• cümə, 29 Mart, 13:17
  • Baku Bakı 14°C

Tənha qadın

23.12.19 15:15 18794
Tənha qadın
(hekayə)

Səkinənin əri rəhmətə getmişdi. Axşam işdən evə gəlməsilə infarkt keçirib canını tapşırması bir olmuşdu. Başına gələn bu gözlənilməz fəlakətdən çox sarsılmışdı. Böyük ailənin yükünü çəkmək asan deyildi. Beş uşağından dördü tələbə, biri məktəbli idi. İkisini əri sağkən yerbəyəer etmişdi. Bir müddət bədbinləşsə də, ailə qayğısı tezliklə başını qatmış, ağlamağa-sızlamağa vaxtı-macalı qalmamışdı. Özü-özünə təsəlli vermiş, "Allah kərimdi”, deyib həyatın axarına qoşulmuşdu. Dərdi verən Allahın dərmanını da verəcəyinə inanırdı. Aylar-illər keçəcək, yarası qaysaqlanacaqdı. Kimin başına gəlməyib ki? Səkinə ərini itirən nə birinci, nə də axırıncı qadındı. Valideynlərini itirəndə də çox ağlamışdı, bundan da betər sarsılmışdı. Torpağın üzü soyuqdu, deyiblər. İndi valideynləri gec-gec yadına düşürdü, yalnız ad və ölüm günlərində xatırlayıb kövrəlir, ildə bir-iki dəfə rayona gedib, qəbirlərini ziyarət edirdi.
Tənhalıq... Tənhalıq onu heç vaxt tərk etməyəcəkdi. Səkinə tək qalmaqdan çox qorxurdu. Gənc yaşında itirmişdi valideynlərini. Tanış idi ona bu hiss. Amma indi yaşadığı ayrı idi. Qırx beş yaşı vardı. Həmişə zövqlə geyinən, bəzəkli-düzəkli, danışıb-gülən Səkinə artıq dul qadın idi. Həbibdən sonra ruhdan düşmüşdü. Artıq saçlarını boyamırdı. Hərdən güzgünün qabağına keçir, solğun üzünə baxır, iri güzgünün siyirməsində atılıb qalmış kremlərə, boyaya əl gəzdirir, tez də əlini çıkirdi”. Kiminçün bəzənib-düzənəcəyəm? Nə etibarsız çıxdın, ay Həbib, mənim dul qalan vaxtım idi? Gözə görünmək, adam içinə çıxmaq istəmirəm. Əlacım olsa, küçəyə-bayıra çıxmaram. İstəmirəm mənə "dul qadın” desinlər. Uşaqlar olmasaydı, yəqin ki, səndən sonra özümü öldürərdim”.
İllər tez keçdi. Sonbeşiyi də məktəbi bitirdi. Ürəyinə daş basıb yaşadı Səkinə bu illəri. Gecələr yastığı qucaqlayıb hönkür-hönkür ağladı. Toya getmədi, xeyir işlərə getmədi. Ona elə gəlirdi ki, Həbibdən sonra toylara getməyə haqqı yoxdu. Bəxtəvər qadınlar ərlərilə qol qaldırıb oynayanda o kövrələcəkdi, sınacaqdı, qırılacaqdı, Tənhalıq ona dişini qıcıyacaqdı, onu əzəcəkdi, ürəyinə köz basacaqdı.
Həbib öləndən dörd il sonra əvvəlcə qızını, sonra iki oğlunu evləndirdi. Səkinə övladlarının toyunda da qol qaldırıb oynamadı. "Həbib məni görür, onsuz oynaya bilmərəm, uşaqlarım xoşbəxtdi, bu mənə bəsdi, mən oynamasam da, balalarım oynayır, qohum-əqrəba oynayır” dedi.
Səkinə artıq nənə də olmuşdu. O, indi də nəvələri üçün yaşayırdı. Amma tənhalıq onu tək buraxmırdı, ona yoldaş olmuşdu. Səhərdən axşama kimi nəvələri ilə birlikdə olan Səkinə gecələr yatağına uzananda gözünə yuxu getmirdi. Həbib yadına düşürdü. Baba ola bilməmiş ərinə nəvələrindən danışırdı, kövrəlirdi, göz yaşları yastığını isladırdı.
Səkinə şəkər xəstəliyi ilə də yol yoldaşı olmuşdu. Amma bunu özünə dərd etmirdi. Deyirdi ki, çoxlarında şəkər xəstəliyi var. Başqa xəstəlik olmasın, şəkər nədi ki? Amma illər boz üzünü göstərirdi, yaşlanırdı Səkinə. Gəlinlərin hər sözü xətrinə dəyirdi. Susurdu, istəmidi evində olan söhbət çölə çıxsın. Oğluna heç nə demirdi. Amma gəlin hər şeyi ərinin ovcuna qoyurdu. "Ayrı yaşayaq. Anan bizi yola vermir. Ərköyünlük edir, bizi qısqanır” deyirdi=. Səkinə səbrli idi, gəlinin hərəkətlərinə münasibət bildirmir, dözürdü .”Cavandı hələ”. Həbib sağ olsaydı, gəlin ondan çəkinərdi, üstümə gəlməzdi. Ərsiz qadının hörməti olmaz. Qayınatanın hökmü ayrıdı. Evdə qayınata yoxdursa, o evin böyüyü-kiçiyi bilinməz” deyə yazıqlaşardı Səkinə. Abrına, həyasına qısılırdı, düşünürdü ki, dinsə, danışsa evdə dava düşər, oğlu hirslənər, beyninə qan sızar. Onsuz da ömrünə nə qalıb? Dinməyib ömrünü sakitcə başa vursa, daha yaxşıdır. Səhər tezdən yuxudan durub həyətə düşür, ağacları, gülləri, çiçəkləri sulayırdı. Bir daşın üstündə oturub həyətdə yaratdığı gözəlliyə baxırdı. Gəlin qiymətləndirməzdi onun zəhmətini. Oğluna qıymazdı Səkinə, "işləyir, əziyyət çəkir, pul qazanır, yorulur”, deyirdi. Evin altındakı dar zirzəminin torpağını az-az daşıyaraq genişləndirmiş, dərinləşdirmişdi, Bir gün oğlu işdən gəlib məəttəl qalmışdı: "Ay ana, nə əziyyət çəkirsən. Fəhlə gətirərik edər, özünə zülm etmə” demişdi. Amma Səkinə heç kimə qulaq asmır, həyətin bütün ağır işlərini tək özü görürdü. Həyət cənnətə dönmüşdü. Bir-birindən gözəl meyvə ağacları, qızılgül kolları səliqə ilə əkilmişdi. Çölə-bayıra çıxmağı sevməyən Səkinə həyət-bacada işləməkdən zövq alırdı. Amma bu gözəllik Səkinəyə canı bahasına başa gəldi... Ağır şeylər qaldırmaqdan bel sütunu zədələnmişdi.
Səkinə dərdini, ağrıdığını təkcə qızına söyləmişdi. Qızı anasını həkimə aparmaq istəsə də, Səkinə balalarının xərcə düşməyindən qorxub razılaşmamışdı. Vəziyyəti get-gedə ağırlaşmış, şəkəri də qalxmışdı. Həkimlər insulinə keçməyi tövsiyə etmişdilər. İnsulinə keçməkdən çox qorxurdu Səkinə. Hirslənib: "Düşmənim keçsin insulinə” demişdi. Amma nə qədər etiraz etsə də, övladlarının və həkimlərin təkidi ilə Səkinə insulin iynəsinə keçdi. Hər gün 3-4 dəfə bədəninin müxtəlif nahiyələrinə iynələr vurar, buna çox əsəbiləşirdi.
Ağrını, acını yaşadı Səkinə. Düşünürdü ki, bu onun alın yazısıdı. Əvvəlcə Həbibin ölümü, sonra tənhalıq acısı, daha sonra gəlinin qalmaqalı, üstünə hücum edən xəstəliklər yıxdı Səkinəni, yatağa saldı. Dərdini, ağrılarını balalarından gizlətdi. İçin-için ağladı, yandı, qovruldu. Səkinə günü-gündən arıqladı, üzüldü. Balaları: "Ana, qoy səni həkimə aparaq, dərdini öyrənək, yaman arıqlamısan” dedilər. Bu dəfə nədənsə razılaşdı. Artıq ağrılara dözə bilmirdi. Ürəyinə dammışdı xəstəliyinin ciddiliyi. Amma susurdu. Sadəcə dəqiqləşdirmək, sonra sakitcə gözlərini yumub getmək istəyirdi Həbibin yanına. Amma ağrılarına ağrıkəsicilər belə kömək etmirdi. Oğlu yaxşı həkim tapıb onu müayinə etdirdi. Səkinədə mədəaltı vəzinin xərçəngi tapıldı. Xərçəngin ən son mərhələsi idi. Səkinə özü də bunu bilirdi. Balalarına vəsiyyət də etmişdi. Cavanlıqda ərinin aldığı baş örpəyini qızına verib, "mən ölsəm başına bu örpəyi bağlayarsan” demişdi.
Ağrıları dözülməz idi. Tez-tez vəziyyəti ağırlaşır, təcili yardım gəlirdi.
Bir gün gözlərini həmişəlik yumdu. Ağrıdan, acıdan birdəfəlik canı qurtardı, Ruhu həmişəlik Həbibin divardan asılmış şəkilinə qondu. Həmid isə şəkildən baxıb həmişəki kimi gülümsəyirdi...
Məlahət Hümmətqızı
banner

Oxşar Xəbərlər