Wolfgang Spindler: “İndi jurnalist olmaq daha asandır” - Fotolar

Euronews-un Mədəniyyət
proqramlarının rəhbəri: Uzun hekayələri oxumağa indi
heç kimin hövsələsi yoxdur
Onunla ötən il Qəbələ X Beynəlxalq Musiqi Festivalında
tanış olmuşduq. Rəngli geyim tərzi, xoş aurası, səmimi söhbəti və fərqli
dünyagörüşə sahib biri kimi diqqətimi çəkmişdi. Bu dəfə isə 18-27 oktyabr
tarixlərində keçirilən Bakı Jazz festivalı üçün Bakıda idi. Çoxdandır görüşmək
üçün gün təyin edirdik və nəhayət, Xəzərin sahilində görüşdük. Müsahibimiz
dünyaca məşhur Euronews kanalının meneceri, eyni
zamanda kanalın Mədəniyyət proqramlarının rəhbəri Wolfgang Spindlerdir.Deyir ki, Azərbaycana hardasa 15-ci gəlişidir. İldə 3 dəfə - Azərbaycanda
önəmli mədəniyyət hadisələri olduqda gəlir. Bu il isə Qəbələ musiqi festivalı, Nəsimi
və Jazz festivallarında iştirak üçün Azərbaycana gəlib.
- Necədir bizim məmləkət?
- Çox gözəl. İnsanlar nəzakətlidir, illər ötdükcə ölkəniz, xüsusən də
Bakınız çox dəyişir. Hər dəfə bura gələndə daha təmiz bir şəhərlə qarşılaşıram.
Azərbaycan xanımları çox gözəldir. Yeməkləriniz xüsusi dada malikdir.
- Ən çox hansı yeməyi
bəyəndiniz?
- Azərbaycanda yemək çeşidləri çoxdur və bu səbəbdən də sizə ümumi
bir ad çəkə bilmirəm. Bu gün mən balıq yemişəm, çox ləzzətli və dadlı idi. Sizin
lülə kababınızın özünəməxsus dadı var. Mətbəxiniz ədviyyat çeşidləri ilə
zəngindir. Soyuq qəlyanaltılar, pomidor sousu, pendiriniz əladır. İlk gəlişimdə
mənim bəxtim gətirmişdi. Belə ki, yanımda Mədəniyyət Nazirliyindən bir nümayəndə
və sürücüm var idi. İlk axşam məni elit italyan restoranında qonaq etmək
istədilər. O zaman onlara etiraz etdim ki, yerli insanların getdiyi yerlərdə
olmaq istəyirəm. Sürücüyə dedim ki, sən bir bələdçi olaraq məni atanı, babanı aparacağın
restoranlara apar. Beləliklə, o məni bir çox restoranlara apardı. Hətta Bakının
kənarında, daha çox kasıbların yaşadığı bir yerə getdik. Səhər saat 5-də durub xaş
yedik. Xaş çox zəngin bir yeməkdir.

- Bir mədəniyyət jurnalisti
kimi, Azərbaycanın mədəniyyətini necə qiymətləndirirsiniz?
- Buna cavab vermək çətindir. Çünki mən həm bəstəkar və həm də menecer
kimi sərgilər keçirirəm. Ona görə də mənim üçün mədəniyyət, incəsənət, musiqi -
hamısı bir-birinə bağlıdır. Demək istəyirəm ki, bir tərəfdən müasir dövrün mədəniyyəti,
digər tərəfdən isə qədim köklərə malik olan muğam sənəti. Azərbaycanın hətta dövlət
olmadığı dövrlərə qədər gedib çıxan bir ənənəsi var. İmadəddin Nəsiminin
vaxtına qədər gedib çıxan köhnə ənənələrə sahibsiniz.
- Neçə ildir jurnalistikadasınız?
- Almaniyada anadan olmuşam. Siyasət elmləri üzrə magistraturanı bitirmişəm.
3 il teatrda aktyor işləmişəm...
- İki fərqli dünya - siyasət
və teatr.
- Bəli, iş, sənət, peşə, dünyaya baxış tərzi - hər şeyi fərqlidir.
Siyasətlə mədəniyyət iki ayrı qütb kimidir.
- Siyasətçinin teatra marağı
necə yarandı?
- Atam musiqiçi idi, akardion ifa
edirdi. Atamın ailəsinin səyyar teatrı vardı. Bir şəhərdən başqa bir şəhərə gedib
tamaşalar göstərirdilər. Onlar karavanda yaşayırdılar. Teatra olan marağım məhz
onlardan keçib.

