• cümə axşamı, 28 mart, 17:27
  • Baku Bakı 16°C

Ucuz geyimlər xərçəng yaradır?

14.01.23 04:30 1785
Ucuz geyimlər xərçəng yaradır?

Əgər geyimin tikildiyi parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Bu cür parçalar soyuq havada yaxşı isitmir, isti havalarda isə bədənin “özünüsoyutma” mexanizminin işləməsinin qarşısını alır. 

Orqanizmimiz hər gün müxtəlif təhlükələrlə üzləşir. Burda ekologiya, qida və s. amillər var. Bəs geyim? Geyimimiz haqda heç düşünmüşükmü? Əksəriyyətimiz geyim seçəndə onun hansı parçadan tikildiyini yox, bədənimizə nəyin yaraşdığını əsas götürüb seçirik.

Amma nəzərə almaq lazımdır ki, dəri orqanizmin ən böyük orqanıdır. Biz ətraf mühitlə daha çox onun vasitəsilə təmasda oluruq. Dərimiz həm də geyimlərlə mütəmadi təmasda olur. Geyim tikilən parçalar çox müxtəlif olsa da, əsasən natural və qeyri-natural olmaqla iki yerə bölünür. Yaranışdan bu yana insan cəmi 4 növ təbii parça istehsal edib. Bunlar pambıq, kətan, ipək və yun parçalardır. Onlar bitki və heyvan mənşəlidir, deməli, təbiətin bir hissəsidir və analoji olaraq da insan orqanizminə bir ziyan verə bilməz. Yəni o cür parçalardan tikilən geyimlərdə bədən nəfəs alır. Amma son vaxtlar sintetik parçalar isə çoxdur. Polyester, viskoza, neylon, spandeks, laykra, elatsan və s. Bu cür parçalar soyuq havada bədəni yaxşı isitmir, isti havalarda isə bədənin “özünüsoyutma” mexanizminin işləməsinin qarşısını alır. Bəs geyim alanda ilk növbədə nəyə diqqət etməliyik?

“Əgər parça dövlət standartlarına uyğundursa...”

Dermatoloq Samirə Teymurova deyir ki, hər bir ölkənin parçalarla bağlı standartları var: “Əgər parça dövlət standartlarına uyğundursa, orqanizmə, dəriyə heç bir ziyanı yoxdur. Söhbət, əlbəttə ki, sağlam orqanizmdən gedir. Ən gözəl parça növləri pambıq, sintetikayla qarışıq parçalar (amma bir şərtlə ki, pambığın faizi çox olsun), ipək və kətan parçalar hesab edilir. Amma bu parçalardan tikilən geyimlər ucuz olmur. Hindistan, Çin istehsalı olan pambıq parçalar nisbətən ucuz ola bilər. Amma ipək həmişə bahadır. İpəkdən hazırlanan kəlağayı, köynək, don, kətandan kostyum da ucuz deyil. Adlarını sadaladığım parçalar sırf özündən də ibarət ola bilər, qarışıq da. Məsələn, viskoza, poliester, poliamid, akril və s. Amma parçada sintetikanın faizi nə qədər az olsa, bir  o qədər yaxşıdır. Dəri nəfəs almalıdır. O da ancaq təbii parçalarda mümkün olur. Sintetik məhsullarda bədən çox tərləyir. Bəzən bu cür tərləmələr pis qoxu verir”. 

“Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır” 

“Vacib şərtlərdən biri də geyimin harada istehsal olunmasıdır”, - deyir həkim: “Lap sintetik tərkibli də olsa, geyim əgər normal, brendi və məhsulu məlum fabrikdə tikilibsə, deməli, ən azından insan orqanizmi nəzərə alınıb və standartlara uyğundur. Yəni sağlam dəriyə bu cür şəraitdə tikilmiş geyimlərdən ziyan gəlməz. Amma gizlin, yeraltı, adı naməlum, bəzən də başqa firmanın etiketləri vurulan sexlərdə tikilən geyimlər, əlbəttə ki, şübhə doğurur. Onlar bədənə allergik reaksiya da verə, digər xoşagəlməz xəstəliklər də törədə bilərlər. Məsələn, kəlağayını götürsək, o özü həm təbii parçadan, yəni ipəkdən hazırlanır, rənglənməsində də təbii rənglərdən (qoz, nar, soğan qabığı, müxtəlif bitkilərin çiçəkləri, yarpaqları və s.) istifadə olunur. Bu cür məhsul, əlbəttə ki, baha da olsa, çox gözəl və təhlükəsizdir. Yeri gəlmişkən deyim ki, kəlağayının (ipəyin) çox gözəl xüsusiyyəti var. O, istidə sərin, soyuqda isti saxlayır. Ona görə nənələrimiz ipək parçadan geyimlər, həmçinin də baş örtükləri istifadə ediblər. Söhbət uşaqlardan gedirsə, xüsusən də, allergiyalı uşaqdırsa, onun bütün geyimləri, həmçinin də yataq dəsti mütləq pambıq parçadan olmalıdır. Süni xəz, krujeva və bəzəklər də reaksiya verə bilər. Ona görə də bu cür şeylər parçanın üstündə olmalı, birbaşa dəriyə toxunmamalıdır”. 

Dermatoloqun fikrincə, brendlərin məhsulları ilə ucuzlu məhsullar arasında yerlə-göy qədər fərq var: “Amma hər kəs bahalı olan brend malları da ala bilmir axı. Fikirlər var ki, ucuz parçalar dəridə müxtəlif xəstəliklər yaradır. Bu fikir öz təsdiqini tapmayıb. İllərlə insanlar yarmarkadan və elə ikinci əl dükanlarından geyimlər alır. Onların hamısı bəyəm xəstələnir? Yox, əlbəttə ki. Avropanın özündə də çox bahalı, orta və ucuz brendlər var”. 

Standartlara uyğun geyimlər

Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının İdarə Heyətinin üzvü, geyim idxalçısı Elxan Mərdanlı deyir ki, müştəri geyim alarkən bir çox məqamlara diqqət etməlidir: “Onlardan başlıcası geyimin brendidir. Hər bir brend ana ölkəsində olan standarta uyğun geyim istehsal edir. Paralel olaraq həmin geyimləri dünyanın tekstil sənayesi inkişaf etmiş ölkələrində istehsal etdirir. Yəni məhsul iki ölkənin standartlarına uyğun tikilir. Bu zaman təbii ki, insan sağlamlığı üçün dəqiq hesablanır. Məşhur İtaliya, İngiltərə brendləri var ki, Vyetnam, Hindistan, Banqladeş, Türkiyə, həmçinin də öz ölkələrində geyimlər istehsal etdirir. Deməli, o məhsullar həm öz, həm də istehsal etdiyi ölkələrin standartlarına cavab verir”. 

Geyimdə yarlıq yoxdursa...

Elxan bəy qeyd edir ki, geyimin içində brendin adı, hansı parçalardan hazırlandığı, hətta bəzən hansı fabrikdə istehsal olunduğu da qeyd olunmalıdır: “Brend istehsalçıları öz üzərinə məsuliyyət götürürlər və gigiyenik baxımdan keyfiyyətli məhsullar istehsal edirlər. Geyimdə yarlıq yoxdursa, o qeyri-müəyyən parçadan istehsal oluna, insanın sağlamlığına ziyan verə bilər. Azərbaycan Respublikasının müvafiq  qanunvericiliyinə görə ölkəyə idxal olunan mallar üçün xüsusi gigiyenik sertifikat tələb olunur. Məsələn, əgər idxal edilən uşaq geyimidirsə, məhsul ölkəyə gəlməmiş həmin məhsulun nümunəsi müvafiq quruma təqdim olunur, laboratoriyada analizdən keçir, bunun qarşılığında gigiyenik sertifikat alır”.

Xanım Aydın

banner

Oxşar Xəbərlər