• çərşənbə axşamı, 23 aprel, 21:00
  • Baku Bakı 20°C

Uğurlu yol düzgün idarəetmədən keçir - FOTOLAR

31.12.22 00:00 1146
Uğurlu yol düzgün idarəetmədən keçir - FOTOLAR

Beynəlxalq standartları öz idarəetmə sisteminə tətbiq edən yerli media şirkətləri zamanla və qloballaşan dünya ilə ayaqlaşmağa çalışır, fəaliyyətlərini günün tələbləri səviyyəsinə çatdırırlar. Bu işin önündə gedən media subyektlərindən biri də “Global Media Group” MMC-dir.

Azərbaycanda medianın inkişafına və fəaliyyətinin təkmilləşməsinə böyük önəm verilir. Bu istiqamətdə həyata keçirilən müxtəlif tədbirlər nəticəsində ölkə mediası tamamilə yeni dövrə qədəm qoyur. Beynəlxalq standartları öz idarəetmə sisteminə tətbiq edən yerli media şirkətləri zamanla və qloballaşan dünya ilə ayaqlaşmağa çalışır, fəaliyyətlərini günün tələbləri səviyyəsinə çatdırırlar. Bu işin önündə gedən media subyektlərindən biri də “Global Media Group” MMC-dir. Bu günlərdə “Global Media Group”un tərkibində olan “Report” İnformasiya Agentliyi, “Oxu.az” xəbər saytı, “Global Management” MMC autsorsinq, “Baku TV” yayım portalı “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma şirkəti tərəfindən ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülüblər.

Bu sertifikatların təqdim olunması məqsədi ilə təşkil edilən mərasimdə “Global Assurance” şirkətinin Keyfiyyət təminatı və keyfiyyətə zəmanət departamentinin direktoru Günel Qureyşi bildirib ki, sözügedən 4 şirkətin inteqrasiya olunmuş menecment sistemlərinin sertifikat almasında təmsil etdiyi qurumun böyük rolu olub. Onun sözlərinə görə, ilin əvvəlindən “Global Media Group” rəhbərliyinin qərarı ilə 4 şirkətdə IMS standartları tətbiq edilib: “IMS standartları dedikdə ISO-9001, ISO-14001 və ISO-45001 nəzərdə tutulur. Bunlar idarəetmənin keyfiyyəti, ətraf mühitin qorunması və əməyin mühafizəsidir. Bu üç amil hər bir şirkətin düzgün fəaliyyət göstərməsi üçün başlıca şərtlərdəndir. “Global Media Group” rəhbərliyi tərəfindən qərar qəbul olunduqdan sonra “Global Management” tərəfindən araşdırmaya başlanıldı. Bəlli oldu ki, Azərbaycanda kifayət qədər standartlaşdırma şirkətləri var. Bu sahədə bir brend olaraq tanındığı üçün “TÜV Austria” beynəlxalq standartlaşdırma şirkəti seçildi, birlikdə uzun bir yola çıxdıq”.

“Kifayət qədər maraqlı təcrübə yaşadıq”

Azərbaycanda bəzi şirkətlərin idarəetmə sistemlərinin ISO-9001 sertifikatı aldığını diqqətə çatdıran G.Qureyşi vurğulayıb ki, indiyə qədər media sahəsində bu sertifikata layiq görülən şirkətlər olmayıb: “Bu, həm bizim üçün, həm də “TÜV Austria” şirkəti üçün yeni bir səhifə və təcrübə idi. İndiyə qədər hər hansı media qurumuna belə bir sertifikat verilməyib. Bu baxımdan kifayət qədər maraqlı və bir ilkə imza atılan təcrübə yaşadıq. Əvvəlcə “TÜV Austria” şirkətinin əməkdaşları ilə yaxından tanış olduq, onların köməkliyi ilə sertifikat üçün tələb olunan standartların tətbiqinə başladıq. ISO - məhsulların və proseslərin təhlükəsiz, səmərəli və davamlı olmasını təmin etmək üçün müxtəlif sahələrdə standartların hazırlanmasında dünya lideridir. Dünyanın 160-dan çox ölkəsindən olan 1 milyondan çox şirkətdə bu beynəlxalq standartların tələbləri rəhbər tutulur, tətbiq olunur. Yerindən asılı olmayaraq, tətbiq olunan ISO sertifikatları, şərtləri eynidir. Bu o deməkdir ki, Azərbaycandan nə qədər çox şirkət bu sertifikatları əldə etsə, ölkəmiz bir o qədər çox beynəlxalq standartları tətbiq etmiş olur”.

31 ölkədə fəaliyyət göstərən 150 yaşlı şirkət

“TÜV Austria Azerbaijan”ın direktoru Ülkər Quliyeva bildirib ki, şirkət dünyanın 31 ölkəsində fəaliyyət göstərir, 150 yaşı var. O, təmsil etdiyi şirkətin Azərbaycanda 5 ildir fəaliyyət göstərməsinə baxmayaraq, artıq geniş müştəri bazasına sahib olduqlarını dilə gətirib. Qeyd edib ki, “Report” İnformasiya Agentliyi, “Oxu.Az” xəbər saytı, “Global Management” MMC və “Baku TV” şirkətləri media sahəsində “TÜV Austria”nın ilk müştəriləridir: “Bizim üçün bu, maraqlı təcrübə oldu. İlk dəfə idi media şirkətləri ilə əlaqə saxlayır, audit həyata keçirirdik. Media şirkətlərinin beynəlxalq standartları öz idarəetmə sisteminə tətbiq etməklə, onu daha yüksək səviyyəyə çatdırmaq istəməsi çox yaxşı haldır”.

“Global Media Group” media məkanına fərqli abı-hava gətirib”

Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizdə media qurumlarının ISO sertifikatına layiq görülməsini müsbət hadisə kimi dəyərləndirib. Qeyd edib ki, Azərbaycanda media qurumlarının biznes strukturuna çevrilməsi, beynəlxalq standartlara yaxınlaşması daim gündəmdə olub: “Sevindirici haldır ki, “Global Media Group” da bu istiqamətdə addım atıb. Şübhə etmirəm ki, bu, media qurumlarının gələcək fəaliyyətində keyfiyyət amilinin daha da artmasına təsir edəcək. “Global Media Group” Azərbaycanın media məkanına fərqli abı-hava, yeni nəfəs gətirib. Öz dinamikliyi ilə dəyişən dünyanın sürəti ilə ayaqlaşmağa çalışıb. Mən “Global Media Group”a daxil olan media qurumlarında çalışan bütün peşəkar jurnalistləri təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzulayıram. Ümid edirəm ki, bu 4 şirkətinin ardınca Azərbaycanın digər media qurumları da ISO sertifikatlarını əldə etməyə çalışacaqlar”.

“Bu, bizim üzərimizə əlavə məsuliyyət qoyur”

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev söyləyib ki, İSO sertifikatının alınması agentliyin beynəlxalq arenaya çıxışını asanlaşdıracaq. Onun sözlərinə görə, bu sertifikatın alınması “Report”un bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin həm də bir təsdiqidir: “Bu, bizim üzərimizə əlavə məsuliyyət qoyur. Amma inanıram ki, biz bunun öhdəsindən uğurla gələcəyik”.

“Baku TV”nin rəhbəri Ramin Cəfərov bildirib ki, belə bir uğurun əldə edilməsi kollektivə əlavə stimul verir. O, bundan sonra da informasiya keyfiyyətini artırmağa çalışacaqlarını vurğulayıb: “Baku TV” hər zaman televiziya məkanında öz üslubu ilə seçilib. Bundan sonra da siz daha maraqlı, fərqli “Baku TV” izəyəcəksiniz. Bizim komandamız peşəkarlardan ibarətdir və onların gücünə inanıram”.

“Global Management” MMC İdarə Heyətinin sədri Rövşən Nizamov deyib ki, sertifikatlaşdırma məsələsində şirkətin əsas məqsədi fəaliyyətdə keyfiyyətin yüksək dərəcədə olmasını göstərmək olub. Onun sözlərinə görə, uğurlu yol düzgün idarəetmədən keçir. R.Nizamov düzgün siyasətlə qarşıya qoyulan bütün məqsədlərə çata biləcəklərini söyləyib: “Portfelimizdə 35-ə yaxın yerli və xarici şirkət var. Əsas məqsədimiz müştəri məmnuniyyəti və görülən işin keyfiyyətinin maksimum dərəcədə yüksək olmasıdır. Biz buna dəyərli işçilərimizin vasitəsilə nail oluruq. Gələcəkdə yeni sertifikatların da əldə edilməsi üçün komanda şəklində əzmlə çalışacağıq”.

Oxu.Az-ın baş redaktoru Ülvi Səfərov da “Global Media Group” MMC-nin tərkibindəki 4 şirkətin ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarına layiq görülməsinin qürurverici hadisə olduğunu dilə gətirib.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər