AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Tariximizin hər bir səhifəsi gələcəyimiz üçün zəngin mənbədir

Tariximizin hər bir səhifəsi gələcəyimiz üçün zəngin mənbədir

Cəmiyyət
13 Aprel 2021, 22:22 381
Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha məğrur, yenilməz xalq olduğunu təsdiqlədi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında böyük qürurla qeyd etdiyi kimi, biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, həmçinin dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Deputat deyib ki, döyüş hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən Prezident İlham Əliyevin təkmil islahatlara, yeniliyə, müasirliyə əsaslanan siyasəti nəticəsində son 17 ildə Azərbaycan bütün sahələrdə ilklərə imza atıb. Təbii ki, hər bir ölkənin inkişafında iqtisadi müstəqillik əsas rol oynayır. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alsaq, dünyaya nümunə olan inkişaf modeli ilə dayanıqlı inkişafını təmin edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən yeri və rolunu daha aydın görərik. Dövlətimizin müstəqil siyasəti bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibət qurmasını şərtləndirən əsas amillərdəndir.
"Hər bir çıxışında Azərbaycan Ordusunun gücünə, qüdrətinə böyük əminlik nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edirdi ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır,” - söyləyən deputat vurğulayıb ki, rəşadətli Ordumuz ona olan inamı Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiqlədi, sahibini gözləyən bu ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırdı.
Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə bölgədə yeni geosiyasi mənzərənin yaradılması möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.
M.Həsənov qeyd edib ki, Vətən müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin imzaladığı fərman və sərəncamların böyük əksəriyyəti əldə olunun tarixi Qələbənin qəhrəmanlarının təbliğinə həsr olunub. O deyib: "Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş əməliyyatları beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Döyüş əməliyyatlarında Ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam Qələbənin başlıca amilləri olmaqla yanaşı, Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən, amma 28 il idi ki, icra mexanizmi "unudulan” qətnamələrin yerinə yetirilməsini reallaşdırdı”.
İkinci Qarabağ müharibəsinin getdiyi vaxtlarda Azərbaycana təzyiqlərin göstərildiyini, sanksiyalar tətbiq edilməyə cəhdlər edildiyini önə çəkən M.Həsənov qeyd edib ki, onların qarşısı yenə də Azərbaycanın gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi sayəsində alındı. Dövlətimizin başçısı İlham Əliyev qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədi. Müzəffər Ali Baş Komandanın söylədiyi "Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr” fikirləri bu günədək beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, sanki belə bir məfhumun mövcudluğunu şübhə altına alan aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara ciddi mesajdır. Prezident İlham Əliyev 44 günlük müharibə dövründə həm döyüş meydanında, həm də informasiya cəbhəsində Azərbaycanın Qələbəsini təmin etdi. Ermənistana və ona havadarlıq edənlərə sübut edildi ki, "Qarabağ Azərbaycandır!”
Deputat belə bir ümumi mənzərəni diqqətə çatdırıb ki, Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Düşmən üzərində tam Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Prezident İlham Əliyev qeyd etdiyi kimi, Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına Şuşa azad edildi və düşmən diz çökdü, ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
M.Həsənov qeyd edib ki, Bakıda Hərbi Qənimətlər Parkı İkinci Qarabağ müharibəsi həqiqətlərinin təbliğinə, Azərbaycanın qalib, Ermənistanın məğlub ölkə kimi dünyada tanınmasına geniş imkanlar açacaq. "44 günlük Vətən müharibəsinin hər anını özündə əks etdirən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri təkrar-təkrar göz önünə gətirəcək, Ordumuzun gücünü, gənclərimizin vətənpərvərliyini, torpaq sevgisini bir daha açıqlayacaq. Tariximizin hər bir səhifəsi əziz olmaqla yanaşı, gələcəyimiz üçün zəngin mənbədir”, - deyə o qeyd edib.