- Jurnalist kimi nə vaxtdan
fəaliyyətə başlamısınız?
- Universitetdə oxuduğum illərdə işləyib, pul qazanmalı idim. Qismət
elə gətirdi ki, televiziyada işləməli oldum. O vaxtdan öz yolumu seçdim.
- Neçə il olar?
- Təxmini 35 ildir. 1992-ci ildə Euronews kanalının əsası qoyulanda, ora
müraciət etdim və işə qəbul olundum. Almaniyadan Fransanın Lion şəhərinə köçdüm,
hazırda da bu şəhərdə yaşayıram. Almaniyada televiziya sahəsində jurnalist olaraq
müxtəlif işlər görürdüm. 1994-cü ildə kino və mədəniyyət şöbəsi üçün məsul şəxs
seçildim. 1994-cü ildən bəri mədəniyyət xəbərləri proqramının direktoruyam.
- Euronews kanalında iş rejiminiz
necədir?
- Euronews böyük bir
kanaldır. Müxtəlif agentliklərdən və yazıçılardan daxil olan videoların üzərində
işləyirik. Digər tərəfdən də, müxtəlif ölkələrə səyahət edir, oradakı mədəni
hadisələri lentə alıram. Bundan başqa, kanalda olan işlərlə məşğul oluram.

- Euronews dünyada tanınmış
kanaldır. Kanalın məşhurluq qazanmasının sirri nədədir?
- Bizim əvvəl CNN xəbər kanalımız yaranmışdı. Sonradan Euronews kanalı meydana
gəldi. Biz eyni vaxtda beş dildə yayımlanırdıq. Hazırda isə 10 dildə yayımlanırıq.
Yəni, az qala, bütün dünyanı əhatə edirik. Digər tərəfdən, SSRİ dağıldıqdan sonra
keçmiş sovet ölkələri müstəqillik əldə etdilər və bu bizim üçün böyük bir
auditoriya idi. Həm də post-sovet ərazisində müasir media sistemi hələ
formalaşmamışdı.Ancaq bizim dünyaya qarşı daha obyektiv baxışlarımız var. Bizi fərqli
göstərən də budur. Biz bir çox dildə yayımlandığımıza görə, əhatə dairəmiz daha
geniş, zəngin və müxtəlifdir. Onu da qeyd edim ki, media və televiziya
sistemində bir çox "ilk”lər məhz bizə məxsusdur. Belə ki, indi hamının istifadə
etdiyi "şərhsiz” rubrikasını məhz Euronews kanalı icad edib. Bu bölümdə heç bir
şərh edilmir və sadəcə şəkillər danışır. Bu bir yenilik idi. Mən hətta bunu ixtira
edən insanı tanıyıram. İndi elə bir adam yoxdur ki, şərhsiz bölümündən xəbəri
olmasın.
- İstərdik, kanalın mədəniyyət
şöbəsindən danışasınız.
- Mən xəbər bülleteni, həm də jurnal üçün işləyirəm.
- Demək sizin həm də jurnalınız
var?
- Bəli. Həm jurnalist, həm də prodüserəm. Mən xəbər məzmununu seçirəm,
redaksiya, müsahibələr, şərh bölümünü ingilis dilində yazıram və bunu 10 nəfər işçiyə
tərcümə etdirirəm.
- Sizə görə, jurnalistin yaşı
önəmlidirmi?
- Bəli. Biz elə bir dövrdə yaşayırıq ki, hər şeyin daha ucuz başa gəlməsini
istəyirik. Gənc jurnalistlər daha ucuz başa gəlir. Yəni, cavan jurnalistləri daha
az pula işə cəlb etmək olur.
- Ancaq yaşlı jurnalistlərin
təcrübəsi daha çoxdur.
- Doğrudur. Birincisi, mənim vəzifəm çox məhduddur. Bu mənada, özümü bəxtəvər
hiss edirəm. Şirkətdə belə bir işi tutmaq üçün bəlkə də 5-6 yer var. 25-26 ildir
ki, bu vəzifədə çalışıram. Buna görə də bir çox insan indi mənə qibtə edir. Hər
iki ildən bir rəhbərimiz dəyişir. İstər baş redaktor olsun, istər proqram direktoru.
Jurnalist kimi özünü təsdiqləmək üçün bəzən hər şeyə sıfırdan başlayıb, özünü doğrultmalısan.
Yaş çox olanda, təcrübən daha çox olur və keyfiyyət barədə müəyyən fikirlərin formalaşır.
Amma keyfiyyətli ideyalar şirkətin axtarışında olduğu məsələlərlə uyğunlaşmaya bilər.
Çünki daha az pulun xərclənilməsi istənilir. Məsələn, mən bir çox işi özüm görürəm.
Misal üçün, redaktəni özüm edirəm. Kompyuterdə yenidən baxıram. Əvvəllər isə bu
işi studiyada səs monitoru vasitəsi ilə edirdik.

- İşlərin ucuz başa gəlməsi,
əslində daha yaxşı deyilmi?
- İşlərin ucuz başa gəlməsi kreativ olmaq üçün daha az vaxt deməkdir.
Kompyuterdə özüm səs yazanda tək oluram və kimsə buna qulaq asıb məsləhət verə bilmir.
Amma səs studiyasında isə bu barədə daha bilikli operator olur, müəyyən məsləhətlər
verir və nəticədə daha keyfiyyətli iş alınır. Ola bilsin ki, sən yaxşı bir jurnalistsən,
amma yaxşı bir redaktor deyilsən. Amma sən bu işin öhdəsindən tək gəlməli olursan.
Şirkət istəyir ki, iş daha ucuz başa gəlsin. Ona görə də hər hansı bir redaktorla
işləyə bilmirsən ki, sənə hansısa məsləhətləri versin. Bu gün bizim elə jurnalistilərimiz
var ki, çəkilişi öz telefonu vasitəsi ilə etməli olur. Jurnalist bir neçə işi
bir anda görmüş olur. Belə ki, müsahibə alır, şəkil çəkir, eyni zamanda düşünür.
Bu o deməkdir ki, görəcəyin iş çox sadə olmalıdır. Əks halda, özün hər şeyin öhdəsindən
eyni anda gələ bilməzsən. Çox vaxt işin keyfiyyətli alınması üçün çəkilişlərə kameraman
və operatorla gedirik.
- Müasir texnologiyaların yaratdığı
şəraitdə jurnalistlər redaksiyadan çıxmaq istəmirlər. Sizcə, texnologiyalar
jurnalistləri tənbəlləşdirirmi?
- Jurnalisti harasa ezam etmək pul tələb edir. Sizin də dediyiniz kimi,
müasir texnologiya ilə mən videomu bir saniyədə Azərbaycandan Fransaya göndərə bilirəm.
İndi jurnalist olmaq daha asandır. Hər kəs telefon vasitəsi ilə jurnalist ola
bilər. Problem burasındadır ki, sən yaxşı jurnalist olduğun halda, yaxşı
kameraman olmaya bilərsən. Beləliklə, öhdəsindən gəlmək üçün işi
sadələşdirirsən.
- Bəs, əvvəllər necə idi?
- Daha əhatəli və keyfiyyətli iş görmək üçün daha çox vaxtımız
olurdu. İndi isə heç nəyə vaxt yoxdur.
- Çox rəngli kostyumlar
geyinirsiniz. Bu sizin iç dünyamızla, yoxsa gördüyünüz işlərlə əlaqəlidir?
- Televiziya gözəlliyi, rəngarəngliyi sevir. Ona görə də vizual olaraq
fərqli bir şəkildə geyinəndə başqalarından seçilirsən. Və belə olduqda,
insanlar səni daha asanlıqla tanıyır. Bir çox insan mənim stilimi bəyənir. Oliver
Ston kimi məşhur insanlardan müsahibə götürəndə, onlar sənin geyiminə baxır.
- Sosial şəbəkələr yaranandan
məşhurlaşmaq çox asanlaşıb. Bunu necə dəyərləndirirsiniz?
- Doğrudur, indi məşhurlaşmaq çox asandır. Hər kəs bir neçə saniyə
ərzində bir ulduza çevrilə bilər. 1960-cı illərdə Andy Warhol adlı amerikalı bir
sənətkar demişdi ki, 15 dəqiqəlik də olsa, hər kəsin ulduz olmağa haqqı var və bu
gün də bu deyim özünü doğruldur. Sizə modanı izləyən insanlarmı maraqlıdır? Onlar
heç yazı da yazmır, sadəcə şəkil paylaşır. Bu sənin üçün bir əhəmiyyət kəsb edirmi?
Əgər siz "facebook”dan istifadə edirsinizsə, demək yaşlısınız.
- Niyə?
- Çünki "facebook”da siz hansısa bir yazını oxumalısınız. Amma instaqramda
bu belə deyil, sadəcə şəkillərə baxıb bəyənirsiniz, heç bu barədə düşünmürsünüz
belə.
- Yəni deyirsiniz ki,
"facebook” yaşlılar üçündür, çünki orada uzun yazılar, fikirlər, hisslər əks
olunur. Gənclər isə daha çox görüntünü sevir və bunun üçün "instagram”dan
istifadə edirlər?
- Düzdür, siz "facebook”da maraqlı nəsə yaratmaq istəyirsinizsə, bu çox
vaxt aparır. Yəni bunun üçün uzun bir hekayə yazmalısınız. İndi heç kimin
hövsələsi yoxdur ki, o uzun hekayəni oxusun.
- Musiqi, mədəniyyət
ardınca bütün dünyanı gəzirsiniz. Sizə görə, dünyanın ən gözəl yeri haradır?
- Dünyada ən yaxşı yer deyilən anlayış yoxdur. Məsələ sizin gözləntilərinizdir.
Əgər siz musiqini sevən bir ölkəyə getmək istəyirsnizsə, festivallara
qatılmalısınız. Çünki o festivallarda 10 minlərlə insan iştirak edir, bəzən də
100 mindən çox. Təkcə mənim fikrimi soruşursunuzsa, sakit bir yerə getmək istəyirəmsə,
onda dağlarda yerləşən evimə çəkilirəm. Orada internet və mobil telefon yoxdur.
Səssiz və sakit bir guşədə özümlə tək qalıram.
- Səfərlərdə heç sevginizi tapmısınızmı?
- Mənim sevginin axtarışında olmağa o qədər də vaxtım yoxdur. Əgər sevgini
tapsanız, o zaman diqqətdən yayınırsınız.
Xəyalə Rəis
