• cümə axşamı, 28 mart, 20:41
  • Baku Bakı 13°C

"Rusiyanın ciddi mətbuat orqanlarında səsimiz eşidilmir" - VHP sədri

08.04.21 17:00 817
"Rusiyanın ciddi mətbuat orqanlarında səsimiz eşidilmir" - VHP sədri
"44 günlük Vətən Müharibəsi Azərbaycan ordusunun parlaq qələbəsi ilə başa çatsa da Azərbaycan və Ermənistan arasında hələ sülh sazişi bağlanmayıb. Silahın gətirdiyi nəticə rəsmi sözlə və müqavilələrlə təstiqlənməyib. Hələ torpağımızın bir hissəsində erməni terrorçuları baş qaldırmağa fürsət gözləyir, Rusiya sülhməramlılarının arxasında gizlənib bizə barmaq silkələyirlər. Ermənistanın qarşıdakı seçkiləri Moskvada imzalanmış üçtərəfli razılaşmanın taleyinə necə təsir göstərəcək, bilmirik".
Kaspi.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
O qeyd edib ki, torpaq itkisinin ağır, mənəvi, psixoloji, hərbi sarsıntılarından qurtarandan sonra indi də azad edilmiş yurdlarımızda erməni vəhşiliklərindən "yadigar” qalmış viranəliklərin dözülməz ağrılarını yaşayır, ordakı şəhər və kəndlərmizin tezliklə bərpa edilməsinin qayğısını çəkirik. Deputatın sözlərinə görə, bu ağrı və qayğılar millətin qələbə ilə başlanan yüksək qürur və iftixarını zədələyə bilməyib:
"Məni narahat edən məsələ bu qələbə ovqatı içərisində ən vacib vəzifələrimizə, görülməsi zəruri olan işlərimizə yenə də laqeyd yanşmaq təhlükəsidir. Ermənistan Qarabağda məğlub olsa da yalançı təbliğat və əsassız böhtan meydanlarında özünü yenə xaçpərəst dünyasının ərköyün övladı kimi aparmaqdadır. Eçmiədzin və İravandan başlanan çirkab selləri yenə ölkədən-ölkəyə axır, yenə dünyanın gözünün qarşısında baş vermiş və Azərbaycanın haqlı olduğunu sübut etmiş savaşın ədalətli yekununa şübhəli yanaşmalar qəzetdən-qəzetə adlayır; ermıəni lobbisi və diasporunun güclü olduğu ölkələrdə ermənipərəst siyasilərin canfəşanlığı davam edir. Rusiyada erməni və yarıermənilərin dəyirmi masalarında Azərbaycana kinlə dolu çıxışlar uc-uca calanır. Diz çökdürülmüş erməni ordusunun dirçəldilməsi və Ermənistana yardım göstərilməsi üçün yollar axtarılır, Moskvanın siyasətdən uzaq qəzetlərindən belə imkan düşdükcə Azərbaycanın bostanına daşlar atılır".
VHP sədri vurğulayıb ki,Rusiyanın ciddi mətbuat orqanlarında səsimiz eşidilmir:"Bəs biz nə edirik? Doğrusu ölkədən kənarda yaşayan milyonlarla soydaşımızın belə bir idioloji, mənəvi, psixoloji savaşda fəallıq göstərə bilməməsi adama ağır gəlir. Bu biganəliyin təsdiqi olaraq Moskva mətbuatına nəzər yetirmək olar. Bizim diasporanın fəal nümayəndələri daha çox yazışmaların ana dilində olduğu "whatsapp" qruplarında və saytlarda görünürlər. Onda da yazıların bir hissəsi savadsız, köhnə kiril əlifbası ilə, yarı rus, yarı Azərbaycan leksikonu ilə yazılır və xırda qeybətdən o yana keçmir. Rusiyanın ciddi mətbuat orqanlarında səsimiz eşidilmir. Professor Kamran Rüstəmovun sosial mediadakı yazılarından başqa erməni yalanlarını peşəkarlıqla ifşa edən, onlarla açıq, ciddi və elmi dəlillərlə danışan ikinci müəllif görmürəm".
Millət vəkili söyləyib ki, dünyada genişlənən informasiya savaşında erməniləırin qarşısına ordumuz səviyyəsində informasiya əsgərləri çıxarmalıyıq:"Burda bir haşiyəyə ehtiyyac duyulur. Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır; onların bir hissəsi Rusiya vətəndaşıdır. Bakıda 10 minlərlə gəncimiz zor-xoş rus məktəblərində oxuyub. Rus dilini mükəmməl bilməkləriylə öyünənlərimizin sayı- hesabı yoxdur. Deyək ki, Moskva televiyalarına çıxmaq çətindir. Bəs sosial mediada niyə bunlar az görünürlər. Bunun səbəbi barədə dəfələrlə danışmışıq. Rus dilini, ingilis dilini nə qədər mükəmməl bilirsənsə bil, öz tarixini, mədəniyyətini bilmədən, xalqın ruhunu içində yaşatmadan, savaşın tarixi və mahiyyətini dərk etmədən bu dil bilgiləri sənə yardım edə bilməz. Təəssüf ki, Azərbaycanda rus dilli məktəblərin yetirmələri məhs bu cəhətdən sıxıntı çəkirlər. Bunu inkar etmək mümkün deyildir. Dünyada genişlənən informasiya savaşında erməniləırin qarşısına ordumuz səviyyəsində informasiya əsgərləri çıxarmalıyıq. Bu cür qabilliyətli insanlarımız dünyanın harasında yaşayırlar-yaşasınlar axtarılıb tapılmalı və bu böyük vətəndaşlıq işinə cəlb edilməlidirlər. Bu gün mövcud olan jurnalist təşkilatlarının heç biri bu işin öhdəsindən gələ bilməz".
S.Rüstəmxanlının sözlərinə görə, informasiya müharibəsinə uduzmamaqdan ötrü ölkənin Ali Baş Komandanının müharibə dövründəki informasiya savaşının ruhunu davam etdirən xüsusi bir sistem və ya qrup yaradılmalıdır:"Bu, Prezidentin yanında, daha doğrusu prezident aparatı nəzdində yaradılsa, vahid mərkəzdən idarə edilsə, hazırlanan materiallar dünyanın əsas dillərinə çevrilərək beynəlxalq aləmdə yayılsa müsbət nəticələr verəcəyinə şübhəmiz yoxdur. Yaranan qrumun adını Qarabağ İnformasiya Mərkəzi də qoymaq olar. Diaspor Komitəsinin işi düzgün qurulsa bu sahədəki boşluğu doldurmaqda yardımçı ola bilər.İnformasiya savaşında Azərbaycanın ədalətli mövqeyini dünyaya çatdırmağın və erməni fikir quldurluğunun, informasiya terrorunun qarşısını almağın başqa daha müasir və imkanlı yolu da var. O da Azərbaycanın ən güclü müstəqil informasiya agentliklərinin (iqtidaryönlü və ya müxalifətyönlü olmalarını nəzərə almadan) dəstəkləyərək, onların fəaliyyətinə şərarit yaradaraq, bu mübarizəyə qoşulmalarını təmin etmək, onlara dəstək vermək və bu işi əlaqələndirməkdir".
Alpər TURAN
banner

Oxşar Xəbərlər