• cümə axşamı, 28 mart, 20:28
  • Baku Bakı 13°C

Ustad dərsləri niyə keçirilmir?

12.06.17 13:10 3940
Ustad dərsləri niyə keçirilmir?
Musiqiçilərin, rəssamların, İT mütəxəssislərinin, idmançıların və s. sahələrin ustad dərsləri keçməklə məşhurlaşan insanları var. Ədəbiyyat aləmində isə ustad dərslərinin keçirilməsinə nadir hallarda rast gəlinir. Yazıçı və şairlərin, dramaturq və tənqidçilərin ustad dərsləri keçməsinə ehtiyacın olub-olmamağı ilə bağlı apardığımız "Müzakirə”də birmənalı olmayan fikirlərlə qarşılaşdıq.
"Gərək tələbat ola...”
Bizdə ustad dərslərinin keçirildiyini deyən yazıçı Firuz Mustafa bir neçə dəfə Teatr Xadimləri İttifaqı və AYB-nin təşəbbüsü ilə bu cür dərslər deməyə dəvət edildiyini bildirdi. Ustad dərslərinin kütləvi ola bilməyəcəyini deyən yazıçı bu fikri ustadların kütləvi olmaması ilə izah edir: "Gərək ustad dərslərinə tələbat ola ki, dərslər də populyar, davamlı ola. İndiki gənclərin mütləq əksəriyyəti bisavaddır. Bisavadlarsa ustada ehtiyac hiss etmirlər, elə ən böyük "ustad” özlərini hesab edirlər. Həyatın bütün sahələrində olduğu kimi, ədəbi aləmdə də bir "tələb-təklif” qanunu olmalıdır və çox güman ki, belə bir qanun mövcuddur da. Amma nə edəsən ki, hər kəs öz dövrünün övladıdır. İndiki ədəbi nəsil heç bir zəhmət çəkmədən, zəif mütaliə ilə şöhrət və mənsəb sahibi olmaq istəyir. Nəticədə fundamental əsərlər əvəzinə "eksklüziv” əsərlər, "montaj” ədəbiyyat meydana gəlir”. Yazıçı hesab edir ki, ustad dərslərinə mənəvi ehtiyac olmalıdır: "Amma bu gün mənəvi tələbatı, maddi tələbat üstələməkdədir”.
Ehtiyac var
Bizdə yazıçıların ustad dərsləri ənənəsinin olmadığını deyən tənqidçi Əsəd Cahangir Azərbaycan ədəbiyyatında sonuncu ustad-şagird münasibətlərinin Seyid Əzim Şirvani ilə Mirzə Ələkbər Sabir arasında olduğunu söyləyir. Belə ki, XX əsr sovet ideologiyası min illərdən gələn bu ənənəyə son qoyub: "Kommunist ideologiyası keçmişlə - klassik musiqi, klassik ədəbiyyat və klassik düşüncə ilə əlaqəni tamamilə qırmaq istəyib. Çünki o, özünü yeni dünyanın başlanğıcı elan edirdi. Məhz buna görə də ustad ənənələri kəsildi. Bizi tamamilə yeni - sovet ənənəsi məcrasına saldılar. Biz artıq orada öz ədəbiyyatımızın ustadları ilə deyil, yeni yaradılan kommunist ideologiyası ustadları ilə dialoqa girməli idik. Təxminən 30-40 il belə davam etdi. 60-cı illərdə bizim ədəbiyyatımız yenidən ustadlara dönməyə başladı. Ancaq canlı ustadlara yox, onların mətnlərinə – Füzulinin, Nəsiminin mətninə döndülər. Tutaq ki, İsa Muğannanın Nəsimi, Nizami haqqındakı ssenarisi məhz o ustadlara qayıdış idi”. Rusiyada M.Qorki adına Ədəbiyyat İnstitutunda məşhur yazıçı və şairlərin dərs keçdiklərini deyən Ə.Cahangir, bizim bir sıra şair və yazıçılarımızın da həmin institutda yetişdiklərini xatırlayır. Belə ki, Xalq yazıçısı Anar, xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, Məmməd Araz, Cabir Novruz həmin mühitdə formalaşıblar: "Biz indi müstəqil ölkəyik və bu yöndə müstəqil institutumuz olmalı və orada ustadlar dərs keçməlidirlər. Bir müddət Slavyan Universitetində ustad dərsləri eksperimentləri keçirildi və bir neçə il davam etdi. Təəssüf ki, sonra həmin dərslər bağlandı. Ancaq həmin kurslar bir müddət də müəyyən ədəbiyyatçı gənclərin yetişməsinə səbəb oldu. Tələbələr özləri də inkar etmirlər ki, ustad dərslərinin onların yetişməsində önəmli yeri olub. Həmin dərslərəelementar səviyyədə gəlib, fikir yürütməyi bacaran, yaradıcılıqlarında sıçrayış edən gənclər kimi oranı tərk ediblər”. Ə.Cahangir daha sonra Yazıçılar Birliyi tərəfindən də ustad dərslərinin keçirilməsi ilə bağlı addımlar atıldığını qeyd etdi: "Birlik tərəfindən Ədiblər məktəbi yaradıldı