• cümə, 19 Aprel, 10:40
  • Baku Bakı 13°C

"Xalçaçılıq sənətini yaşat və təbliğ et" - Fotolar

13.12.16 18:14 2008
"Xalçaçılıq sənətini yaşat və təbliğ et" - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi Rayon Gənclər Evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin açılış mərasimi keçirilib.

Tədbiri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova giriş nitqi ilə açaraq qonaqları salamlayıb. O bildirib ki, Azərbaycan xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, hər bir xalqın tarixində onun mənəvi dünyasını, intellektini, estetik dünyagörüşünü, həyat tərzini ifadə edən mədəniyyət və incəsənət növləri mövcuddur. Mədəniyyət tutarı coğrafi tutarından qat-qat böyük olan Azərbaycan xalqının belə mədəni dəyərlərindən biri toxuculuq və xalça sənətidir. Natiq vurğulayıb ki, layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır.

Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihə prezident İlham Əliyevin 7 dekabr 2004-cü il tarixində imzaladığı "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Qanunun 6-cı maddəsində qeyd olunan "Azərbaycan xalça sənətinin təbliği " - bəndinə uyğun olaraq həyata keçirilir. Layihə çərçivəsində tədris planı təşkil edilib. Tədris planı 1 ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər şənbə günü mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcəklər.

Çıxışlardan sonra Azərbaycan xalça sənətindən bəhs edən video çarx nümayiş etdirilib. HəmçininAzərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova mədəni irsimiz olan "Xalçaçılıq sənətinin yaranma tarixi və inanclar” mövzusunda gənclərə ətraflı məlumat verib.

Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara əyani olaraq eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.


banner

Oxşar Xəbərlər