• cümə axşamı, 25 aprel, 17:17
  • Baku Bakı 23°C

Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır

27.04.21 20:45 580
Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır
ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında "erməni soyqırımı” ifadəsini dilə gətirməsi illərdir rəsmi Bakının ən yüksək tribunalardan bəyan etdiyi bu həqiqəti bir daha təsdiqlədi - ikili standartlar fonunda maraqlar beynəlxalq hüququ üstələyir. Dünyanın nüfuzlu dövlətlərindən, ən əsası, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ABŞ-ın bu addımı dünyanın erməni sevgisinə bir daha işıq saldı. Tarixin saxtalaşdırılmasına dəstək vermək, bilərəkdən həqiqətləri inkar edib işğalçı, təcavüzkar, faşizm siyasəti həyata keçirən bir dövlətin yanında olmaq bir çox məqamların açıqlanmasına yardım edir. Bu addım tarixə müraciət edərək, ABŞ-ın Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kamboca və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirməsini ona xatırlatmağı bir tələbə çevirdi. Deməli, ABŞ Prezidentinin ermənilərə dəstək missiyasını yerinə yetirməsi ölkəsinin Ermənistanla siyasətlərində oxşar məqamların olmasının təsdiqidir. Amma Co Bayden belə bir bəyanatı səsləndirərkən unutmamalı idi ki, tarixi saxtalaşdırmaqla həqiqətləri ört-basdır etmək qeyri-mümkündür. 106 ilin yalanlarını həqiqət kimi qəbul edib, 30 il bundan öncə Xocalıda törədilən soyqırımına etinasız yanaşmaq, bunun ardınca 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə törədilən terror aktlarına göz yummaq dünya dövlətlərinin, beynəlxalq təşkilatların ədalət meyarını hansı mexanizm əsasında müəyyənləşdirdiklərini ortaya qoydu. 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov söyləyib.
M.Həsənov qeyd edib ki, 106 ildir dünyadan ədalətli yanaşma gözləyən qondarma "erməni soyqırımı” məsələsinə erməni yalanları fonundan dəyərləndirmə ABŞ-ın mövqeyinə inamsızlıq yaratmaqla yanaşı, Türkiyə ilə münasibətlərində də gərginlik yaradacaq. "Diqqətçəkən məqam odur ki, ABŞ-a bu saxtalaşdırmasına görə dəstək verən dövlətlərdən biri Fransadır. Fransa güclü erməni diasporuna malik ölkələrdən olmaqla yanaşı, erməni sevgisini hər addımda qabarıq şəkildə büruzə verir. O da məlumdur ki, Fransa qondarma "erməni soyqırımı”nı tanımaqla kifayətlənməyib, ölkə Senatı bu "soyqırımı” tanımayanlara qarşı cəzanın tətbiqi ilə bağlı qanun layihəsini də müzakirəyə çıxarmışdı. Fransa ilə Ermənistan soyqırımlar törətməkdə bir-birinə oxşardırlar. Fransa Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə milyonlarla dinc sakini məhv edib. Özünü "insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Ermənistan da son yüz ildə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla Fransaya çox bənzəyir. Görünür, onları birləşdirən ümumi dəyər məhz bu cəhətləridir”, - deyə deputat qeyd edib.
O bildirib ki, 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib. Qeyd edilib ki, bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar. Türkiyə XİN Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatına münasibətində bildirir ki, tarixi prosesləri mühakimə etmək üçün hüquqi, mənəvi səlahiyyəti olmayan ABŞ Prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.
"Bu gün Türkiyənin güclənən mövqeyi bəzi dövlətlər tərəfindən böyük qısqanclıqla qarşılanır”, - M.Həsənov diqqəti qondarma "erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa İttifaqına üzv qəbul olunmasına maneə törətmək üçün bir vasitə kimi bəhrələnmələrə yönəltdi. Amma həmin dövlətlər unudurlar ki, bu əsassız iddia Türkiyə kimi qüdrətli ölkəyə təsir vasitəsi ola bilməz. Bu fikir rəsmi Bakı tərəfindən də daim bəyan edilir ki, Türkiyə kimi güclü, demokratik dəyərlərə böyük hörmətlə yanaşan və bu prinsipləri yüksək səviyyədə qoruyan dövlətin Avropa İttifaqında təmsil olunması qurum üçün böyük şərəf olar.
Daim bir-birinin yanında olan Azərbaycan və Türkiyə birgə səyləri ilə bu yalana da son qoyacaq, tarixin saxtalaşdırılmasının mümkünsüzlüyünü, gec-tez həqiqətin yalan üzərində qələbə qazandığını dünyaya sübut edəcək.
"Azərbaycan bu məsələdə də Türkiyənin yanındadır. Co Baydenin bəyanatından sonra dövlətimizin başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bu qərarın yanlış olduğunu bildirərək, onu tarixi səhv adlandırması, Milli Məclisin sədri Sahibə Qafarovanın türkiyəli həmkarı ilə telefon danışığında Azərbaycanın Türkiyənin yanında olduğunu bildirməsi, Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən partiyaların bəyanatla çıxış edərək xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma "erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləmələri Azərbaycan ictimaiyyətinin birmənalı şəkildə mövqeyini ifadə edir. Atılan bu addımdan zərər görən təbii ki, ABŞ olacaq. 1992-ci ildə ermənilərin və erməni diasporunun təşəbbüsləri, ən əsası, yalanları nəticəsində ABŞ Konqresi Azərbaycana qarşı "Azadlığa Dəstək Aktı”na ədalətsiz "907-ci düzəliş”i qəbul etmişdir. Bu qərarın qəbulundan 9 il sonra ABŞ hökuməti onun ədalətsiz qərar olduğunu təsdiqlədi və fəaliyyətinin birillik dondurulması ilə bağlı qərar qəbul etdi. Baxmayaraq ki, qərarın birdəfəlik ləğvi hələ də həllini gözləyir, amma hər il onun yenidən təsdiqlənməsi həyata keçirilir, fəaliyyəti dondurulur. Qardaş Türkiyəyə qarşı da irəli sürülən "erməni soyqırımı” iddiasının əsassızlığının, siyasi məqsəd daşıdığının etiraf ediləcəyi zaman uzaqda deyil. ABŞ kimi güclərin saxta bəyanatları tarixi təhrif etmək, həqiqətləri ört-basdır etmək imkanında deyil. Bütün tarixi sənədlər təsdiqləyir ki, "erməni soyqırımı” ilə bağlı söylənilənlərin heç bir əsası yoxdur”, - deyə Malik Həsənov bildirib. (Azərtac)
banner

Oxşar Xəbərlər