Tolerantlığa zərbə vuran “dini ədəbiyyat”lar

Azərbaycan dövlət - din münasibətlərinin ən yaxşı tənzimləndiyi, dini
azadlığın, ideal birgəyaşayış mədəniyyətinin hökm sürdüyü, ksenofobiya, dini ekstremizm,
radikalizm, anti-semitizmdən uzaq bir ölkədir. Lakin bir çox hallarda
yaradılmış mövcud tolerant vəziyyətdən sui-istifadə hallarına da rast gəlinir.
Məhz belə hallardan biri də Azərbaycana gətirilən və eləcə də ölkə daxilində
çap olunan dini ədəbiyyatlarla bağlıdır. Çünki bir sıra ölkələr və radikal dini
cərəyanlar "maarifləndimə” adı altında öz ətrafına tərəfdar toplamaqla,
Azərbaycanın siyasi-ictimai mühitinə təsir imkanlarına nail olmağa cəhd
göstəriblər. Təbii ki, heç bir halda buna nail ola bilməyiblər və zərərli dini
cərəyanların qarşısı pereventiv tədbirlərlə alınıb. Lakin bu heç də o demək
deyil ki, başqa ölkələr və ayrı-ayrı dini cərəyanlar öz niyyətlərindən vaz
keçiblər.
Bu günlərdə sosial mediada və bir sıra internet xəbər resurslarında
dini ədəbiyyatla bağlı gedən müzakirələr də diqqətdən yayınmadı. Hətta bu
məsələ ilə bağlı aparılan müzakirələrdə "senzura”nın tətbiq olunması fikirləri
də yer aldı.
Qanunun tələbi nədən ibarətdir?
Mövcud qanunvericiliyə əsasən dini qurumlar, dini qurum olmayan digər
hüquqi və fiziki şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı
ilə dini təyinatlı ədəbiyyatı, əşyaları, dini məzmunlu başqa məlumat
materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər. Bu
"Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsində açıq şəkildə qeyd
edilib. Lakin mövcud qaydalara əsasən, bu dini ədəbiyyatların Dövlət Komitəsi
tərəfindən idxalına və ya çapına razılıq verilməli, eləcə də nəzarət markası vurulmalıdır. Bundan
sonra həmin dini ədəbiyyatların satışına və nəşrinə icazə verilir.
Qeyd edək ki, 2017-ci ildə ümumilikdə 1540 adda dini məzmunlu
ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü,
ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və
yayılmasının qarşısı alınıb. Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş
313 adda dini ədəbiyyatın 4-ün çapı məqsədəuyğun sayılmayıb. 613 adda dini
təyinatlı ədəbiyyat üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən
ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata
baxılaraq, onlardan 99-un zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və
istehsal olunduğu müəyyən edilib.
Dini ədəbiyyatlarla bağlı mövcud qanunlarda qaydalar açıq şəkildə
qeyd edilsə də, hələ də bir sıra insanların narazı qalması nədən qaynaqlanır? Məzmun
etibarı ilə ölkəyə gətirilməsinin qarşısı alınan dini ədəbiyyatlar hansılardır?
Yerli müəlliflər tərəfindən yazılan kitablara verilən rəylərdə hansı mühüm
məqamlara üstünlük verilir? İmtina edilən və çapına icazə verilməyən
ədəbiyyatların Azərbaycandakı dini mühitə mənfi təsirləri nədən ibarət ola
bilər? Bu və digər suallara cavab tapmaq və məsələyə aydınlıq gətirilməsi üçün
ekspertlərə müraciət etdik.
"Azərbaycanın tolerantlığını
istəməyənlər az deyil”
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası
şöbəsinin müdiri Nahid Məmmədov bildirdi ki, bəzi insanların mövcud
qaydalardan narazı qalmasını normal hesab etmək də olar: "Amma qərəzsiz və
ağılla mühakimə edən insanlarımız bilir ki, din sahəsi xaotik ola bilməz.
Burada mütləq şəkildə nizamlı davranmaq lazımdır. Qanunvericilikdə təsbit
olunmuş qaydalar, eləcə də təcrübəyə əsaslanan meyarlar bizim üçün əsasdır.
Əgər biz mövcud hüquqi və praktik meyarlar əsasında hansısa dini cərəyanların
ədəbiyyatlarına məhdudiyyət tətbiq ediriksə və ya ölkədə çap olunan dini
ədəbiyyatların ekspertizası zamanı zərərli hesab edilən fikirlərin həmin
kitablardan çıxarılmasını tələb ediriksə, bunun başqalarının xoşuna gəlməyəcəyi
məlum məsələdir.
