AZE | RUS | ENG |


Tez-tez özümə bu sualı verirdim: niyə yazıram?

Tez-tez özümə bu sualı verirdim: niyə yazıram?
Con Eşberi: “İçimdəki şeiri dərk etmək həvəsi deyil, poeziya ilə məşğul olmaq ehtiyacıdır”

Amerikalı şair Con Eşberi 1927-ci ildə Roçesterdə anadan olub. 20-dən çox şeir toplusunun müəllifi və Amerikada təsis olunmuş ədəbi mükafatların – "Yale Younger Poets”, "Pulitzer”, "National Book Award”, "National Humanities Medal”, "America Award” və b. – demək olar ki, hamısının qalibi olmuş Eşberinin əsas uğuru "Qabarıq aynada şəxsi portret” ("Self-portrait in a convex mirror”) toplusu ilə yaşayıb. Eşberinin üslubu indiyə kimi də ziddiyyət daşıyır. Çünki şairlərin əksəriyyətinin əksinə onun yaradıcılığı olduqca sadə dillə yazılıb. Müəllif hər sinifdən olan oxucu üçün anlaşılan, aydın olmağa çalışıb.

Amerika cəmiyyətinin intim məsələlərə həssas yanaşdığı dövrlərdə homoseksual olduğu ailəsi, xüsusilə də, anası tərəfindən ciddi-cəhdlə ört-basdır edilmiş Con Fransaya köçdükdən sonra özünü gizlənpaç oyunundan xilas edir.

Cari ilin sentyabr ayının 3-də rəsmi nikahda olduğu Devid Kermani ilə yaşadığı evdə həyata gözlərini yuman Eşberi dünya ədəbiyyatında "Çaylar və dağlar” ("Rivers and mountains”), "Üç şeir” ("Three poems”), "Bildiyimiz kimi” ("As we know”), "Dalğa” ("A wave”), "Və ulduzlar parlayırdı” ("And the stars were shining”), "Adın buradadır” ("Your name here”) və s. bir-birindən uğurlu şeir toplularının müəllifi kimi tanınır.

 

– Gəlin, elə lap əvvəldən başlayaq. İlk dəfə nə zaman və niyə şair olmaq istədiniz ?

– Əslində, mən heç vaxt şair kimi karyera qurmağa qərar verməmişəm. Heç vaxt bu haqda düşünməmişəm də. Əvvəllər xırda şeirlər yazırdım, bir neçə misralıq nümunələr ərsəyə gəlirdi. Amma deyim ki, yazdıqca onları nəşr etdirmək, kitab çıxartmaq, şair kimi məşhurlaşmaq haqqında fikirləşmirdim. Onda hələ məktəbdə oxuyurdum və müasir poeziya ilə tanış deyildim. Sonra istədiyin kitabları seçmək mükafatı verən bir müsabiqədə qalib gəldim. Onda yenə qəti bir səbəbi olmadan Untermeyersin antologiyasını seçdim. Beş dollar idi. O zaman üçün böyük məbləğ hesab olunurdu. Poeziya ilə ciddi mənada tanışlığım bu kitabla başladı. Çünki orta məktəblərdə, xüsusilə də, mənim getdiyim kimi kənd məktəblərində bu kitablar tədris olunmurdu. Məktəbdə tədris olunanların çoxunu dərk edə bilmirdim. Auden, Eliot, Stevenslə heç bir duyğu körpüsü qurmaq olmurdu. Yaxşı o müəllifləri sonralar kitabxanalara gedib, yenidən oxudum. Başa düşdüm ki, mənim içimdəki şeiri dərk etmək həvəsi deyil, poeziya ilə məşğul olmaq ehtiyacıdır. Çünki başqa bir məntiqli səbəb tapa bilmirdim. Tez-tez özümə bu sualı verirdim: niyə yazıram. Həqiqətən də cavabı bilmirdim, sadəcə yazmaq istəyirdim.


– Bu haqda düşünməmiş olsanız da, 70-ci illərdə adınızı bilməyən qalmamışdı.