və bir neçə buraxılışı oldu. Bir müddət Mirzə Fətəli Axundov adına Milli Kitabxanada, Yazıçılar Birliyinin «Natəvan» klubunda müəyyən yazıçı və şairlərlə görüşlər keçirildi. Ancaq bu ustad dərsləri olmaqdan daha çox, tanınmış qələm adamları ilə görüşlər idi”. Tənqidçinin fikrincə, ustad mühazirələrinin dinlənilməsi mümkün olan təsisata ehtiyac var. Yəni müəyyən yaşa və təcrübəyə malik, üzdə olan şairlər, yazıçılar, dramaturqlar, tənqidçilər orada öz təcrübələrini gənclərlə bölüşməlidirlər: "Məsələn, bizdə dramaturq problemi var. Yaş etibarı ilə sonuncu dramaturqumuz Əli Əmirlinin 60-dan çox yaşı var. O, artıq ədəbiyyatda öz sözünü deyib. İndi də yazır və yazacaq. Əli Əmirli 20-dən çox pyes müəllifidir, əsərləri dünya teatrlarının səhnələrində oynanılır. Həmçinin beynəlxalq festivallarda qızıl medallar alıb. Ancaq yeni bir nəsil də gəlməlidir. Nə üçün Əli Əmirli özünün dramaturji istedadını, məsələnin texniki tərəflərini cavan yazıçılarla bölüşməsin? Nə üçün Anar, Elçin, Afaq Məsud, Mövlud Süleymanlı, İlqar Fəhmi öz təcrübələrini bölüşməsinlər? Onlar savad və yaradıcılıq laboratoriyası baxımından gənclərə böyük fayda verə, onlarda həvəs yarada bilərlər”. Məsələnin mənəvi-psixoloji tərəfinin də olduğunu deyən Ə.Cahangir hesab edir ki, cavan yazarlar ustadlardan yaradıcılığın çətin yolunda səbatlı, dözümlü olmağı öyrənə bilərlər: "Yaradıcılıq çətin yoldur. Bu yolun əzabına dözməyib onu yarıda tərk edənlər də olur. Ancaq gənclər eyni çətinliyi keçən və yolun başına çatan insanları görüb, ədəbiyyatı sevəbilərlər. Onlar öz qarşısında canlı nümunə görüncə, bu, onlar üçün stimul olar. Bu baxımdan, ustad dərslərinə böyük ehtiyac var”. Tənqidçinin fikrincə, ya Slavyan Universitetində, ya da Bakı Dövlət Universitetinin və ya Pedaqoji Universitetin filologiya fakültələrində belə ustad dərsləri təşkil oluna bilər: "Bu, gənc ədəbiyyatçıların gələcək inkişafına mühüm töhfələr verə bilər».
Müzakirə prosesində keçməli
Ustad dərslərinin keçirilməsini vacib hesab edən «Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs hesab edir ki, müəyyən yaşdan və təcrübədən sonra yazarlar gənclərə ustad dərsləri keçə bilərlər. Belə ki, bu dil, istedad və fəhm məsələsidir: "Misralar arasında əlaqəni necə qurmaq olar», «Açıq və ya qapalı heca nədir», «Süjeti necə qurmaq lazımdır», «Cümlədə sözlərin sırası necə olmalıdır», «Epiloq və ya proloq nədir» və s. nüansları öyrədə bilərlər. Dərs keçən yazıçı və ya şair filoloji fakültədə keçirilən dərsləri öz yaradıcılığından çıxış edərək, nümunə kimi təqdim edə bilər: «Məsələn, deyə bilər ki, "Bundan əvvəlki romanım bitmişdi, amma orada bir boş yer saxlamışdım. Sonra fikirləşdim ki, içimdə bir boşluq qalıb. Onu bu hekayəyə gətirdim. Və yaxud filan əsərimdəki obrazı başqa yerə daşımışam”. Həmçinin ustad dərsləri gənclərə yaxşı əhvalatla hekayənin fərqini anlatmaqdır: "Son dövrlər yaxşı əhvalatlar qələmə alınır. Ancaq onlar hekayə deyil. Hekayə ustalıqdır. Yazıçı gənclərə öyrətməlidir ki, heç bir yazıçı indiyə qədər həyat materialına qalib gələ bilməyib. Diqqətlə baxsaq, həyatın özündə ədəbiyyatda olandan daha çox material olur. Ədəbiyyatın heç vaxt tükənə, sona çata bilməyəcəyi qədər materialları var. Sadəcə, biz onu görməliyik”. Q.Ağsəsinfikrincə, hər bir yazıçı konkret örnəklərlə öz keçdiyi yaradıcılıq yolundan dərslər keçə bilər: "Amma bu dərslər çox vaxt aparmamalı, diskussiya şəklində olmalıdır. Yazıçı gənclərin də danışmasına imkan verməlidir, dərslər müzakirələr prosesində keçməlidir. Hər yazıçıya bir neçə dərs keçməsinə imkan verilməlidir. Çünki 3-4 dərsdən sonra onlar təkrarçılığa başlayırlar. Onda da dərslər gözdən düşür”.
