• çərşənbə, 16 Oktyabr, 03:05
  • Baku Bakı 16°C

Uğurun açarı tənbəlliyə qalib gəlməkdir – Uğur hekayəsi

18.03.14 09:35 7722
Uğurun açarı tənbəlliyə qalib gəlməkdir – Uğur hekayəsi
“Həddindən artıq sadə olmaq insanların müsbət mənada diqqətini çəkir”
Rubrikamızın budəfəki qonağı Türkiyənin Orta Doğu Texnik Universitetində magistratura, Yaponiyanın Osaka Universitetində Beynəlxalq İctimai Siyasət üzrə fəlsəfə doktoru dərəcəsini alan, Azərbaycan-Yaponiya Dostluq Dərnəyinin təsisçisi, bir neçə il sözügedən ölkədə bələdiyyə sistemində və universitetdə çalışan Rəhman Şahhüseynlidir. Həmsöhbətimiz hazırda ADA universitetində gənc beynəlxalq proqramlar rəhbəri kimi fəaliyyət göstərir. Azərbaycanla Yaponiyanın əlaqələrini intensivləşdirmyi qarşısına məqsəd qoyub.
- Rəhman bəy, həmyerlilərimizin əksəriyyətindən fərqli olaraq Avropa və Amerikanı deyil, təhsil almaq üçün Yaponiyanı seçmisiniz. Niyə məhz Yaponiya?
- Mən Yaponiyaya getməzdən əvvəl Türkiyədə Orta Doğu Texnik Universitetində (ODTU) magistratura pilləsində təhsil alırdım. O, universitet mənim həyatımda bir tramplin rolunu oynadı. Çünki, orada mühit həddindən artıq gözəl idi. Sanki bütün bacarıqlı, dəyərli, ağıllı insanlar seçilib universitetə gəlmişdilər. Belə gənclərlə eyni mühitdə olmaq mənə çox təsir etdi. Türklərdə “inəkləmək” deyə bir kəlimə var. Yəni həddindən artıq oxumaq. OTDU-da «oxu zalı»nda kitab oxumaq üçün 20 sm yer tapmaq mümkün deyildi. Çünki hər kəs oxuyurdu. Hətta gecə də gənclər oxu stolunda yatırdılar. Hər kəs bir-birilə rəqabət aparırdı. Orada tələbələrin əksəriyyəti Amerikaya və Avropaya gedirdilər. O zaman mən bir nəfər yaponla tanış olmuşdum. Onun mədəniyyəti, ünsiyyəti mənə çox təsir etmişdi və qərara gəldim ki mütləq Yaponiyaya getməliyəm. OTDU-da oxuya-oxuya bir aylıq Yaponiyaya getdim. Bu ölkəyə sözün əsl mənasında vuruldum. İnsanların pozitiv enerjilərinə, mənə göstərdikləri qayğıya valeh oldum və qərara gəldim ki, təhsilimin geridə qalan hissəsini bu ölkədə davam edim. 1999-cu ildə Azərbaycan Asiya İnkişaf Bankının üzvü oldu və 2000-ci ildə Yaponiyaya getmək üçün ərizə verdim. 2001-ci ildə təqaüd qazandım. Hətta o vaxtlar mən Yaponiya ilə yanaşı, həm də Amerikadan təqaüd qazanmışdım. Seçimə gələndə düşünmədən Yaponiyanı seçdim. Çünki, buradakı dəyərlər sistemi məni özünə cəlb etmişdi.
- Azərbaycan gənci ilə yapon gənci arasında hansı fərqləri gördünüz?
- Yapon gənci daim öyrənməyə can atır. Biz gözləyirik ki, bizə kimsə öyrətsin. Cəmiyyətdən, ailədən aldıqları tərbiyə, ümumi dəyərlər sistemi yapon gəncini buna vadar edir. Yaponiyada hər kəsin məşğuliyyəti var. Yəni evdə ayağını ayağının üzərinə aşırıb serial izləyən gənc demək olar ki, yox dərəcəsindədir. Orada uşaqları erkən yaşlarından məntiq, psixoloji və mənəvi cəhətdən sərbəst böyüdürlər. Yapon gəncləri daim yaradıcılıqla məşğul olurlar. Onların o qədər məşğuliyyət növləri var ki, insanlar bunların içərisində özlərini yetişdirə-yetişdirə böyüyürlər. Hətta orta məktəbi yarımçıq bitirən uşaqlar belə işləyib rahatlıqla pul qazanırlar. Bu zaman yaponlar övladlarına zəhmətin nə olduğunu başa salırlar. Mənim çox yaxın ailə dostum var idi. Özü böyük bir şirkətin vitse-prezidenti idi. Amma oğlu həftədə 3 gün 4-5 saat benzin doldurma stansiyasında işləyirdi. Yaponiyaya yeni getdiyimdən dedim ki, “yazıq deyilmi oğlun işləyir”. O, bunu başa düşməmişdi. Bu ölkədə fərqli xüsusiyyət ondan ibarətdir ki, valideynlərin nə qədər imkanı olsa da, uşağa alın təri ilə pul qazanmağı öyrədirlər. Azərbaycanda isə bu proseslərin tam əksi baş verir.
- Azərbaycan Yaponiya Dostluq Cəmiyyətinə də rəhbərlik etmisiniz. Sözügedən cəmiyyətin rəhbəri kimi hansı işlər görmüsünüz?
- 2002-ci ildə mən bu cəmiyyəti təsis etmişəm. Cəmiyyət sırf Yaponiyada Azərbaycanı təbliğ etmək məqsədi daşıyırdı. Yaponların Azərbaycan haqqında məlumatları yox idi. O vaxtlar Azərbaycan deyəndə bəziləri Amerika, bəziləri isə Afrikanı təsəvvür edirdilər. Mən də univerisitet illərində ölkəmi necə tanıda biləcəyim haqqında düşünürdüm. Gördüm ki, fərdi şəkildə nəsə etmək mümkün deyil. Cəmiyyət təşkil etmək qərarına gəldim və insanları bu cəmiyyətin ətrafında toplamağa başladım. Çox gözəl nəticələri oldu. Məktəblərdə, universitetlərdə xeyli sayda təqdimat mərasimləri, ictimai yerlərdə tədbirlər keçirdik. Xocalı soyqırımı ilə bağlı böyük bir kompaniya təşkil etmişdik. 1500-ə yaxın imza topladıq və bunu baş nazirə, parlamentə göndərdik. Məqsəd sadəcə Azərbaycanı tanıtmaq deyildi. Eyni zamanda Azərbaycan-Yaponiya əlaqələrinin də inkişaf etməsini istəyirdik. İstəyimizə qismən də olsa çatdıq.
- Sevdiyiniz bu ölkədən Azərbaycana gəlməyə necə qərar verdiniz?
- 2007-ci ildə doktorantura təhsilimi bitirdikdən sonra Azərbaycana gəldim. O vaxt ADA tam formalaşmamışdı. Bir müddət sonra Yaponiya universitetlərindən təklif aldım və yenidən ora qayıtdım. Fikirləşdim ki, Yaponiyada gedib bir az da universitetdə təcrübə qazanıb ADA-da tətbiq etsəm, daha yaxşı olar. Düşünürəm ki, özümü daha yaxşı yetişdirmək və ölkəmizə daha faydalı olmaq üçün doğru seçim etdim. İkinci tərəfdən, 5 il ADA-dan uzaq düşdüm. 5 il ərzində buranın formalaşmasında iştirak edə bilməməyim mənim itkimdir. Amma Yaponiyada təcrübə toplayıb ölkəmizə gətirməyim isə düşünürəm, qazancımdır. Yaponiyada həm universitetdə, həm də bələdiyyədə işləyirdim. ADA açıldıqdan sonra bura mənim üçün daha perspektivli görünməyə başladı. Ümumiyyətlə, mən hər zaman Azərbaycan carçısı olmuşam, yaşadığım hər ölkədə ölkəmi tanıtmağa çalışmışam. İçimdəki vətən sevgisi Marsda da yaşasaydım, məni əvvəl-axır ölkəmə gətirəcəkdi. Bunun üçün peşman da deyiləm. Çünki, artıq əldə etdiklərimin ölkəmdə tətbiq etməyin zamanı gəlib.
- Gənc yaşınızda uğurlu karyera qurmusunuz. Bunun sirri nədir?
