• çərşənbə, 24 Aprel, 19:48
  • Baku Bakı 23°C

Turizmin inkişafında yeni mərhələ

21.10.17 12:30 4574
Turizmin inkişafında yeni mərhələ
Son zamanlar qeyri-neft sektoruna diqqət artıb. Xüsusilə də, turizmin inkişafına həm dövlət, həm də özəl sektorun marağı böyükdür. Və bu istiqamətdə ardıcıl olaraq addımlar atılır. Bu günlərdə "Azərbaycan Hava Yolları” (AZAL) QSC Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin üzvü olub.
Trend-in məlumatına görə, Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sektorunun inkişafı üçün tərəfdaşlıq qurub. Belə ki, Azərbaycanın mülki hava daşıyıcısı dünən AzTA İdarə Heyətinin üzvü olub. Sazişi "Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnisindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AzTA-nın sədri Nahid Bağırov imzalayıblar. Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir - indiyə kimi Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və hotellər daxil olub. AZAL assosiasiyaya üzv olmaqla yanaşı, AzTA-nın İdarə Heyətinin tərkibinə də daxil olub və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcək.
AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçılarının - turizm şirkətləri, hotellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, hotellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.
Aviaşirkətin Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin tərkibinə daxil olması və assosiasiyanın üzvü olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyulan məqsədlərdən birinə nail olmaq deməkdir.
Bundan sonra turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olacaq.
İki qurum arasında qurulan tərəfdaşlığın növbəti mərhələdə hansı effektləri verəcəyini və turizmə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
AZAL AzTA üçün ikinci nəfəsdir
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyir ki, turizmin inkişafını AZAL-sız təsəvvür etmək qeyri-mümkündür: "Turizmdə üç seqment var. Biri otellər, digəri turizm şirkətləri, o biri isə, sözsüz ki, aviasiyadır. Bu gün otel yerləşməni, turizm şirkəti cəlb olunmanı təmin edir. Amma əsas rol turisti gətirən nəqliyyat vasitəsindədir. Biz daim araşdırma aparırıq ki, hansı ölkənin turistlərində Azərbaycana maraq var. Və çalışırıq ki, həmin ölkələrdən rahat uçuşlar təşkil edək. Yəni heç kim indi tranzit uçuşlarla səyahət etmək istəmir. Turistlər daha rahat və əlçatan olan ölkələrə getməyə üstünlük verirlər. Və bu rahatlığı aviasiya şirkəti olmadan təmin etmək çətindir. Otellər, turizm şirkətləri və hava nəqliyyatı ölkədə turizmin vahid koordinasiyasını yaratdı. Bundan sonra idarə heyəti ilə mütəmadi görüşlərimiz olacaq. Həm otellər, həm də turizm və aviasiya şirkətləri ilə fikir mübadiləsi aparılacaq. Sözsüz ki, yeni istiqamətlər olacaq, otellərin və turizm şirkətlərinin məsləhətinə qulaq asılacaq. Hazırkı vəziyyətdə turizmin inkişafını AZAL-sız təsəvvür etmək mümkün deyil. Əgər gələcəkdən danışırıqsa, biz hamımız qüvvələrimizi birləşdirib ortaya bir iş qoymalıyıq. Yoxsa ki, ayrı-ayrı işləməklə yaxşı bir nəticə əldə etmək çətin olar və turizm kiçik addımlarla irəliləyər”.
Assosiasiyanın sədri deyir ki, çalışacağıq müştərilərə yeni istiqamətlər və sərfəli qiymətlər təklif edək: "Bizim əməkdaşlığımız yalnız gəlmə turizmə yox, eyni zamanda ölkədən gedənlərə də yararlı olacaq. İki qurumun birgə əməkdaşlığından çox şey asılıdır. Ümidvaram ki, bu tərəfdaşlığın müsbət nəticələri qısa bir müddətdə özünü göstərəcək. Çalışacağıq ki, AZAL-la bərabər yeni istiqamətlər və sərfəli qiymətlər təklif edək. Bu, dövlət və özəl strukturun unikal, səmərəli format olan birgə əməkdaşlığıdır. AZAL kimi bir qurumun Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinə üzv olması bizim üçün çox müsbət haldır. Hətta deyərdim ki, AzTA üçün ikinci nəfəsdir”.
Turpaketlər ucuzlaşa bilər
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov"Kaspi”yə açıqlamasında bildirdi ki, bu əməkdaşlıq turpaketlərin ucuzlaşmasına təsir edə bilər: "Azərbaycan Turizm Assosiasiyasının tərkibində otellər və turizm şirkətləri vardı. Üçüncü bir tərəf kimi aviaşirkətin qatılması turizm sektoruna öz töhfəsini verəcək. Xüsusilə də, daha ucuz qiymətə turpaketlərin təklif olunmasına müsbət təsir göstərəcək. Və belə ucuz turpaketlərin olması turizmin hərtərəfli inkişafına səbəb olacaq. Bu, həmçinin Azərbaycana turist axınına və turizmin müxtəlif sahələrinin inkişafına bir stimul verəcək. Hər iki qurumun bu işdə maraqlı olması və bu istiqamətdə müəyyən işlərin görülməsi ölkənin dünya miqyasında tanınmasına əhəmiyyətli təsir göstərəcək”.
Turizm bazarında dönüş nöqtəsi
Turizm üzrə ekspert Ruslan Quliyev qeyd edir ki, bu, turizm bazarında dönüş nöqtəsi ola bilər: "Bu məsələ turizmin inkişafında həlledici rol oynayacaq amillərdən biridir. Qurulan tərəfdaşlığı mərhələli şəkildə turizmin inkişafına yönəlmiş fəaliyyətlərin davamı kimi qiymətləndirmək olar. Azərbaycanın turizm imkanlarının təbliğatı zamanı gələn turistlərin daha rahat şəkildə uçuşlar etməsini təmin etmək baxımından müsbət addımdır. Dünyada belə təcrübələr zaman-zaman mövcud olub. AZAL-ın AzTA-nın İdarə Heyətinə üzv olması ondan xəbər verir ki, koordinasiyalı şəkildə ölkəyə gələcək turistlərin sayı artacaq. Bu, həmçinin turpaketlərin təqdim olunması zamanı qiymətlərə əsaslı təsir göstərəcək. Yəni turpaketlərin xarici bazarlarda təklifi zamanı onların rəqabət qabiliyyətini artıracaq. Bu çox müsbət addımdır və turizm bazarında dönüş nöqtəsi ola bilər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər