minnətsiz, həm də səmimiyyətlə qəbul eləyib. O şeirlərdə doğma torpağa sonsuz sevgi, onun insanına da, ağacına-quşuna da, gülünə-çiçəyinə də özünəməxsus, həlim, ərkyana, həm də kişiyana sevgi vardı:
Yanağı allanan dağ qərənfili,
Uyuyur dumanın tül örpəyində.
Çisəkdə şeh əmib pərvəriş tapan,
Çiçəyi çırtlayır gül-çiçəyin də.
Sonra "Mən sözdən qorxuram – Tanrıdan qorxan kimi, /Çünki söz Tanrının, Tanrı sözün özüdür” deyən Xanəli Kərimlinin "Bu da bir nağıldı...” (2004) adlı poetik toplusu işıq üzü görüb. Bu kitabda da oxucular onun ilk şeirlərində rastlaşdıqları eyni səmimiyyətin, eyni sevginin şahidi olublar. Həqiqətən, "Xanəlinin şeirlərində təbiət dil açıb danışır, ürək nəğmə oxu­yur. O, həssas, nəcib, ülvi duyğuları şeirin dili ilə havalan­dır­mağı bacarır. Şeirlərindən baxanda şairin özü də mənəvi saflığı, halallığı, pak duyğuları ilə əsərlərində ifadə etdiyi həssas düşüncələrin məcmusu, vəhdəti kimi görünür. Bütün məqamlarda Xanəli Kərimlinin şeirlərilə şəxsiyyəti, daha çox da zəngin mənəvi aləmi bir-birini tamamlayır” (akademik İ.Həbibbəyli). O şeirlərdə "gilə-gilə əriyən bir qaya ömrü” aydın görünür.
Mən özüm canlı bir kitabam, bala,
Hələ oxunmayıb bir sətrim belə.
Oxunsam, görərlər qaya ömrümü
Necə əritmişəm mən gilə-gilə.
Yaşadığı ömür Xanəli Kərimliyə təkcə poetik uğurlar, yaddaşlara yazılan şeir və poemalar bəxş eləməyib, həm də gücünü və şirəsini torpaqdan alan müdriklik gətirib. Onun "Mənə elə gəlir ki...” (2008) toplusundakı düşüncələri İnsan və Zaman, İnsan və Sənət müstəvilərində yaranıb, Xanəli Kərimli həyata da, yaradıcılığa da ciddi məsuliyyət və tələbkarlıqla yanaşmağa üstünlük verən qələm sahibi olduğunu bir daha təsdiqləyib. "Öz doğma övladı üzərində cərrahiyyə əməliyyatı aparan cərrahın əlləri əsmədiyi kimi, zəif və qüsurlu əsərlərinin məhv edilməsində də sənətkarın əli əsməməlidir. Əsl və böyük sənət də özünə qarşı ciddi məsuliyyət və tələbkarlıqdan yaranır”. Bu deyim onun ədəbiyyata münasibətini aydın ifadə eləyir.
***
"Bir Allah, bir qələm, bir də ağ vərəq/Mənim son ümidim, son andım olub” deyən Xanəli Kərimlinin yaradıcılığı haqqında qələmə alınmış "Şairə məktub” (2007), "Sözün Əlincə yaddaşı” (2011) toplularının, eləcə də tanınmış ədəbiyyatşünas, fəlsəfə doktoru Sabir Bəşirovun yazdığı "Bir ömrün nağılı” (2011) monoqrafiyasının tərtibi və nəşrinin bilavasitə iştirakçısı olduğumdan onun yaradıcılığıyla yanaşı, mənəvi aləminə də yaxından bələdlik imkanı əldə eləmişəm. Ömrün 60-nı haqlayan qələm adamının həyat və yaradıcılıq salnaməsi kimi dəyərləndirdiyim həmin kitablarla tanışlıq zamanı bir daha əminlik hasil elədim ki, Xanəlinin nail olduğu bütün uğurlar kökündən-soyundan gələn halallığının nəticəsidi. Yaşadığı ömrü həyat qayğıları və yaradıcılıq axtarışları arasında çırpıntılarda keçirən Xanəli Kərimli hər şeyi olduğu kimi qəbul eləməyi də bacarır:
Altmış anlıq yuxu imiş altmış il,
Hardan gəldi, hara getdi ömür-gün?!
Bir anlığa dönüb baxdım geriyə
Nə səs gəldi, nə bir haray, nə bir ün.
Şübhəsiz, onun hələlik son poetik toplusu olan "Payız düşüncələri (2013) yaşanmış ömrün hədər getmədiyinin daha bir sübutu oldu. O kitabdakı şeirlərdə Xanəli Kərimli yaradıcılığının bürün yönümləri – Vətən və Xalq sevgisi, milli təəssübkeşlik, Vətənin və Xalqın ağrıları, İnsan və Təbiət bağlılığı, İnsan və Zaman qarşıdurması, İlahiyə sevgi, kövrək məhəbbət duyğuları, naqis xislətli varlıqlara qarşı qəzəb... öz əksini tapıb. Xanəli bir qədər ümidsizliyə qapılanda "Bizə məhəbbət göndər, bir kök üstə birləşək,/ Bir də ki, Allah xofu, bir də insaf, İlahi!..” - deyir. Amma bu ümidsizliyin işıqlı gələcəklə sonlanacağına da ümidini itirmir: "Daşı tərəziyə düz qoyan Allah,/ Sən dağıt yolumdan dumanı, çəni”
Xanəli Kərimlinin yaradıcılıq aləminə işıq tutan "Bir ömrün işığı" (2016) adlı daha bir məqalələr toplusunda mərhum alim, AMEA-nın müxbir üzvü Adil Bağırovun bu dəqiq fikirlərinə rast gəldim: "...Xanəli Kərimli sözə həssas şairdir, o, daim söz axtarışında olur, sözdə işıq, nur axtarır. O, sözün çəkisini, qədrini bilir, qüdrətini, hikmətini qiymətləndirir, sözü hər şeydən ağır hesab edir. Şair üçün söz, ən böyük enerji mənbəyidir. Onun təsir gücünü əvəz edə biləcək heç bir qüvvə yoxdur”. Məncə, çox dəqiq müşahidədi, Xanəli Kərimli yaradıcılığının mahiyyətini tam ifadə eləyir...
***
Xanəli Kərimlinin təxminən belə bir məzmunlu şeiri var: əgər taleyimi özüm yazsaydım, tamam başqa cür yazardım...
Nədənsə buna inana bilmirəm...
Mənə elə gəlir ki, taleyini – Alın Yazısını yazmaq ixtiyarı özündə olsaydı belə, Xanəli Kərimlinin başqa cür yazmağa əli gəlməzdi: taleyinə yenə Şahbuzun Mahmudoba kəndində zəhmətkeş bir ailədə dünyaya gəlməyi, uşaqlığın və yeniyetməliyin acılı-şirinli günlərindən keçib müstəqil həyat yoluna qədəm qoymağı, qəlbində Vətənə və Xalqa, İnsan və Təbiətə sevgini, haqsızlığa nifrəti yazardı...
Bir də mütləq Haqdan gələn SÖZə tapınardı...
Beləcə də gəlib 65 yaşına çatardı...
Xanəli Kərimlinin Alın Yazısı elə budu...
Nəriman Əbdülrəhmanlı
banner

Oxşar Xəbərlər