- Məncə, uğurlu karyera qurmaq istəyən insan tənbəllik hissindən uzaqlaşmalı, çalışqan olmalıdır. Çünki, insanın uğurlarına mane olan ilk keyfiyyət tənbəllikdir. Hər kəs rahat həyat və çalışmamaq istəyir. Mühüm olan bu hissə qalib gəlməkdir. Uğurun ikinci sirri hesab edirəm ki, başlamaqdır. Heç nədən qorxmadan, çəkinmədən başlamaq. Çünki, hər hansısa işə başlasan, mən inanıram ki, gerisi gəlir. İnsanın karyerasının qarşısını kəsən ikinci önəmli faktor isə qürurdur. Hesab edirəm ki, qürur insan xarakterləri içində ən zərərlisidir. Çünki, bu hiss insanı hər zaman geriyə atır. Bəziləri fikirləşir ki, qürur müsbət keyfiyyətdir. Amma mən tam əksini düşünürəm. Əgər bir insan qürurunu qıra bilərsə, istər işində, istər ailəsində, istərsə də ətrafında hər zaman uğur qazanar. Uğur pillələrində irəliləmək üçün insana lazım olan digər keyfiyyət sadəlikdir. Həddindən artıq sadə olmaq insanların müsbət mənada diqqətini çəkir. Mən inanıram ki, karyera qurmaq istəyən hər bir gəncdə bu xüsusiyyətləri özünə tətbiq edə bilsə, kifayət qədər uğur qazanar.
- Sizcə, uğurlu karyeraya başlamaq üçün ən ideal yaş hansıdır? Ümumiyyətlə, karyera qurmağın yaşı varmı?
- Bəli. Ən ideal vaxt məncə, 3 günlükdür (gülür – A.Ə.) Yəni insan 3 günlüyündən sonra normal vərdişlərə, düzgün həyat tərzinə öyrədilir. Düzdür, bu insanın özündən asılı deyil. Onu buna ilk olaraq ailəsi, daha sonra ətrafındakı insanlar, cəmiyyət hazırlayır. Kamil insan özünü ən erkən çağlarından hazırlamalıdır. Özünü dərk edən kimi hansısa sahəyə yönlənməli, ətrafındakı insanlardan müsbət mənada fərqlənməyi bacarmalıdır. Xarici ölkələrdə bir-birini sevməyi, bir birinə hörmət etməyi, paylaşmağı uşaqlara erkən yaşlarından öyrədirlər. Onlar adi oyuncağı uşağa alanda deyirlər ki, bu, sənin deyil, əslində dostlarınındır, amma sən də oynaya bilərsən. Ona görə də uşaqlar körpə vaxtından digərlərini də fikirləşməyə başlayırlar. Beləliklə, bir-birini sevən, gözəl cəmiyyət formalaşır. Uşaq yaşlarında oyuncaq vasitəsilə təlqin edilən tərbiyə, daha sonra ətrafdakılarla sağlam rəqabətə çevrilir. Belə cəmiyyətlərdə insanın inkişaf etməsi, özünə yer tapması da rahat olur. Bundan sonra onlar bəlli bacarıqlara yiyələnirlər. Uğurlu karyera qurmaq üçün bacarıq, dünyagörüşü və biliklər qazanmaq lazımdır. Bunun üçün də təbii olaraq, insana vaxt lazımdır. Bu vaxtı isə hər bir gənc düzgün dəyərləndirməlidir.
- Yapon dilini ölkəmizdə barmaqla sayılacaq qədər insanlar bilir. Mükəmməl səviyyədə bildiyiniz bu dili Azərbaycanda tətbiq edə bilirsinizmi?
- Azərbaycanda yapon dilinə tələbat yoxdur. Yaponiya Azərbaycan arasındakı əlaqələrin intensivliyi hələ o səviyyədə deyil ki, bu dildən burada intensiv istifadə edə bilim. Lakin Yaponiyadakı dəyərləri, keyfiyyətləri ölkəmizdə təbliğ etməyi sevirəm. Bundan əlavə, hazırda ADA-nın Yaponiyadakı universitetlərlə əlaqələrini qururam. Eyni zamanda, Yaponiyadan ölkəmizə tələbələrin, müəllimlərin gəlməsi və ya buradan sözügedən ölkəyə göndəriləsi işlərini tənzimləyirəm. Yaponiya ilə Azərbaycan arasındakı əlaqələri genişləndirməyin yollarını axtarıram. Yaponların belə bir fəlsəfəsi var: “Əgər kimsə bir işi görərsə, yapon fikirləşir ki, mən ondan da yaxşı görə bilərəm. Biri bir şeyi bacarmırsa, yapon deyir ki, onu mən etməliyəm”. Mən də fikirləşirəm ki, Azərbaycanla Yaponiyanın əlaqələrini intensivləşdirməliyəm.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər