• cümə axşamı, 28 mart, 22:10
  • Baku Bakı 13°C

Tarixi yaddaşına hopduran türk şəhərləri - REPORTAJ

26.11.22 00:30 2728
Tarixi yaddaşına hopduran türk şəhərləri - REPORTAJ

Türkiyə səfirliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycandan olan jurnalistlər Sivas və Ərzincanda səfərdə olublar. Onlara bölgənin tarixi abidələri, turizm potensialı haqqında məlumatlar verilib. 

Mədəniyyətlərin qovuşduğu Türkiyə hər zaman turistlərin diqqətini özünə cəlb edib. Ölkənin tanınmış turizm bölgələri ilə yanaşı, turistlərin yolunu gözləyən Anadolu bölgəsindəki yerlər də çox cəlbedicidir. Təbii ki, bu qənaətə o yerlərə səfər etmədən gəlmək olmaz.

Noyabrın 15-18-i tarixlərində biz də Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycandan olan jurnalist həmkarlarla Sivas və Ərzincanda səfərdə olduq. Səfərin ilk günü İstanbulda olarkən həm də Qırğızıstan, Qazaxıstan, Serbiya, Moldova, Bosniya və Herseqovina, Bolqarıstan və Rumıniyadan olan jurnalistlər, bloqerlərlə də tanış olduq.

Səlcuqlu sultanlarının məkanı

Səfərin ilk günü Səlcuqlu sultanlarının məkanı olan Sivasda olduq. Burada ilk tanışlığımız Gök mədrəsə-muzeylə oldu. Bu məkanı ziyarət edərkən bildirildi ki, mədrəsə Səlcuqlu Türk dövlətinin sultanı Qiyasəddin Keyxosrov tərəfindən 1271-ci ildə səlcuqlu-türk arxitekturasına uyğun olaraq tikilib. O da vurğulandı ki, abidənin adı həm Allaha inanc, həm də oğuz türklərinin rəmzi olan göy mənasını özündə ehtiva edir.

Mədrəsənin giriş qapısı, kandarı mərmərdən tikilib. Tarixi abidənin tərkibində 19 otaq var və vaxtı ilə burada həm ibadət edilib, həm də şagirdlərə dərslər keçirilib. Hazırda tarixi abidədə aparılan restavrasiya işləri yekunlaşmaq üzrədir. Bərpa işlərindən sonra mədrəsə-muzey ziyarətçilərin üzünə açılacaq.

Sivasda ziyarət edilən növbəti məkan Kale kompleksi oldu. Burada bildirildi ki, bu kompleks 1217-ci ildə tikilib. Kompleksə 2 mədrəsə, karvansara, hamam və şəfa ocaqları daxildir. Sonradan şəfa ocağında Səlcuqlu sultanı İzəddin Keykavus dəfn edilib və türbəsi tikilib. 

Tarixi dönüş - Sivas Konqresi

Kale kompleksi ilə üzbəüz olan digər tarixi məkan isə Sivas Konqres mərkəzidir. Antanta dövlətlərinin Osmanlı ərazilərini işğal etməyə başlamasından sonra Mustafa Kamal Atatürk 19 may 1919-cu ildə Samsuna gedib. 1919-cu il 23 iyul-7 avqust tarixlərində Ərzurum, 4-11 sentyabr tarixləri arasında isə Sivas Konqresini çağıraraq ölkənin işğal olunan ərazilərinin geri qaytarılması üçün görülməsi lazım olan işləri müəyyənləşdirib. Buradan da Türkiyənin azadlığı uğrunda mübarizəyə başlanılıb. 

Zanbaq oymalı “Ulu məscid” 

Növbəti ziyarət məkanı Sivasın mərkəzindən kənarda yerləşən Divriyi qəsəbəsi oldu. Burada yerləşən XIII əsrə aid “Ulu məscid” möhtəşəmliyi ilə insanın diqqətini cəlb edir.  

Abidə XIII əsrə aid olub Səlcuqlu sultanı Əhməd Şahın həyat yoldaşı Məleykə Turan Məlik tərəfindən inşa edilib. Bu abidə kompleksinə məscid, mədrəsə və xəstəxana daxildir. Abidənin qapıları önündə Qurani-Kərim ayələri ilə bərabər zanbaq gülünün əks olunduğu oymalar Məhəmməd peyğəmbəri simvolizə edir.

Burada xüsusilə qeyd olunub ki, vaxtı ilə burada mövcud olmuş xəstəxana ruhi xəstələr üçün nəzərdə tutulub və onlar su səsi ilə müalicə olunublar. Hazırda restavrasiya olunan abidə UNESCO-nun mədəni irs siyahısına daxil edilib.

Tolerantlıq nümunəsi Kemaliye 

Sivasdan yolumuz birbaşa Ərzincana oldu və gecəni Kemaliye qəsəbəsində keçirdik. Gecə bu yerlərin gözəlliyini görməyimizə mane olsa da, səhərin erkən saatlarında səfər iştirakçıları özlərini “cənnət”də hiss etdi. Məlumat verildi ki, qəsəbənin əvvəlki adı Eyin olub və göytürk etimologiyasına əsasən, “cənnət kimi gözəl bağça” mənasını verir.

Daha sonra jurnalistlər Kemaliye qəsəbəsində 1865-ci ildə tikilmiş erməni kilsə ilə tanış oldular.

Qeyd edildi ki, kilsənin tikilişi zamanı pulları bitən ermənilər inşaat işlərini müsəlmanların dəstəyi ilə başa çatdırıblar. Hazırda bu abidə Kemaliye Etnoqrafiya Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə yerli əhalinin təşəbbüsü ilə toplanmış maddi-mədəniyyət nümunələri sərgilənir.

Abidənin alt mərtəbəsində isə parça sexi fəaliyyət göstərir. Qadınların çalışdığı bu sexdə pambıq saplardan müxtəlif növ məhsullar hazırlanır.

Təbiət muzeyi və Qaranlıq Kanyon

Növbəti ziyarət edilən məkan Kemaliye rayonunda yerləşən Hacı Ali Akın Yüksək Məslək Məktəbi oldu. Məktəbin binasında professor Ali Demirsoy adına Təbiət Tarixi Muzeyi də fəaliyyətdədir. Burada 1600 növ heyvanın, böcəyin, eləcə də bölgəyə məxsus mineralların nümunələri sərgilənir.

Bunun ardınca səfər iştirakçılarını yayda turistlərin ən çox ziyarət etdiyi Qaranlıq Kanyona (yarğana) dəvət etdilər. Burada Fərat çayının ən böyük qolu Qarasu çayı boyunca qayıq vasitəsilə gəzinti oldu.

950 ildir dəfn edilməyən Səlcuqlu sərkərdəsi

Jurnalistlər Ərzincanda səfər çərçivəsində Kemah qəsəbəsini də ziyarət etdilər. Bölgənin valisi Muhammed Şükrü Pekpak Kemah yaşayış məntəqəsi barədə məlumat verdi. O qeyd etdi ki, Kemahın 3 min illik tarixi var. Yerin adı Urartu dövləti dönəmindən gəlir. Sonradan Kemah Sultan Arparslan tərəfindən səlcuqluların mülkünə çevrilib. Daha sonra Əmir Teymur tərəfindən işğal olunub. Sonralar Osmanlıların tərkibində olub. Zaman-zaman bura ruslar tərəfindən işğal olunsa da, Osmanlı tərəfindən geri alınıb. I Dünya müharibəsi dövründə Kemah erməni silahlılarının da hücumuna məruz qalıb.  

Vali vurğuladı ki, hazırda Kemah qalası ərazisində qazıntı işləri aparılır. İndiyədək 600 yaşayış yeri aşkarlanıb və tədqiqatlar davam etdirilir.

Kemah qalasının aşağısında yerləşən qəbiristanlıqdakı türbənin ziyarəti zamanı isə bildirildi ki, tarixi abidə Səlcuqlu sultanı Məlik Şahın hərbi rəhbərlərindən olmuş Sultan Məngücək Əhməd Qaziyə məxsusdur. Maraqlı məqam ondan ibarətdir ki, 1191-ci ildə dünyasını dəyişən Əhməd Qazi torpağa verilməyib. Onun cənazəsi səlcuqlulara məxsus şəkildə dərmanlanaraq 950 ilə yaxın bir müddətdir səkkizguşəli türbədə saxlanılır. Sərkərdənin hansı səbəbdən dəfn edilmədiyi bilinmir və cənazəsi bu günədək də türbədə qorunub saxlanılır. 

Bəxtiyar Məmmədli 
Bakı-İstanbul-Sivas-Ərzincan-Bakı

banner

Oxşar Xəbərlər