Xüsusən, bir çoxları dini ədəbiyyata biznes maraqları çərçivəsində
baxırsa, həmin ədəbiyyatın çapı böyük bir layihənin tərkib hissəsidirsə, o
zaman narazılıq başa düşüləndir. Çünki bu addımla ölkədəki dini durumu
qarışdırmaq istəyənlərin, cəmiyyətimizi parçalamaq, dini nifrət və
düşmənçiliyi, təfriqəni yaymaq istəyənlərin qarşısına əngəl kimi çıxırıq. Bu da
onların planlarının ölkəmizdə açıq şəkildə həyata keçirmələrinə maneədir”.
N.Məmmədov əlavə etdi ki, dini təyinatlı ədəbiyyat (kağız və elektron
daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini
məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına, habelə
sərbəst yayılmasına DQİDK tərəfindən razılıq verilməsinə konkret olaraq,
aşağıdakı hallarda razılıq verilmir:
- Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor
işlədəcəyi ilə hədələməklə, habelə dini, sosial ədavət və düşmənçilik yaratmaq
məqsədi ilə təbliğinə yol verildikdə;
- Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması
insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və
təbliği məqsədi ilə həyata keçiriləcəyi ehtimal olunduqda;
- İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan
dinlərin (dini cərəyanların) yayılması və təbliği halları aşkarlandıqda;
- Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması ictimai
təhlükəsizliyə və ya ictimai qaydanın pozulmasına səbəb ola biləcəyi hallarda;
- Dini dözümsüzlük, radikal təriqətçilik və camaatçılıq ideyaları
təbliğ edildikdə;
- Onların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini
təbliğat aparılması məqsədilə idxal edildiyi aşkarlandıqda;
- Ölkədəki tolerantlıq durumuna mənfi təsir göstərən, dini
ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə;
- Onların ölkədə dini duruma mənfi təsir göstərə biləcəyi ehtimal
edildiyi digər hallarda.
Məhz qeyd edilən məsələlərdən irəli gələrək, dinşünaslıq ekspertizası
müəllifləri yerli və ya xariciyə ayırmır. Bizim üçün əsas subyekt materialın
özüdür. Müəllifin kimliyinə o zaman diqqət edilir ki, onun adı hansısa böyük
miqyasda qanun pozuntusunda, cinayətdə və s. məsələlərdə hallansın və bu da ən
son araşdırılan məsələdir. Əvvəllər də dəfələrlə dini ədəbiyyatın nəşri ilə
məşğul olan fiziki və hüquqi şəxslərə tövsiyə etmişik ki, həssas dini
məsələlərlə bağlı maarifləndirmə işi aparılarkən ölkədəki dini mühit,
insanların, xüsusilə dindarların həssaslıq göstərdiyi məqamlar, müəyyən
fikirlərin cəmiyyətdə doğura biləcəyi reaksiyalar mümkün qədər nəzərə alınmalı,
dindarların heysiyyatına toxuna biləcək nüanslardan maksimum qaçılmalıdır.
Hətta mümkün qədər mülayim və ehtiyatlı danışıq və yazı üslubu seçilməlidir. Bəzən
məzhəbçiliyi qabardan, başqa dinlərə və ya əqidə sahiblərinə həddən ziyadə
nifrət aşılayan məlumat materiallarına rast gəlirik. Nəzərə alınmalıdır ki,
ölkəmizdə dini sahədə çox rəngarəng mənzərə var və burada müxtəlif xalqların,
dinlərin və məzhəblərin nümayəndələri mehriban şəkildə yaşayırlar. Bu o
deməkdir ki, din sahəsində fəaliyyət göstərənlər də cəmiyyətimizin bu unikal
özünəməxsusluğuna xələl gətirəcək düşüncədən uzaq olmalıdırlar.
Etiraf etməliyik ki, Azərbaycanın tolerantlığını, multikultural
dəyərlərə verilən önəmini istəməyənlər də az deyil. Biz bu təhdidi hiss
etdiyimiz zaman adekvat addımlar atmaq məcburiyyətində qalırıq”.
Komitə rəsmisi bir çox hallarda mətbuatda "qadağan edilmiş dini
ədəbiyyatlar” anlayışına rast gəlindiyini vurğuladı: "Hər şeydən öncə onu qeyd
edim ki, "qadağan olunmuş dini ədəbiyyat” anlayışı hüquqi baxımdan doğru deyil.
Biz hər hansı ədəbiyyatın məzmununa uyğun olaraq, onun idxalının, ölkədə
çapının və ya yayılmasının məqsədəuyğun olub-olmaması haqqında münasibətimizi
bildiririk. Əvvəlcədən də qeyd etdiyim imtinaya səbəb kimi göstərdiyimiz
meyarlar bizim üçün əsasdır. Bunun qarşısı alınmazsa, bütün mənfi təzahürlər
qısa müddətdə özünü büruzə verəcək və nəticədə fəlakətlə qarşı-qarşıya qala
bilərik. Yaxın Şərqdə baş verən hadisələrin qızışdırılmasında bu faktorun nə
dərəcədə mühüm rol oynadığını hər birimiz yaxşı gördük”.
"Dini ədəbiyyatlara nəzarət
təhlükəsizliyin başlıca şərtidir”
Şərqşünas Seyid Camal Əzimbəyli
bildirdi ki, dini ədəbiyyatlar və bu kimi məlumatlandırma vasitələrinə
nəzarətin gücləndirilməsi Azərbaycanın dövlət və milli maraqlarına xidmətdir:
"Digər tərəfdən, hər bir fikir adamı bilir ki, dünyada təhlükəli "dini
müqavimət”in qarşısını siyasi güclə almaq mümkünsüzdür. Düşünürəm ki,
Azərbaycanda yad təsirlərin, radikal düşüncələrin qarşısının alınması üçün
mövcud addımlar atılır. Dövlət-din münasibətlərinə təsir etmək imkanının ən
asan yollarından bir məhz dini ədəbiyyat vasitəsilə həyata keçirilir. Buna görə
də bir sıra ədəbiyyatların vaxtında zərərsizləşdirilməsi, ifşa olunması və
hətta nəzarətdə saxlanması dövlətin müvafiq qurumları tərəfindən həyata keçirilir.
Bu da Azərbaycan xalqının mənafeyinin qorunmasına yönəlik addımlardır”.
C.Əzimbəyli qeyd etdi ki, dini ədəbiyyatlara nəzarət dövlətin təhlükəsizliyi
üçün başlıca şərtdir: "Çünki bəzi ədəbiyyatlarda dövlətin maraqlarına zidd
olan, dinlərarası, məzhəblərarası münasibətləri pozmağa yönəlmiş çağırışlar
olur. Ona görə də dövlət nəzarətinin gücləndirilməsi təqdir olunasıdır və milli
mənafeyimizə də ən böyük xidmətdir.
"Məsələyə obyektiv şəkildə
baxılır”
Qafqaz Müsəlmanları İdarəsinin
Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli
bildirdi ki, Azərbaycanda dini ədəbiyyatların ölkəyə gətirilməsi və ya çapı ilə
bağlı icazənin verilib-verilməməsi məsələsi Dini Qurumlarla İş üzrə dövlət
Komitəsinin nəzarətindədir: "Komitənin müvafiq strukturunun verdiyi rəy
əsasında kitablar nəşr olunur. Düşünürəm ki, hər bir ölkənin milli
təhlükəsizlik konsepsiyası olur və buna uyğun addımlar atılır. Son illər dini
məsələlər də həssas mövzuya çevrilib. Çünki bir çox hallarda dini mövzulardan
istifadə edib dövlətlərin daxilində müəyyən siyasi problemlər, münaqişələr, o
cümlədən vətəndaş qarşıdurması yaradılır. Yəni, indiki dönəmdə dini fikirlər
vasitəsilə müəyyən ideologiyaların ayrı-ayrı ölkələrə yeridilməsinin şahidiyik.
Ona görə də belə bir şəraitdə dini ədəbiyyatlara nəzarətin olması normal
qarşılanmalıdır”.
Ş.Həsənlinin sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət komitəsi
həm xarici, həm də yerli müəlliflərin kitablarının nəşrinə razılıq verir: "Bu
barədə hər bir kəsin məlumatı var. Onu da qeyd edim ki, bu gün də komitə
tərəfindən müvafiq işlər görülür. Sadəcə, istər yerli, istərsə də xarici
müəlliflərin yazdığı dini ayrı-seçkiliyə təşviq edən, dini ixtilafları, ədavəti
qızışdıran ədəbiyyatların nəşrinə icazə verilmir. Bu da müəyyən müəlliflərin
narazılığına səbəb ola bilir. Amma düşünürəm ki, məsələyə obyektiv şəkildə
baxılır və faydalı olan dini ədəbiyyatın nəşrinə icazə verilir”.
Bəxtiyar MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
