• cümə, 29 Mart, 14:48
  • Baku Bakı 14°C

Toyuq dönərinə qoyulan qadağa işləmir Araşdırma

04.07.13 10:55 3031
Toyuq dönərinə qoyulan qadağa işləmir Araşdırma
İnsanların, xüsusilə tələbələrin gündəlik qida rejimini cəld, ayaqüstü yeməklər təşkil edir. Mətbuatda “Fast Food” yeməklərinin orqanizmə ziyanları barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, insanlar buna məhəl qoymurlar. Ölkəmizdə “Fast Food” yeməkləri sırasında dönər doyumlu olduğu və ucuz başa gəldiyi üçün ön sırada tutur.
Toyuq dönəri qadağan edildi
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Fast food yeməklərindən toyuq dönərini daha təhlükəli hesab edərək ölkə dönərxanalarında onun satışını qadağan edib. Belə ki, Mərkəzin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev mətbuata açıqlamasında toyuq dönərini əhali üçün ciddi təhlükə mənbəyi olduğunu və dönərxanalara nəzarət istiqamətində bir çox işlər görülsə də, bunun yetərli olmadığını vurğulayıb: “Artıq bir neçə ildir ki, toyuq dönərinin satışının qadağan edilməsinə baxmayaraq, hələ də bir çox dönərxanalarda toyuq dönəri satılır. Biz toyuq dönəri satışı ilə bağlı obyektin fəaliyyətini dayandırırıq. Sahibi də oranı təmir etdirir, bir müddət sonra obyekt yenə fəaliyyətə başlayır, yenə də toyuq dönəri satır. Ziyanlı olmasına baxmayaraq, əhali toyuq dönərinə meyllənir. Bu ilin ikinci yarısında biz bu məsələni yenə də diqqət mərkəzində saxlayacağıq”.
Kiçik bir araşdırma aparmaq üçün şəhərdə fəaliyyət göstərən bir neçə dönərxanaya baş çəkdik. Məlum oldu ki, dönərxana sahibkarları toyuq dönərinin ziyanlı olması fikri ilə razılaşmırlar və qadağan olunmasına baxmayaraq, toyuq dönərinin satışı davam etdirilir.
“Ət dönərinin mənşəyi bəlli deyil”
Bakının “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən “Seraton kafe”-də toyuq dönəri satılır və mağazanın administratorunun sözlərinə görə, insanlar ət dönərindən çox toyuq dönərinə üstünlük verirlər: “İnsanlar toyuq dönərini daha çox sevirlər və alırlar. Çünki, ən azından haradan gəldiyi, mənşəyi hər kəsə məlumdur. Uzun müddətdir bu dönəri satmağımıza baxmayaraq, alıcılarımız tərəfindən mağazamıza heç bir şikayət olunmayıb. Bundan əlavə, toyuqlar dönər üçün bud formasında xaricdən gətirilir. Əgər bunlar insan orqanizminə ziyanlıdırlarsa nəyə görə xaricdən gətirilməsinə icazə verilir?”. Həmsöhbətimiz sonda vurğuladı ki, istər toyuq dönəri, istərsə də ət dönəri antisanitariya və gigiyena qaydalarına əməl olunaraq hazırlanırsa, heç bir təhlükə yaratmaz.
“İnsanlar toyuq dönərini sevirlər”
“Böyük Fırat Lahmacun”-da çalışan satıcı da toyuq dönərinin daha çox tələb edildiyini bildirdi: “Biz artıq toyuq dönərini satmırıq, amma camaat ət dönərinin təmizliyinə, nə əti olduğuna güvənmədiyi üçün toyuq dönəri istəyirlər”.
Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən dönərxanada isə saat 1-də getməyimizə baxmayaraq, artıq toyuq dönəri qurtarmışdı, ət dönəri isə hələ qalırdı.
Maraqlıdır, nə üçün məhz toyuq dönərinin satışı qadağan edilir? Toyuq dönərinin mənşəyi bilinməyən ət dönərlərindən fərqi nədir?
“Toyuq əti infeksiyalaşmağa meyillidir”
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev qəzetimizə açıqlamasında bildirdi ki, toyuq dönərinin satışına, 2006-ci ildən qadağa qoyulub: “ Toyuq dönərinin satışına ilk dəfə “quş qripi”-nin yayılması təhlükəsilə əlaqədar olaraq, rəsmi qadağa qoyulmuşdu. Bundan əlavə, keçən il yay aylarında bu dönər növündən kütləvi zəhərlənmələr olduğu üçün həmin qadağa hələ də qüvvədədir”. Toyuq dönərinin fəsadlarına gəlincə isə, İ.Abdullayevin bildirdi ki, toyuğun dərisi üzdə olduğu üçün mikrob yığır və toyuq əti mal ətindən fərqli olaraq daha çox infeksiyalaşmağa meyillidir: “Ümumiyyətlə, dönərin hazırlanması üçün istifadə edilən ətdə finnoz (qurd xəstəliyi) varsa, onu yeyən insanlarda da finnoz yarana bilər. Dönər hazırlanarkən ət düzgün emal olunmadığı üçün ətdə olan mikroorqanizmlər məhv olmaq əvəzinə artır. Toyuq əti isə bu mikroblara qarşı daha həssasdır. Bu da insan orqanizmində müəyyən xəstəliklərin yaranmasına səbəb olur”. Səhiyyə Nazirliyinin rəsmisi sonda vurğuladı ki, toyuq əti satılan dönərxanalara 200 manat məbləğində cərimə edilməsinə baxmayaraq, toyuq dönəri hələ də satılmaqda davam edir. Bu səbəbdən cərimələrin məbləğinin qaldırılmasına ehtiyac var.
“Nazirlik nüfuzdan düşür”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə toyuq dönərinin qadağan edilməsi ilə bağlı atılan addımı səhv addım kimi qiymətləndirdi və bildirdi ki, nazirlik öz imicini qorumaq üçün bu qadağanı aradan qaldırmalıdır: “Bu məsələ ilə bağlı Səhiyyə Naziri Oqtay Şirəliyevə məktub yazmışam ki, fikirdən daşısınlar. Çünki, bizim təşkilat dönər satışı ilə bağlı monitorinqlər apardı və məlum oldu ki, dönərxanaların 80 faizi toyuq dönəri satır. Bundan əlavə, “QOST Standart” toyuq dönərinin standartını hazırlayır və onu tətbiq etmək istəyir, digər dövlət orqanı isə bunu qadağan edir. Bu nə dərəcədə düzgündür? Səhiyyə Nazirliyi mütləq öz fikrindən dönməlidir. Çünki reallıq ondan ibarətdir ki, bazarda toyuq dönərinə tələbat var və nazirliyin toyuq dönərini qadağan etməsinə baxmayaraq 80 faiz dönərxanalaırn bundan istifadəsi dövlət orqanının nüfuzunu camaatın gözündən salır”. Toyuq dönərinin ziyanına gəlincə isə E.Hüseynov vurğuladı ki, məsələnin toyuq ətiylə heç bir əlaqəsi yoxdur: “Ümumiyyətlə, dönər istehsalında əsas məsələ gigiyenik tələbələrə əməl olunmasıdır. Toyuq ətinin ən azından mənşəyi bəllidir. Ət dönərinin isə min cür heyvan ətindən hazırlana bilərlər. Bu səbəbdən də mən toyuq dönərinin qadağan olunmasını doğru hesab etmirəm. Çox güman ki, toyuq dönərinə qadağa qoymaqla ona tələbatı azaltmaq istəyirlər. Burada daha çox iqtisadi amillər var, nəinki əhalinin sağlamlığının keşiyində durmaq məqsədi”.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər