• şənbə, 20 Aprel, 00:22
  • Baku Bakı 15°C

Teatrlarımız “online” tamaşalar təqdim edir

02.04.20 16:20 3962
Teatrlarımız “online” tamaşalar təqdim edir
Mədəniyyət ocaqlarının virtual repertuarı kifayət qədər zəngindir

Karantin günlərində teatrlarımız əsl mübarizə əzmi göstərirlər. Belə ki, teatrlarımızın yaradıcı heyətləri sosial şəbəkə vasitəsi ilə tamaşalarından bir parça nümayiş etdirir, şeirlər deyir, uşaqlar üçün hekayələr səsləndirir, insanların evdə istirahət edə bilməsi üçün əllərindən gələni əsirgəmirlər. Hələ onların sırasında repertuarda olan, arxiv tamaşaları "online” şəkildə nümayiş etdirənlər də var. Bizə isə internetə qoşulub, evdə tamaşaları izləmək qalır.

İlkin olaraq Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı ilə əlaqə saxladıq. O deyir ki, koronovirus pandemiyası ilə əlaqədar elan olunmuş xüsusi karantin günlərində Mədəniyyət Nazirliyinin tövsiyəsi əsasında Akademik Milli Dram Teatrının tamaşaları "online” nümayiş etdirilir: "Əvvəlcədən müəyyən edilmiş virtual repertuara uyğun olaraq, saat 12:00 və 19:00-da "Facebook” sosial şəbəkəsində təqdim olunan səhnə əsərlərinə böyük maraq var. Tamaşalar ölkə daxilində olan teatrsevərlərlə bərabər, Amerika, Türkiyə, Rusiya, İsrail, İngiltərə, Almaniya və başqa ölkələrdə yaşayan soydaşlarımız tərəfindən də izlənilir. Mart ayında böyüklər üçün "Hamlet, "Ah, Paris, Paris”, "Ölülər”, "Hələ sevirəm deməmişdilər”, "Qarabağnamə”, uşaqlar üçün "Tülkü, tülkü, tünbəki, "Buratino”, "Çipallino” tamaşaları nümayiş olunub".

Onun sözlərinə görə, teatr aprel ayı üçün də virtual repertuarını hazırlayıb. Aprel ayında ümumilikdə 30 tamaşanın nümayişi planlaşdırılır. Bura teatrın hazırkı repertuarında olan və böyük tamaşaçı marağı qazanmış "Almaz”, "Cəhənnəm sakinləri”, "Sinif yoldaşları”, "Müfəttiş”, "Bir, iki, bizimki” və s. səhnə əsərləri ilə yanaşı, vaxtilə böyük uğurla nümayiş olunan "Aydın”, "Köhnə ev”, "Özümüzü kəsən qılınc”, "Mənim ərim dəlidir”, "Mesenat”, "Generalın son əmri”, "Uçqun” və başqa tamaşalar daxildir.

Qeyd edək ki, Akademik Milli Dram Teatrı onlayn tamaşalarını "Sənət maneə tanımır” sloqanı ilə təqdim edir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti də ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində qoyulan bütün tələb və qaydalara ciddi şəkildə əməl edir. Bu haqda teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev deyib. Teatr dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə irəli sürdüyü təşəbbüsə qoşulub. Teatr rəhbərliyi aylıq əmək haqqından könüllülük prinsipi əsasında ayırdığı vəsaiti ölkə başçısının "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb. Mədəniyyət naziri Əbülfəs Qarayevin mədəniyyət işçilərinə müraciətindən sonra teatrın kollektivi evdən də olsa daha aktiv fəaliyyətə başlayıb. Xüsusilə də teatrın istedadlı gəncləri "Evdə qal" kampaniyasına qoşularaq çağırışlar edirlər. Bəzi əməkdaşlar isə (Əməkdar artistlər Ələkbər Əliyev, Emin Əliyev) ölkədə koronavirusla mübarizəni təbliğ edən müxtəlif reklam materiallarında təmənnasız olaraq çəkiliblər və öz dəstəklərini nümayiş etdiriblər. Bu gün də bütün televiziya kanallarında həmin reklam materialları yayımlanır.
"Teatrımızın "Facebook" və "İnstagram" hesablarında virusa qarşı mübarizədə həmrəyliyimizi əks etdirən və eyni zamanda ev şəraitində yaradıcı kollektivin etdiyi məşqlərdən görüntülər paylaşılır, həmçinin Nazirliyin "Facebook” səhifəsində tamaşalarımıza baxışlar keçirilir. Teatrımızın bütün işçiləri maddi imkanı aşağı və yaşı 65-dən yuxarı olan əməkdaşlarımızla telefon vasitəsilə tez-tez əlaqə saxlayır. Tamaşalara gəlincə isə, həm repertuarda olan, həm də hazırlanan yeni tamaşalar üzərində müzakirə və məşqlər onlayn şəkildə aparılır. Tamaşalarda yer alan aktyorlara tapşırıqlar verilir, onlar da öz növbəsində məşqlərin videosunu çəkərək bizə göndərirlər".

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva bildirdi ki, xüsusi karantin rejimi elan olunandan teatrın yaradıcı heyəti "Evdə qal" aksiyasına qoşularaq, sosial şəbəkə vasitəsi ilə evdən videolar çəkir, maraqlı monoloqları ilə tamaşaçıları evdə qalmağa dəvət edir: "Bundan başqa, Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirini səsləndirərək, onu "Evdə qal" kampaniyasına bir ərmağan etdik. Yaradıcı heyətimiz tərəfindən evdə videolar çəkildi, biz də öz sosial şəbəkə səhifələrimizdə onları tamaşaçılarımızla paylaşdıq. Aprelin 1-dən virtula tamaşalar hər gün saat 19:00-da teatrımızın "Facebook” səhifəsində canlı olaraq nümayiş etdirilir. 14:00-da isə uşaqlar üçün olan tamaşaları təqdim edirik. Bundan əlavə, mütəmadi olaraq "Youtube"-da yerləşdirilmiş həm uşaq, həm də böyüklər üçün olan tamaşalarımızı da sosial şəbəkələrdə paylaşırıq. Gənc Tamaşaçılar Teatrının "Facebook”, "İnstagram” səhifələri fasiləsiz olaraq tamaşaçıların müraciətlərini cavablandırır, orada video-çarxlar paylaşılır, "Evdə qal” çağırışları edilir".

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova da deyir ki, karantin günlərində teatrın yaradıcı heyəti evdən canlı yayımlar edərək tamaşaçılarına şeirlər səsləndirir, hekayələr danışır: "Teatrımızın yaradıcı heyəti sosial şəbəkə vasitəsi ilə tamaşalardan müəyyən parçaları paylaşır, evdə qalmaqla bağlı çağırışlar edirlər".

Bakı Uşaq və Gənclər Teatrının mətbuat xidmətinin rəhbəri Leyla Həşimova isə deyir ki, teatrın bütün kollektivi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #şeirdepozitivol #challenge təşəbbüsünə qoşulub: "Bu təşəbbüs hələ də davam edir. Teatrın "Youtube”, "Facebook”, "İnstagram” səhifələrində hər gün mütəmadi olaraq paylaşımlar edirik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı olaraq bəşəriyyətin bəlasına çevrilən COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə tamaşaçılarımızın evdən tamaşalarımıza baxa bilməsi üçün yeni bir təşşəbüs irəli sürmüşük. Belə ki, tamaşalarımızı aşağıda qeyd olunan tarixlərdə Bakı Uşaq və Gənclər Teatrının "Youtube” (Bakı Uşaq və Gənclər Teatrı BUGT), "Facebook” (@BakiUshaqTeatri), "İnstagram” (@bakiushaqgenclerteatri) səhifələrində izləmək olar: "Dovşanın evi" - 3 aprel, "Göyçək Fatma" - 7 aprel, "Əyriqulaq dovşan" - 11 aprel, "Günahsız Günahkarlar" - 15 aprel, "Çay dəstgahı" - 19 aprel, "Sehrli Tütək" - 23 aprel, "Pəltək Cücə" - 27 aprel, "Kimdir müqəssir" - 1 may,"Humayın yuxusu" - 5 may”.

Teatrın mətbuat xidmətinin rəhbəri bildirir ki, teatr internet üzərindən öz işini davam etdirir: "Xüsusi karantin günlərində yaradıcı heyətimizin ifasında "Dağ və Siçan", "Çınqılı-çınqılı bala sərçə", "Komble", "Turp", "Sirli dolça", "Ağ göyərçin", "Üç öyüd", "Leviafan", "Tülkü, bir də balıqlar", "Günəşin nağılı" kimi nağılları video şəklində səsləndirir, daha sonra "Youtube” kanalımızda yerlələşdiririk. Və ordan "Facebook” və "İnstagram” səhifələrimizdə paylaşım edirik. Hətta Mikayıl Müşfiqin "Şəngül, Şüngül, Məngül" əsəri 33 nəfər tərəfindən səsləndirilib.
Bundan sonra da müxtəlif şeirlər və qəzəllər tək-tək və ya kollektiv şəkildə səsləndiriləcək".
Teatrın sözçüsü deyir ki, karantin günlərində müsabiqə də elan ediblər: "Balaca tamaşaçılarımız arasında şeir müsabiqəsi keçirməyi planlaşdırırıq. Şeir qiraəti çəkilərək teatrın elektron ünvanına göndərilir. Qalib tamaşaçı teatrın tamaşalarına (karantindən sonra olacaq tamaşalara) bilet qazanır. Hamımız teatr, tamaşalar və tamaşaçılarımız üçün çox darıxmışıq. Hər birimiz canla-başla çalışırıq. Hamı öz evində çəkiliş edir, videolar hazırlayır, sonra onlar montaj olunur, üzərinə musiqi qoyulur, daha sonra hazır video şəklində "Youtube” səhifəmizə yüklənilir".

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər