• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

“Uşaqların bağçalara cəlb edilməsində dövlət və cəmiyyət qarşılıqlı olaraq maraqlıdır”

03.10.22 10:30 1681
“Uşaqların bağçalara cəlb edilməsində dövlət və cəmiyyət qarşılıqlı olaraq maraqlıdır”

“Yeni tədris ilinin başlanması bir çox valideynlər üçün həm də uşaq bağçası problemini aktuallaşdırıb. Çünki dövlət bağçalarında, xüsusən də nisbətən təmirli, normal şərtləri olan bağçalara uşaq yazdırmaq ciddi problemə çevrilib. Özəllərdə isə qiymət bahadır. Ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin və uşaq bağçalarının sayının artırılması olduqca mühüm məsələdir. İlk olaraq onu qeyd etməliyik ki, bu, əhalinin tələbatından irəli gəlir”.

Bu fikirləri kaspi.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirdi ki, hazırda ölkədə 1825 məktəbəqədər təhsil müəssisəsi və uşaq bağçası var. Onlardan 1692-i dövlətə məxsusdur: “Dövlət uşaq bağçaları bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. Bu, kifayət qədər az rəqəmdir. Bununla yanaşı, ölkəmizdə 133 özəl bağça fəaliyyət göstərir. Orada 5124 uşaq var. Bu say məktəbəqədər təhsil müəssisələrinə getməli olan uşaqların hamısını tam əhatə etmir. 1825 uşaq baxçasında ümumi plan yeri 126 mindir. Bu da bağça yaşlı uşaqların yalnız 25 faizdən bir qədər çoxunu əhatə edir. Bakıda 350-yə yaxın məktəbəqədər təhsil müəssisəsi var”.

Tamam Cəfərovq qeyd etdi ki, hər bir ölkədə məktəbəqədər təhsil müəsisələri təhsilin ən mühüm səviyyəsi, hətta özəyidir. Bu baxımdan təhsilin keyfiyyətinin artırılmasında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçalarının) böyük rolu var: “Azərbaycanda son illər bu sahədə ciddi uğurlar əldə olunub. Əhatəliliyin artırılması istiqamətində mühüm işlər görülüb. Azərbaycanın daxili imkanları genişləndikcə, sosial sahələrə də diqqət artırılır. Təhsil ocaqlarının, uşaq bağçalarının yenidən qurulması, təmiri və inşası istiqamətində də davamlı olaraq işlər görülür. 2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb. Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə ayırılması nəzərdə tutulub”.

T.Cəfərovanın sözlərinə görə, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılıb: “Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması başlıca prinsiplərindədir. Uşaq bağçalarının da yenidən qurulmasına müasir dövrümüzdə ehtiyac duyulduğundan, bu sahədə işlər sürətlənib. Ölkə əhalisinin say artımı bu tələbatı daha da artırmış oldu. Uşaqların gələcək inkişafının, demək olar ki, ilkin təməli, məhz uşaq bağçalarında olduğundan, bu müəssisələrə dövlətin diqqəti xüsusidir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi, bunun əyani təsdiqidir. Uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də, mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına, dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfə verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi, firavanlığı, sülh və əmin-amanlığın müdafiəsinə töhfələrini verir”.

Millət vəkili xatırlatdı ki, uşaq bağçaları 2011-ci ilin dekabrına qədər Təhsil Nazirliyinin tabeçiliyində olub. Bu tarixdən isə Nazirliyin tabeliyindən alınaraq İcra hakimiyyətlərinin tabeliyinə verilib. 10 il sonra ölkə başçısı yenidən uşaq bağçalarını Təhsil Nazirliyinə qaytardı. T.Cəfərovanın sözlərinə görə, təhsildə varislik prinsipi ilə uşaq bağçalarının Təhsil Nazirliyinin balansına verilməsi vacib idi: “2021-ci ilin dekabrında Prezident İlham Əliyevin dövlət uşaq bağçalarının yerli icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə imzaladığı sərəncam, sözügedən müəssisələrdə təlim-tərbiyə və məktəblərə hazırlıq prosesinin lazımi səviyyədə təşkil olunmasına şərait yaratmışdır. Təhsildə varislik və fasiləsizlik prinsiplərini nəzərə alaraq, uşaq bağçalarının sayının artırılması və fəaliyyətinin möhkəmləndirilməsi gələcək nəsillərin tərbiyə olunmasında olduqca mühüm məsələdir”.

Millət vəkilinin sözlərinə görə, bağçalarda təlim-tərbiyə işinin yüksək səviyyədə təşkil olunmasında və uşaqların bağçalara cəlb edilməsində dövlət və cəmiyyət qarşılıqlı olaraq maraqlıdır: “Çünki bağçalar bir neçə problemi həll edir. İlk növbədə bu, uşaqların təhsilidir. İkincisi isə, qadınların işləməsinə, cəmiyyətin daha fəal üzvlərinə çevrilməsinə şərait yaradır. Bağça çox olduqca, bu, iqtisadiyyatın inkişafına təsir edir. Sadəcə olaraq, bu, dayanıqlı sistemlə artmalıdır. Uşaq bağçalarının sayının artırılması Azərbaycan təhsilinin dayanıqlı inkişafı, gələcək nəsillərin tərbiyə olunması və qadınların cəmiyyətin fəal üzvünə çevrilməsi nöqteyi-nəzərindən olduqca mühüm əhəmiyyət kəsb edir”.

Özəl bağçalara toxunan millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan qanunvericliyində özəl müəssisələrdə qiymətlər liberal şəkildə, bazar tərəfindən müəyyənləşdirilir və dövlətin bu qiymət siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur: “Ancaq eyni zamanda, qanunvericilik imkan verir ki, yalnız istehlak bazarında deyil, xidmətlər sektorunda da təklif edilən qiymətlər süni olduğu halda, müvafiq icra hakimiyyətləri həmin qiymətlərin aşağı salınması üçün iş apara bilərlər. Bunun üçün həmin orqanlar tərəfindən müəssisələrə xəbərdarlıqlar edilə, cərimələr tətbiq oluna, müəssisələrin lisenziyaları geri alına bilər”.

Bu istiqamətdə bizneslərə hər hansı dövlət dəstəyi göstərilməsi üsulu ilə orta qiymətlərə bağçalar qurulmasına şərait yaratmaq məsələsinə də toxunan Tamam Cəfərova xatırlatdı ki, Milli Məclis tərəfindən 2013-cü ilin dekabrın 27-də qəbul edilmiş "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanun əsasında adı sadalanan təhsil müəssisələri 2014-cü ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş xüsusi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad olunublar: “Gözlənilirdi ki, vergilərdən azad olunma həmin müəssisələrin xərclərinin azalmasına, özəl məktəbəqədər təhsil sektorunun genişləndirilməsinə, bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmağa, dövlət məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin maddi-texniki bazasının gücləndirilməsinə imkan yaradacaq və bu da öz növbəsində özəl müəssisələrin təqdim etdiyi xidmətlərin qiymətlərininin azalmasına gətirib çıxarmalıdır. Amma gözləntilər özünü doğrultmadı. Amma düşünürəm ki, bu sahədə fəaliyyət göstərən sahibkarlara vergi və kommunal xidmətlərin ödənişlərində güzəştləri verilməli, amma xüsusi qaydada müvafiq qurumlar tərəfindən nəzarət edilməlidir ki, qiymətlər süni qaldırılmasın”.

Tamam Cəfərova məlumat üçün onu da bildirdi ki, Azərbaycanda 2017-ci ildən uşaq bağçalarının olmadığı, məhdud təhsil imkanları olan ərazilərdə məktəbəqədər təhsil mərkəzləri açılmışdır. “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində 55 şəhər və rayonda fəaliyyət göstərən 850 icma əsaslı məktəbəqədər təhsil qrupunda 16 041 nəfər  3-4  yaşlı uşaq bu qruplardakı məktəbəqədər məşğələlərdən faydalanırlar. Qonşu ölkələrdə bələdiyyə bağçalarının (məktəbəqədər təhsil müəssisələrinin) olmasını vurğulayan millət vəkili qeyd etdi ki, Azərbaycanda bələdiyyələr güclənəndə bu təcrübədən istifadə edə bilərlər.

 

 

 

banner

Oxşar Xəbərlər