– Yazmağa başlayanda elə bilirdim ki, kitabım işıq üzü görən kimi hamı məndən danışacaq, məni tanıyacaq, seçilən şair olacam. Amma "Bəzi ağaclar” ("Some trees”) 800 nüsxədə çap olunsa da, 8 ilə satılıb qurtardı. İkinci kitab ondan da uğursuz oldu. Sonra bir olanları nəzərdən keçirdim. Deməli, insanlar heç də mənim böyük, uğurlu şair olduğumu düşünmürdü. Bəs, nə etməliydim? Yola davam eləməli, yoxsa özümü daha da rüsvay etmədən sakitcə uzaqlaşmalı? Axı, mən yazmağı, şeiri sevirdim... Dedim, əgər mən bunu sevirəmsə, hamının fikri cəhənnəm olsun. Bu da bir ironiyadır. Üçüncü kitabım mənə 3 nüfuzlu ədəbiyyat mükafatı və dünya şöhrəti qazandırdı.


– Nə zaman bu işlə ciddi şəkildə məşğul olmağa, nəşr olunmaq haqqında düşünməyə başladınız?

–Liseyin bitməyinə iki il qalmışdı. Deerfield Akademiyasına qoşuldum və ilk dəfə şeirimin məktəb qəzetində necə dərc olunduğu prosesi gördüm. Əvvəllər rəsmlə məşğul olurdum. Şeirlə tanış olduqdan sonra fikirləşdim ki, şeir yazmaq bundan asandır. Hardasa 15 yaşım vardı. Dərgiləri oxuyurdum və düşünürdüm ki, burada oxuduqlarımdan daha yaxşı şeirlər yaza bilərəm. Amma sonralar yazdıqlarımın heç bir dənəsini də qəbul etmədilər. Universitetdə oxuyanda tələbə dostlarımdan biri şeirlərimdən bir neçəsini öz adıyla "Poetry” dərgisinə göndərmişdi. Bir neçə ay sonra həmin dərgiyə şeirlərimi göndərəndə onları da göndərdim. Məni "plagiat” adlandırdılar. Çox pis duyğudur. "Poetry” çox tanınmış, nüfuzlu dərgi idi. Təbii ki, uzun müddət mənim şeirlərimdən uzaq durdular. Harvardda oxuduğum illərdə Kennet Kok ilə tanış oldum. "Harvard advocate”ın redaktorlarından idi. Şeirlərimlə tanış oldu və bəyəndi. Bir-birimizin yaradıcılığı ilə tanış olmağa başladıq. O, tanıdığım ilk şair idi. Şeirlərim təbii ki, "Advocate”də dərc olundu. Daha sonra isə "Furioso”-da bir şeirim işıq üzü gördü. Bunlar mənim sadə həyatım üçün çox böyük hadisələr idi. Amma iyirmi yaşıma kimi başqa dərgilərdə dərc olunmaq mümkün olmadı. Haradansa qəbul olunmaq ümidi ilə gözləmək məni yormuşdu.

 

 

– Ədəbi tənqidçiliklə poeziya arasında seçim etməli olduğun zamanlar olubmu? Yoxsa hər ikisini paralel davam etdirə bilmisiniz?

– Əslinə qalsa, heç vaxt sənət tənqidi ilə məşğul olmağa xüsusi həvəs bəsləməmişəm. Hətta indi də buna elə dərin marağım yoxdur. 50-ci illərdə "ARTnews” bütün şairlərin sığınacağı idi. Tomas Hess heç bir qonorar ödəmədiyi üçün şairləri dərc etməkdə maraqlı idi. Amma beş dollara məqalə yazmağa yaxın durmayan incəsənət tarixçiləri, tənqidçiləri var idi. Mənim də açığı çörəyə, suya, ətə, yəni pula ehtiyacım var idi. İlk dəfə 1957-ci ildə dostlarım təkidlə tənqidi məqalə yazmağımı istədilər, bir müddət kömək edəcəklərinə söz verdilər. Odur ki, girişdim işə. Abstrakt ekspressionist rəssam Bradli Tomlin haqqında yazdım. Heç gözləmirdik, amma bir ay bu məqalənin tərifi getdi. 1960-cı ilə kimi ayda bir dəfə belə məqalə ilə çıxış etdim. 1960-cı ildə "Herald Tribune” dərgisindən tanıdığım bir xanım Amerikaya köçəcəyini və yerinə – yəni incəsənət şöbəsinə kimisə axtardığını dedi. Maaşı o qədər də yaxşı deyildi, mən də bu işə həvəsli deyildim, amma başqa işlərlə məşğul ola bilmək komfortu təmin edirdi. Bir müddət də orada davam etdim. Çünki insanlar bu sahədə uğurlu olduğumu düşünürdülər. Amma əminəm ki, mən o vaxt pul üçün o sahəyə köklənsəydim, bugünkü uğura sahib ola bilməzdim.

 

 

– Amma bəzi yazılarınızın altında imzanız sənət tənqidçisi kimi gedir.

– Birincisi, düşünürəm ki, mən əsla sənət tənqidçisi kimi təqdim olunmamalıyam. Redaktorlar isə düşünür ki, tənqidi məqalənin altına şair yazmaq olmaz. O ki qaldı, ehtiyaca. Bəli, əlavə pula ehtiyacım olduğu üçün tənqidi məqalələr yazıram.

 

 

– Uşaqlığınızın sizi poeziyaya sürükləyən səbəblər olduğunu düşünürsünüzmü?

– Mən heç indi də şair olmağın mənasını anlamıram. Uşaq vaxtı özünəqapalı idim, çox az dostum vardı. Kənd yerində yaşamağımıza baxmayaraq, oyuna maraqlı deyildim. Özümdən balaca qardaşım vardı. Onunla belə yola getmirdik, tez-tez dalaşırdıq. Doqquz yaşında xəstəlikdən öldü. Onun ölümündə özümü günahkar bilirdim. Ona qarşı qayğıkeş davranmırdım. Bunun əzabı ilə 2 il heç kimlə dostluq etmədim. Buna bənzər təcrübələrim illər irəlilədikcə çoxaldı. Bilmirəm, insanı poeziyaya gətirən yolda bunların nə qədər rolu var. Çünki mən rəssam olmaq istəyirdim. 11 yaşımdan Roçester muzeyində dərslərə başladım. 16 yaşıma kimi rəsmə davam etdim – şeirin ovsununa tutulana kimi.

 

 

– Rəssam və ya şair kimi yol seçəndə heç kimə göstərmədiyiniz kolleksiyanız var idi?

– Bəli, çəkdiklərimi də, yazdıqlarımı da təmiz formasında saxlayırdım.

 

 

– Tənqidçilərdən biri müasir şairləri müzakirə edərkən sizin yaradıcılığınızı "xoşbəxtliyə çevrilmək istəyən qayğısız xəyallar” toplusu adlandırmışdı? Həqiqətənmi sizin yaradıcılığınızda xoşbəxtliyə nadirən rast gəlinir?

– Bəziləri bu fikirlə razılaşmaz, məncə. Frank O’Hara bir dəfə deyibmiş ki, Kennetin mənim şeirlərimi necə sevdiyini anlamır: "Kennet ədəbiyyat da daxil olmaqla hər şeydə əyləncə, gülüş axtarır. Conun poeziyasında isə xoşbəxtlik qəzaya uğramış qatardır. Heç vaxt gəlib çıxmayacaq”. Mən şəxsi həyatımda yalnız səbəb olduğu halda özümü xoşbəxt hiss edən adamam. Elə günlər olur ki, düşünürəm ki, xoşbəxt deyiləm. Çünki bir səbəb yoxdur. Məni neytral vəziyyətdən çıxarıb, pozitivə kökləyəcək xüsusi heç nə baş verməyib.

 

 

– Adətən, insanlar ya eşqə, ya da dərin kədərə düçar olanda şeirə, poeziyaya sığınırlar. Sizcə, eşqə düşməyin şeirlə bir əlaqəsi varmı? Məsələn, bu sizin yaradıcılığınıza necə təsir edir?

– İlk dəfə 16 yaşımda aşiq olmuşam. Elə o eşq havası ilə Rimbaud və digər romantikləri tanımışam. Kədərli ayrılıq yaşadıq. Ondan sonra bir-birindən bərbad şeirlər yazdım. Bəli, eşqə düşmək, əzab, kədər yaradıcılığın suyudur. Amma yazmağı bacarmayan adamın eşqinin əzabından da bir şey çıxmaz.


İngilis dilindən tərcümə edən: Elcan SALMANQIZI

Mənbə: "Paris Review”, "Poetry Foundation”

 

 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008