"Dərnəklər ən gözəl mayak ola bilər”
"İllər öncə "Poeziya” adlı Koreya filmini izləmişdim. Yaşlı qadın şeir yazmağı öyrənmək üçün ədəbi dərnəklərin birinə gəlir. Orada ona müşahidə etməyi, günə bir bənd şeir yazmağı, daha çox təbiəti, ətrafı izləməyi tövsiyə edirlər. Film boyunca paralel olaraq qadının şəxsi həyatı, nəvəsi ilə bağlı problemlər də işıqlanır”. Fikrini əsaslandırmaq üçün vaxtilə seyr etdiyi filmi xatırlayan yazar Günel Eyvazlının fikrincə, ədəbi dərnəklər, ustad məşğələləri bir çox dünya ölkələrində mövcuddur: "Kimsə düşünə bilər ki, yazıçılıq, poetik qabiliyyət insanda elə doğuluşdan mövcud olmalıdır, yəni yazıçılıq elm deyil ki, onu öyrədəsən. Bu cür düşünənlərlə bəzi məqamlarda razıyam. Bəli, bu, insanın mənəvi toxluğundan, fərqli baxış bucağından doğan qabiliyyətdir. Amma bir gerçəklik də vardır ki, fəhm, ilham, vəhy deyib də, əlinə qələm alıb sicilləmə şeirlər yazan şəxslərin sayı dayanmadan artır. Əlbəttə, xalqımızda mövcud olan bu qabiliyyət həyat tərzimizdən dolayı yaranmışdı. Eşitdiyimiz muğam havaları, şənliklərdə ifa olunan musiqilər, tədris zamanı öyrəndiklərimiz bu qabiliyyəti bizlərdə inkişaf etdirmiş, özümüzü "şair xalq” adlandırmamıza səbəb olmuşdur”. Son dövrlərdə tərəzinin poeziya qolu üzərində olduqca ağır yükləmələr olduğunu müşahidə etdiyini deyən yazarın fikrincə, struktur baxımından yaradılan monoton poeziya nümunələri sənətin estetikasına xələl gətirir: "Kimsə kimisə oxuyur. Birininbacarığı var, yazıb, digəri eynilə onun tərzini davam etdirir. Yaxşı, söyləyək ki, təsirlənmə həmişə, bütün dövrlərdə mövcud olub. Amma zamanla şəxs öz yaradıcılıq istiqamətini tapmalıdır. Əlinə qələm alan insan yaxşı yazıçı, şair adına tarix yaddaşında qalmaq istəyirsə, öz üslubunu, tərzini formalaşdırmalıdır. Şəxsin ruhu ilk abzasdan duyulmalıdır. Öz adıma söyləyim ki, son vaxtlar ədəbiyyatda ilham, hal-əhval adına yaranan şeirləri oxuya bilmirəm. Dinlədikdə belə, ətim ürpənir. Hətta bu yaxınlarda bir tədbirdə iştirak etdim. Etikam məclisi yarımçıq tərk etməyə imkan vermədi. Boğazdan yuxarı, kökü olmayan, yüngül, mənasız qafiyə ahəngindən ibarət şeirlər məndə ikrah hissi yaratdı. Hətta, "yetər”, "bəsdir” deməyim gəldi. Məncə bunun bir dayanma nöqtəsi olmalıdır”. Yazar akademik bilgiyə, ədəbi dərnəklərə, ustad dərslərinə böyük ehtiyac olduğunu deyir: "Bu tip dərnəklərdə istiqamət verilə, oxunması vacib kitab siyahısı tövsiyə oluna bilər. Savadlı insanların dünya görüşündən doğan mühazirələr bir çox insanın baxış bucağını rəngləyə bilər”. Bu tip dərnəklərin iştirakçısı olduğunu deyən G.Eyvazlı, "Yaradıclıq fakültəsi”ndə təhsil aldığını deyir: "Fakültənin yetəri sayda məzunu olsa da, az sayda qələm adamı (2-3 nəfər) fərqlənməyi bacarıb. Mənə elə gəlir ki, digərləri sadəcə, qələmi yerə qoyub ədəbiyyat səhnəsindən uzaqlaşmalıdırlar. Ən azından, ədəbi iddialarından imtina etməlidirlər. Yəni bu tip dərnəklər istiqamət versə də, çox şey şəxsin özündən asılıdır. İnsan, xüsusilə yazar həmişə, hər an oxumalı, mütaliə etməli, tədqiqatçıya çevrilməli, öz üzərində işləməyi bacarmalıdır. Hər şeyi istedadın, fəhmin üzərinə atmaq olmaz. İstedad elmlə qidalanmalıdır. Bu yolda isə ustad dərsləri, dərnəklər ən gözəl mayak ola bilər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər