AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Torpağımızda görünən yadelli başındakı papaq boş qalmağa məhkumdur

Torpağımızda görünən yadelli başındakı papaq boş qalmağa məhkumdur

Siyasət
14 Aprel 2021, 00:35 370
Birinci Qarabağ müharibəsindən sonra qaçqınlıqda bir azərbaycanlı nəsli yetişdi. Müharibədə torpaq və can itkisi bir yana, insanlarımız gələcəklərini itirdilər, arzularını torpağa gömdülər. Torpaq həsrətindən qubarlanıb canını tapşıranlarımız oldu. Bu zülmün utancını 30 il yaşadıq, dözüləsi olmayan dərdə düz 30 il dözdük. Allah səbrmi verdi ya nəmi öz işidir. Və belə 30 illərin gələcəkdə olmaması üçün biz özümüzə və dünyaya dərs keçməliyik.

Özümüzə və dünyaya 30 il ərzində torpağımızda Ermənistan ordusunun əsgərlərinə məxsus kaskaların olduğunu göstərməliyik. Göstərməliyik ki, yad ölkənin torpağında qalmanın aqibəti belə olur. Göstərməliyik ki, torpağımızda görünən yadelli başındakı papaq beləcə boş qalmağa məhkumdur. Bunu kim necə anlayır, öz işidir. İlahi haqq və ədalət deyilən bir şey var. Uğrunda müharibə aparılan torpaq bizimdir. O boş papaqları biz öz torpağımızdan yığmışıq.

Axı xəbərdarlıq etmişdik. Demişdik ki, erməni əsgəri ölmək istəmirsə, torpağımızdan çıxıb rədd olsun. Müharibə dövründə də dəfələrlə Prezident, Ali Baş Komandan İlham Əliyevin şəxsində dəfələrlə dedik. O zaman ermənilər bundan nəticə çıxartdılarmı? Düşündülərmi ki, papaqları boş qala bilər? Əsla yox.

Heç rüsvayçı məğlubiyyətdən sonra da düşünmürlər. Ey sülhsevərlərimiz, düşünün, baxın görək, Hərbi Qənimətlər Parkındakı görüntülərlə əzildiyini hesab etdiyiniz toplum 10 noyabr bəyanatından sonra ağıllanıbmı? Bu gün də "Artsax Respublikası" deyirlər! Bu gün də xəstəliklərindən əl çəkmirlər! Bunlara düşdükləri durumu, rəzaləti göstərməyib başqa nə etməliyik?

Azmı təxribatlara çəkiblər və çəkməkdədirlər bizi? Bu gün - 13 aprel 2021-ci il tarixdə Ermənistan Təhlükəsizlik Şurasının iclasında Ermənistan və Qarabağın təhlükəsizliyi məsələsi müzakirə olunur. Sənin nə işin var mənim torpağımın təhlükəsizliyini müzakirə edirsən? Həyasızlıqlarından əl çəkmirlər. Bunu müzakirə edən başında papağı olan erməni Azərbaycan türkünü əlinə düşən ilk fürsətdəcə bir qaşıq suda boğmazmı? Boğar da, o yana da keçər. Kürü adlayıb Bakıyadək gəlməyi düşünən xəstə təfəkkürün sahibi olduqlarını unutmaq olarmı? Əsla olmaz.

Ona görə də daxildə və xaricdə kimin nə deməsindən, nə düşünməsindən, nə danışmasından asılı olmayaraq, məhz Hərbi Qənimətlər Parkı adında açıq hava muzeyini xatırladan park olmalıydı. O park elə indi salındığı tərzdə salınmalıydı.
 
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri