• cümə, 23 May, 08:31
  • Baku Bakı 12°C

Teatr adamı ilə qeyri-teatral söhbət

17.03.15 06:53 2121
Teatr adamı ilə qeyri-teatral söhbət
Amid Qasımov 2002-2006-cı illərdə ADMİU-da “Dram və kino aktyoru” ixtisası üzrə təhsil alıb. Müxtəli illərdə Körpəm Eksperimental Uşaq Teatrında, Bakı Uşaq Teatrında, AXIN Teatr Studiyasında çalışıb. Akademik Milli Dram Teatrında “Məqam” və “Nadir şah” tamaşalarında Metaforma əcəl və Kamuşkin (Rusiya elçisi) rollarını oynayıb.
2012-ci ildən Yuğ Dövlət Teatrında aktyor vəzifəsində çalışır. Çalışdığı müddətdə “Məsəl ya əməl” (İntelegent), “Qapalı qapı” (Aparıcı), “Mərc” (Gənc hüquqşünas), “Missis və Mister Cəsəd” (Santyaqo Nasar), “Yad.Daş.” (3-cü oğlan), “Unudulmaz Əfəndi” (Gənc oğlan), “Boy” (Kölgə) tamaşalarında çıxış edib.
“Küçələrə su səpmişəm” bədii filmində Xəlil, “Teatral həyat”da Ata, “İki”də Cəfər, “220 saylı otaq”da Yusif, “Susmuş vicdan” tele-serialında Rövşən, “Döngələr” çoxseriyalı bədii televiziya filmində Çoban oğlunu, “Çərçivə”də K, “Saqqallı uşaq”da Əzizi oynayıb.
Kimdir Amid Qasımov?
- Allah bilir (gülür)...
Allaha inanırsan?
- Onun mənə inandığı qədər. Volter deyir: “Allah olmasaydı, onu uydurmaq lazım gələrdi”. Mən daha çox özünü tanımaq, özünə inanmağın tərəfdarı olmuşam. Amma bu, “O”nu tanımıram demək də deyil. Bax, biz insanlar həmişə özümüzə qarşı inam yaratmaq üçün yaxşı işlər görməyə çalışırıq. Məsələnin kökündə inam dayanırsa, mütləq orada yaxşı nələrdənsə istifadə olunur. Mənə görə, o yaxşı işlərin hamısı Allahın xüsusiyyətləridir. Məsələn, günəş göydə bizə görə çıxır... ay bizə görə çıxır... çaylar bizə görə axır... çiçəklər bizə görə açır... bütün bunlar “O”nun görküdürsə, onda “O”na inanmaq, inanmamaq – kişi söhbəti deyil (gülür).
Alın yazısı, tale nədir sənin üçün?
- Mənə elə gəlir ki, Allah insanı yaradır və bununla da öz görəvini bitmiş hesab edir. Geridə qalan nə varsa, artıq insanın özünə bağlıdır. Alın yazımı deyə bilmərəm. Çünki o, mənə görə hələ qapalı məsələdir. Amma bu tale məsələsi ki var, mənə elə gəlir ki, “qanmağa başlayandan” öz taleyimi özüm yazıram. Özü də necə yazıramsa birə-bir də o cür görürəm və yaşayıram. Amma hərdən də yazdığım kimi yaşaya bilmirəm (gülür).
Sənə görə “istedad” nə deməkdir?
- Mənə elə gəlir, hər bir kəsdə istedad adında nə deyirsinizə, hamısından var. Təbii, birində bu cür, o birində başqa cür. Bu “cür”ləri biri daha parlaq, o biri daha az göstərə bilər. Amma mənim üçün o “az-çox” yoxdur. Mənim üçün zəhmət var. Uşaq vaxtı heykəltraşlığa vurğun idim, baxmaqdan doymurdum. İcazə alıb, heykəltəraşı saatlarla seyr eləyirdim. Əslində, forma etibarilə elə də böyük bir iş baş vermirdi. Baxırdım ki, kobud bir daş parçasıdır, asta-asta yonur bu daş parçasını. Bir də görürdün, daşın içindən adam çıxdı. Belə baxanda o daş elə daş idi də. Bax, necə ki, o heykəltəraş adamı o daşın içindən çıxartmayana qədər elə əziyyət çəkdi, daşın içində də bir insanın oturduğunu bizə göstərdi, insan da mənim üçün belədir. Hər birimizin içində o istedad var. Biz öz zəhmətimizlə, məşğul olduğumuz işlə onu nə qədər məhsula çevirə bilirik? Bax, budur məsələ. Ən sadə misal, mən bağ-bağçanı, ona qulluğu sevirəm, bir ağaca qulluq edərsən, daha sağlam bar verər, bir ağacı ondan məhrum edərsən, görərsən ki, bir budağı qurudu. Ağacda da bir istedad var axı... O, özü-özülüyündə istedadını büruzə verməyə qadir deyil, insan yardımına möhtacdır. Bu mənada, mənə görə, insan da elədir. Əgər içimdə tanrıdan gələn istedad varsa, öz-özümə mən necə onu aşkar edə bilərəm?! Mütləqdir ki, kənar müdaxilə olsun. Məsələn, bizim ustad saydığımız insanlar var. Yəni mən çox məqamda onlara inanıram. Çünki özünəinam məndə onlardan başlayıb. Yəni, insan varsa, mütləqdir ki, orada istedad da var. İnsanın yaradılışı elə istedaddır. Mayası istedadla yoğrulan bir varlıq isə istedadsız ola bilməz. E.Bombek deyir: “Ömrüm sona çatanda ümid edirəm ki, Allah qarşısında dayananda heç bir istedadım qalmayacaq ki, tanrım, mənə verdiyin hər şeyi xərclədim – deyə bilim”. Sən necə,
Allahın sənə verdiyi hər bir istedadı xərcləyə bilirsən?
- Bu suala bir az başqa tərəfdən yanaşmaq istəyirəm. Məktəbə təzə gedirdim. Kəndimizdə (Ağdam rayonunda – red.) çox sevdiyim bir ibtidai sinif müəllimim var idi. Bir dəfə dərsdə mənə konfet vermişdi. Doğulduğum kənd işğal olunana qədər o, konfeti saxlayırdım hədiyyə kimi, yeməmişdim. İndinin özündə də heyfsləndiyim iki şey var: kəndimizdən çıxanda bir itimi, bir də o konfeti götürə bilmədim. Biri atamın, biri də müəlliməmin hədiyyəsi idi – ikisinin də mənəvi dəyəri ölçüyə gəlmir mənim üçün. İndiyə qədər heyfslənirəm ki, onları qoruya bilmədim. Bizim işimiz elə bir işdir ki, biz həmişə mübadilə edirik, buna enerji mübadiləsi də demək olar, fikir mübadiləsi də. Mən o şeyə xərcləmək adı qoymazdım. Mən bayaq müəllimin, atanın verdiyindən danışdım, bunu isə Allah verir axı. Mənim aləmimdə əgər o şey dəyərlidirsə, mən onu qorumaqla məşğulam. İnanıram ki, qoruyanda daha çox qazanırsan, xərclədikcə daha çox itirirsən.
V.Hüqo: “Sevgi Allahın təklif etdiyi yeganə gələcəkdir”. Amid Qasımov üçün nədir sevgi?
- Mənə görə, sevgi hörmətin üz niqabıdır. Mənim sevgimin astar üzü hörmətdir. Sevgi parçalanmazdır, bütövdür, tamdır, Allahın özüdür... Yadıma bir rəvayət düşdü. Dəqiq yadımda olmasa da, təxminən belə idi: peyğəmbərlərdən biri gənc yaşlarında ikən hər gün qüllədən minacat çəkirmiş, nəsihətamiz söhbətlər edirmiş. İnsanlar da toplaşıb onun səsinin məlahətindən, sözlərinin hikmətindən zövq alırmış. Özü də olduqca yaraşıqlı imiş. Kütlənin içində bir qadın gözlərini qırpmadan ona baxır. Peyğəmbər də bunu görür, amma nəzərini cəlb eləmir. Bir neçə gün bu minvalla davam edir. Bir gün peyğəmbərin qapısı döyülür. Qapını açanda həmən bu qadını görür. Qadın çətinliklə, titrəyə-titrəyə ona sevgisini etiraf edir. Peyğəmbər baxır, deyir, bu necə ola bilər axı? Qadın bir az da həyəcanla təkid edir, peyğəmbər yenə inanmadığını deyir. Qadın az qalır diz çöksün ki, inanın mənə, mən sizi sevirəm. Peyğəmbər yenə deyir ki, bu ola bilməz. Qadın soruşur ki, niyə. Peyğəmbər cavab verir ki, əgər doğrudan da, dediyiniz baş versəydi və onun ünvanlanacağı yer də mən olsaydım, mütləq idi ki, məndə də nəsə baş verəydi. Çünki sizi görürdüm mənə baxanda. Rəvayəti danışmaqla onu demək istəyirəm ki, sevgi enerji ilə ötürülən olduğundan mütləq qarşılığını tapmalıdır. Bax, o zaman əsil sevgi yaranır. Bax, o qədər böyük dediyimiz şeylərin, əslində, çox sadə izahı var. Sadəcə biz insanlar dərinlərdə axtarırıq onların izahını, bəlkə də ona çatmamaq üçün, əldə etməmək üçün özümüz çətinləşdiririk hər şeyi, bəlkə də belə daha əziz, daha məhrəm olduğuna inandırırıq özümüzü.
Belə bir deyim var: “Biz necə doğuluruqsa – bu, Allahın bizə hədiyyəsidir. Biz sonra necə oluruqsa – bu, bizim Allaha hədiyyəmizdir”. Allah səni mükafatlandırıb verdiyi istedadla. Bəs sən ona nə hədiyyə eləmək fikrindəsən?
- Mənim tanıdığım, tapındığım Allah dəqiq bilirəm ki, uşaq qədər utancaq biridir. Heç vaxt “O”nu utandırmaq istəməzdim (təbəssüm).
“Missis və Mister Cəsəd” tamaşasında obrazının dilindən belə bir ifadə eşitdim: “Ölümdən qorxmuram. Ölmək məqamı yetişəndə ölə bilməməkdən qorxuram”. Bəs, Amid Qasımov necə, ölümdən qorxurmu?
- O cümlələrin müəllifi mən özüməm. Əslində gördüyün o hissədə obraz-zad yox idi. O, elə Amid Qasımovun özü idi. Belə, məqamlarım çox tez-tez olur. İndinin özündə də... Hətta suallarını cavablandırdığım anda da o “ölüm təntənəsi” mənimlə üz-üzədir. Bax, o “təntənə” baş tutmayanda faciə baş verir (gülür). Onu deyəndə, real ölüm, itki nəzərdə tutmamışam mən. Real ölümə nə var ki, öldü- getdi, qurtardı... ölüm haqdır. Mənə görə, ölüm elə bir şeydir ki, onun qədər həqiqisi yoxdur. Yeganə həqiqətdir ki, hamı üçün var. Doğulmaya da bilərdik, sevməyə də bilərdik, amma ölməyə bilmərik. Doğuldunsa, mütləq öləcəksən. Və hər bir insan, adını ölüm qoyduğumuz o həqiqəti doğulan gündən öz içində “bəsləyir”, obrazlı desək, meyvənin içindəki tum kimi... Yenə də deyirəm, ölümdən qorxmuram, ölmək məqamı gələrsə bir gün, ölə bilməsəm, bax ondan yaman qorxuram.
İnsanoğlu sözündə var olur, sözündə özününküləşir, sözündə bütünləşir. A.Qasımovun özü ilə sözü arasında nə var?
- Söz ağızdan çıxdımı bizim allahımıza çevrilir. Mənim sözüm, həm də mənim allahımdır. Çox sevdiyim şairin – Ramiz Rövşənin dili ilə deyəcəyəm: mənim Allahla bir al-verim var – aldığım nəfəsdir, verdiyim nəfəs. Sözümlə heç vaxt məşğul olmamışam. Mənimki ancaq özümlə olub. Və bütün bunlardan üstün saydığım bunları da hərəkətə gətirən, işlək edən əməldir. Diqqətim ancaq o əməldədir. Sözümü də, özümü də əməl sağaldır.
H.Berqson: “İnsan zaman içində deyil, zaman insanın içində yaşayır”. İçində yaşatdığın zamanla içində yaşadığın zaman necə yola gedir?
- Bəri başdan deyim ki, heç vaxt yola getmirlər (gülür). Heç vaxt içində yaşadığım zamandan razı qalmamışam. Amma necə eləmək olar ki, həm içində yaşadığın zamanı dağıtmayasan, həm də “yaşaya” biləsən? Düşündüm-daşındım, ən rahat yolunu tapdım: başladım öz içimdə bir zaman uydurmağa. Həmən içimdəki zamanda mən istədiyim kimiyəm, o zamanda mən heç kimə, heç kim də mənə mane olmur. Orada hər şey mənə görədir. Realda deyirəm, gülürəm, zarafatlaşıram, içində olduğum zamandan inciyəndə içimdəki zamana çevrilirəm. O zamanda istədiyin yerləri gəzirsən, dolanırsan. Realda oralara getmək təklif olunanda hətta getmək istəmirsən, gedərsən birdən gördüyündən fərqli mənzərə ilə qarşılaşarsan, qurduğun dünya alt-üst olar qorxusu ilə... Bax, belə uydurma bir dünyada yaşayıram və təklif edirəm sizə də... çox xoşdur, başqa zamanda yaşayanlara mane olmamaq şərtilə (gülür).
Ailə nədir sənə görə?
- Hər bir kişinin üzərinə məsuliyyət qoyulur. Mənim üçün ən böyük məsuliyyət ailədir. Müəllimim demişdi bir dəfə, ailə quranda siz qala tikirsiniz. Çox xoşuma gəlmişdi bu söz. Ailə qalasından bir kərpic düşübsə, özünü o qalaya kərpic əvəzi hörəcək qədər qiymətlidir mənim üçün ailə.
Teatr, yoxsa kino?
- Heç biri (gülür). Hərəsi bir cür YALANDIR. Ən gözəli isə yalan olduğunu bildiyimiz şeylə gerçək kimi məşğul olmağımızdır. Mən teatrı daha üstün sayıram, çünki ordakı bütün yalanlar müqəddəs yalanlardır. O yalanların içərisində vaxt tapıb hələ Tanrını da zikr eləyirik. Yalan danışmıram, inanmırsınız, vaxt tapın ayrılın bu gerçəklikdən gəlin teatra biraz yalanlaşaq. Gəlsəniz görəcəksiniz ki, teatrın bir çox əhəmiyyəti ilə yanaşı, psixoterapevtik əhəmiyyəti də YALAN deyil.
Könül Əliyeva
teatrşünas
banner

Oxşar Xəbərlər