Türkiyə hökumətinin biganəliyi mənfi nəticələr verə bilər
Türkiyə ilə Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyən
və sifariş yerinə yetirən qüvvələr
yenidən gündəmə gəlməyə çalışırlar. Bu qüvvələr xüsusən də qardaş saydığımız
ölkədə aktivləşiblər. Bu fitnəkarlar əvvəlcə işğal altında olan ərazilərimizə
qeyri-qanuni səfərlər təşkil etdilər, sonra isə ölkəmizə qarşı AŞ PA-nın bədnam
qətnaməsinin qəbulunda yardımçı oldular. Özü də Qarabağa səfər edən Türkiyə
vətəndaşları ermənilərə məxsus "Agos” qəzetində ölkəmizə qarşı hədyanlar
yağdırmaqdadırlar. İki ölkə arasındakı mövcud dostluq və qardaşlıq
münasibətlərinə zidd fəaliyyət nümayiş etdirən bu şəxslər istər dövlətlərarası
münasibətlərin, istərsə də Türkiyə-Azərbaycan qardaşlığının ruhuna uyğun
olmayan hərəkətlər etməkdədirlər.
Türkiyə hökumətinin bu xəyanətkarlara qarşı ciddi tədbir görməməsi Azərbaycan
ictimaiyyətində dərin təəssüf və narahatlıq hissi doğurmaqdadır. Ölkəmizdə
böyük əksəriyyət hesab edir ki, Türkiyə hökuməti ən qısa zamanda Azərbaycanın
dövlət sərhədini qanunsuz olaraq keçmiş vətəndaşları haqqında hüquqi prosedur
başlatmalı və beləliklə, gələcəkdə Qarabağa səfər etmək istəyən digər
vətəndaşlarını da belə qeyri-qanuni, ziyanlı addımlardan çəkindirməlidir. Əks
halda, bu cəzasızlığın yarada biləcəyi presedentlərdən yararlanmağa çalışan
bəzilərinin hərəkətləri Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salma
təhlükəsi yarada bilər.
Yeri gəlmişkən, AŞ PA-da Azərbaycanla bağlı aparılan müzakirələrdə Türkiyə
Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatları -
Dəniz Baykal, Gülsün Bilgəhan, İlhan Kəsicinin Azərbaycanın öhdəliklərinə dair
həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları
"Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı qərəzli hesabat üzrə
qətnamənin lehinə səs verməsi də Azərbaycan cəmiyyəti tərəfindən birmənalı
qarşılanmayıb. Türkiyə Böyük Millət Məclisində (TBMM) Rizə şəhərini təmsil edən
millət vəkili, AKP üzvü Hikmət Ayar
"Report”a açıqlamasında CHP-dən olan həmkarlarının belə bir addım atmasına
təəccüblənmədiyini bildirib. H.Ayar deyib ki, onlar Türkiyənin AŞPA-dakı
nüfuzuna xələl gətirməklə yanaşı, rəsmi Ankaranın tutduğu mövqeyə də qarşı
çıxıblar: "Azərbaycan bizim qardaş ölkəmizdir. Biz ətlə dırnaq kimiyik.
Azərbaycanın əleyhinə olan bir sənəd elə Türkiyəyə qarşı yönəlib. Bu millət
vəkillərinə münasibətimiz sərtdir. Onları Türkiyə Cümhuriyyətinin vətəndaşları
hesab etmirəm. Ona görə də bir daha düşünsünlər, çünki törətdikləri əməllər
vətəndaşlıq sərhədlərini aşmaqdadır”.
Parlamentdə Girəsun şəhərini təmsil edən millət vəkili, AKP üzvü Sabri Öztürk bildirib ki,
Türkiyə vətəndaşı olan siyasətçilərin AŞPA-da belə bir addım atması
qəbuledilməzdir: "Azərbaycanlılarla bizim soykökümüz eynidir və bizləri
bir-birimizə qan bağı, tarixi köklərimiz birləşdirir". S.Öztürk vurğulayıb
ki, Azərbaycan yaxşı və pis günündə hər zaman Türkiyənin yanında yer alıb: ""Bir
millət, iki dövlət”, deyirik, bundan böyük bağlılıq ola bilərmi? Biz də
həmçinin çətin günlərində Azərbaycanın yanında yer almışıq və bundan sonra da
belə olacaq”.
Öz növbəsində siyasi şərhçi
Qabil Hüseynli də hesab edir ki, rəsmi Ankaranın qeyd olunan məsələlərə
hüquqi qiymət verməməsi və sərt addımlar atmaması gələcəkdə də belə halların
yaşanmasına şərait yaradır. Onun sözlərinə görə, əgər məsələyə qarşı hökumət
sərt tədbirlər görsəydi, Türkiyə ictimaiyyətində də həmin şəxslərə qarşı ciddi
ictimai qınaq formalaşardı.
Ekspert hesab edir ki, indi sözdən əməli tədbirlərə keçməyin zamanıdır. Əks
təqdirdə, bu, başqaları üçün pis bir presedent ola bilər. Qabil Hüseynli
türkiyəli deputatların AŞPA-da Azərbaycan əleyhinə qəbul edilən qətnaməni
dəstəkləməsini biabırçı addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu
şəxslərin Azərbaycanın əleyhinə olan bir qətnaməyə səs verməsi heyrət doğurmaya
bilməzdi. Onun qənaətincə, Türkiyə hökumətinin biganəliyi səbəbindən iki ölkə
arasında soyuqluq yarana bilər.
Öz növbəsində politoloq Fikrət
Sadıqovdeyib ki, Dağlıq Qarabağa Azərbaycandan icazəsiz gedən Türkiyə
vətəndaşları ilə Dəniz Baykalın AŞPA-da Azərbaycanın əleyhinə səs verməsinin
bir-biri ilə əlaqəli olmasına əmin deyil. "Buna baxmayaraq, hər iki fakt bizim
üçün xoşagəlməz olaylardır. Eyni zamanda, hər iki addım Azərbaycanın
maraqlarına cavab vermir. Dəniz Baykalla bağlı bir neçə ehtimal var. Guya
deyilir ki, səsvermə zamanı texniki səhvlər baş verib. İnanmıram ki, o cür
siyasətçilər bu cür texniki səhv buraxsınlar”.
Kamran