• cümə axşamı, 28 mart, 16:13
  • Baku Bakı 16°C

UNESCO-nun baş direktoru gəncəliləri təbrik edib

03.07.13 16:05 1521
UNESCO-nun baş direktoru gəncəliləri təbrik edib
Son iki ildə tarixi və əlamətdar günlərin sevincini yaşamış Gəncə sakinləri daha bir əzəmətli tarixi hadisənin şahidi olublar. UNESCO-nun baş direktoru İrina Bokova gənclilərə yaşadıqları şəhərin 4 min illiyi münasibətilə təbrik ünvanlayıb.
Bu barədə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iclas salonunda keçirilən ümumşəhər toplantısında ətraflı məlumat verilib və UNESCO-nun baş direktorunun gəncəlilərə göndərdiyi təbrik məktubunun mətni oxunub. Məktubda qeyd edilib ki, qədim İpək yolunun qovşağında yerləşən Gəncə şəhəri bu yolboyu mövcud olan ticarət və mədəni əlaqələrin qurulmasında böyük rol oynayıb. Gəncə uzun müddətdir UNESCO-nun ideyası olan dialoq və qarşılıqlı anlaşmanın əsasında duran bilik, elm və müxtəlif insanların tolerantlığının qovşağı kimi tanınır. Bu ruha malik Gəncə tarixin bütün dövrlərində filosofların, şairlərin, alimlərin məkanı olub. Təsadüfi deyildir ki, məhz Nizami Gəncəvi və Məhsəti Gəncəvi burada yaşayıb və yaradıblar. Məktubda həmçinin Gəncə şəhərinin 4 min illik yubiley tədbirlərinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının himayəsi və rəhbərliyi ilə reallaşdırıldığı diqqətə çatdırılaraq, bu yaxınlarda Bakıda təqdimatının da keçiriləcəyi vurğulanıb.
Məktubun mətni gurultulu alqışlarla qarşılanıb və Gəncənin əsl yaşının dəqiqləşdirildiyi üçün toplantı iştirakçılarının sevincinə səbəb olub. AMEA-nın Gəncə Bölməsinin direktoru Fuad Əliyev, Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev, tədqiqatçı-alim Tofiq Xəlil, professor Həsənbala Sadıqov, dosent Pərvin Kərimzadə və başqaları çıxış edərək Gəncənin əsl yaşının dəqiqləşdirilməsində xidmətləri olan ölkə başçısı İlham Əliyevə və milli dəyərlərimizin qoruyucusu, Heydər Əliyv Fondunun prezidenti Mehriban Əliyevaya, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıqlarını bildiriblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev toplantıda çıxış edərək gəncəliləri təbrik edib, şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, tarixi abidələrin bərpasından, İmamzadə dini tarixi kompleksində aparılan son tamamlama işlərindən danışıb. Gəncə və gəncəlilərə göstərdiyi böyük qayğıya və dəstəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya şəhər sakinləri adından minnətdarlığını bildirib.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər