TAPMACA SEHRİ

Şifahi
xalq ədəbiyyatı ta qədimdən günümüzəcən mənsub olduğu xalqın ruhunun butası,
sığınacaq yeri olmuşdur. Xalqın yaradıcılıq ruhu küll halında daha çox
folklorda özünü təcəssüm etdirir və qoruyur. Bildiyimiz kimi Azərbaycan
folklorunun bir çox janrları müəllif sarıdan anonim sayılır. Demək, bu
yaradıcılıq növünün formalaşmasında bütövlükdə xalqın – yəni, bizim hər
birimizin nənə və dədələrimizin təfəkkürü iştirak edib desək, yalan olmaz.
Hansı sənət nümunəsi anonimdir o, xalqın şərikli malıdır, yəni, o hamıya
məxsusdur, ona təklikdə heç kəs yiyələnə bilməz. Elə buna görə də folklor bizim
hamımıza əziz və müqəddəsdir. Görəsən, yaşlı nənələrimizin bir qılçı altında, o
birini uzadaraq yun didə-didə, cəhrə əyirə-əyirə söylədiyi bayatıların, laylaların,
söyləmələrin, körpə səvələmələrinin nə qədəri bu gün bizə gəlib çatıb?!
Dədələrimizin kotanın macından yapışaraq öküzləri şum yerində hohalaya-hohalaya
dediyi holavarların, əlində koğalı əl ağacı (çomağı), başında qıllı papağı,
əynində yapıncısı dağlar qoynunda tənha çobanın dediyi sayaçı sözlərdən bu gün
nə qədərinə yazılı sahiblənmişik?! Uşaqların səhv və düz hərəkətlərinə baxan
anda, ya başqa bir münasib məqamda ürəklərindən təpib dillərinə çıxan
zərb-məsəllərin, atalar sözlərinin hamısı bu gün folklor kitablarında yazılı
yer tuturmu?! El yığnaqlarında, xeyir məclislərində təbiətində şuxluq olan nənə
və dədələrimizin hər bir adamın hərəkət və xarakterik cizgilərinə, tutduğu işə
uyğun məqamında dediyi tağəllilərin, lətifələrin, bəzəmələrin hamısı yaddaşdan
yaddaşa keçibmi (burda sual həm də vulqar məna ifadə edən dadlı-duzlu
lətifələrimizə aiddir, heyf ki, onları toplamaq isdəyən abrına bürünüb qolunu
yanına salmalı olur)?! Bura keçmişdə hamının toplaşdığı məclislərdə el
aşıqlarının gendən gəşt eləyib söylədiyi dastanları, nənələrin söylədiyi
nağılları da əlavə etsək, əlimizə çatmayan mətnlər üçün keçirdiyimiz təəssüf
hissinin nə qədər çox olduğunun fərqində olarıq. Bütün bu sadalanan folklor
janrlarının nümunələrinə baxanda ulularımızın ağlının nə qədər iti olduğuna,
sözü yerli-yerində demək bacarığına mat qalırsan. Babalardan qalma, bizi öz
sehrində mat qoyan xalq yaradıcılığı növlərindən biri də tapmacalarımızdır.
Bizim tərəflərdə tapmaca deməyə "tapmaca satmaq” deyirdilər. Tapmaca məclisi bu
sözlərlə başlayardı – gəlin, tapmaca sataq. Tapmacalar daha çox uzun qış
gecələrində baba və nənələrimiz tərəfindən vaxtı uşaqlara maraqlı etmək üçün
qoşulurdu (satılırdı). Tapmaca yaratmaqda məqsəd uşaqların zehnini, əqlini
inkişaf etdirmək, onlarda sözü eyhamdan anlamaq qabiliyyəti aşılamaq üçün bir
vasitə idi. Tapmacalar forma etibarıyla sərbəst olur – deyək ki, onlar bayatı
kimi bir qəlibə oturmurlar.
O nədi ki,
gecə-gündüz yol gedər,
Bircə qarış
yol gedər.
(Saat),
bəzən
də bir bənddə və daha çox sətirdə meydana çıxa bilir:
Zər zərə yapışar,
Zər divara yapışar.
Zərgər getdi gəlmədi,
Zər divardan qopmadı.
(Açar,
qıfıl).
Yəni,
tapmacalarımız məzmun etibarıyla eyni olsa da, forma etibarıyla fərqli ölçü və
biçimdə olurlar. Balaca vaxtı Laçında olanda tapmacaların ibtidai forması
uşaqlar arasında geniş yayılmışdı. Bu tapmacaları uşaqlar dialoq şəklində
deyirdilər. Tapmaca satan uşaq belə başlayardı:
-
Mən görən nədən?
Onun
tapmaca satdığı uşaqlardan biri sualla cavab verirdi:
-
Əsli nədən?
Tapmaca
satan gördüyü bir əşyanı, ya canlını nəzərdə tutub, məsələn, belə deyirdi:
-
Bir dənə, bir dənə quşdan?
Tapmaca
satandan başqa hamı gözüylə tapmacanın cavabını (quşu) gəzirdi. Düz cavabı
tapan (burda görən) başlayırdı tapmaca satmağa. Yəni udan-uduzan qaydasına əməl
edilir, ardıcıllıq özünü qoruyurdu. Mənə görə bu tapmacalar klassik
tapmacalardan fərqli olaraq göz tapmacalarıydı. Burda cavabın tapılmasında
insanın iti ağılından çox onun iti gözləri işə yarayırdı. Daha bir tapmaca
oyunu isə "Həngülümpuç” adlanırdı. Onu uşaqlar belə oynayırdılar – bir nəfər
əlində bir kiçik əşya (düymə, qəpik, çöp, daş) götürüb iki əlini də arxasına
aparırdı. Əlindəki əşyanı əlinin birində gizlədəndən sonra iki əlinin yumruğunu
da qarşısındakı oyunçuya tərəf uzadıb deyirdi tap görüm hansı əlimdədi?
Qarşıdakı uşaq belə edirdi - əlini əvvəl bir yumruğa, daha sonra o biri yumruğa
vurub deyirdi: həngülümpuç, bunu yum, bunu aç. Tapsa, udurdu, tapmasa,
əvvəlcədən kəsilmiş şərti yerinə yetirməliydi. Bu daha çox uşaqların fəhminə
hesablanmış oyun idi – daha doğrusu, bəxtə-bəxt. Uşaqlar üçün düşünülmüş bu tapmacalar (göz
tapmacaları, "Həngülümpuç”), oyunlar gələcəkdə onların ağıl tapmacalarının
cavabını tapmaq üçün bir məşq idi. Bütövlükdə isə tapmacaların alt qatında
həyatın insanı gah uğura, gah da uğursuzluğa düçar edəcəyi fəlsəfəsini
körpəlikdən uşaqlara başa salmaq, onları buna hazırlamaq dayanır. İnsandan
ağıl, iti zəka, güclü müşahidə qabiliyyəti tələb edən tapmacalarımız onu
yaradanların ağlının nə qədər iti olduğunun bariz nümunəsidir. Bu tapmacalar
cavabı olan, əşyanın, canlının, bitkinin, təbiət hadisəsinin və mücərrəd məfhumun
şəklini üstüörtülü şəkildə sözlə o qədər dəqiq çəkir ki, adam heyrət etməyə
bilmir.
Fikrimizə
söykək üçün misallara baxaq -
cavabı
əşya olan tapmaca:
Uzun qız oba
gəzər.
(Oxlov),
cavabı canlı olan tapmaca:
Tutdu, tutdu tubulğa,
Tutda bitər tubulğa.
İçindən bir zoğ çıxdı
Nə tutdu, nə tubulğa.
(Qatır),
cavabı
bitki olan tapmaca:
Bir gilə mərmər
başı,
Yandırır
dağı-daşı.
(İstiot),
və
ya
Qızıl qaya
yellənir,
Məmələri
sallanır.
(Zoğal),
təbiət
hadisəsini təsvir edən tapmaca:
Həmər ha
həmər
Şah belində kəmər,
Ayaqları yerdə,
Göydə qulun əmər.
(Göy qurşağı,
şimşək, yağış, torpaq),
mücərrəd
məfhumun əlamətini verən tapmaca:
Qənddən şirin,
Baldan şirin.
Tərəzidə çəkilməz,
Bazarda satılmaz.
(Yuxu).
Göründüyü
kimi tapmacalarda cavabların əlamətləri mətndə üstüörtülü şəkildə dəqiqliklə
verilmişdir.
Aşağıdakı
tapmacaya fikir verək:
Bir hana qurdum,
Ağ uzatdım,
Qırmızı toxudum,
Qara kəsdim.
(Böyürtkən)
Təbiət
hadisəsinin əvvəldən axıra xalçaçılıq sənətinə bu cür ustalıqla bənzədilməsini,
yaraşdırılmasını düşünən insan şairdi. Bu obrazlı düşüncənin məhsuludur.
Tapmaca satan tapmacanın cavabını tapmalı olanlara cığallıq (dəbbəlik) üçün heç
bir yer qoymur. Ya düz cavabı tapırsan, ya da düz cavab səslənəndən sonra
uduzmağınla barışırsan.
Tapmacalar
cavablarına görə də fərqlənirlər. Dediyimiz kimi tapmacalar haqqında bəhs
edilən canlı və ya cansızın əlaməti üzərində qurulur. Bəzən bu əlamət konkret
olur və tapmaca bir cavablı tapmaca olur. Məsələn, şeir şəklində deyilən bu
tapmacanın cavabı konkretdi:
Ay ağalar,
gəlin gedək
Karvanınızı
sürün gedək,
Səksən səkkiz
qapıya
Bir qıfılı
vurun gedək.
(Qəbiristan)
yəni, belə demək mümkünsə, bu nümunə bir cavablı
tapmacadı. Haqqında bəhs edilən canlı və ya cansızın bir və ya bir neçə
əlamətinin üstündə qurulan, hər hansı təbiət hadisəsinin əlamətlərini ardıcıllıqla
verən tapmacalar çox cavablı tapmacalar olurlar:
Dilim-dilim
nar,
Diziməcən
qar.
Uçdu bir
kəklik,
Qondu bir
dilbar.
(Xırman:
Sünbül, heşan, püfə, buğda)
ustalıqla qurulmuş bu tapmacada yaxın keçmişin
xırman hadisəsi əvvəldən axıra sadalanır və onun dörd cavabı var. Tapmaca həm
də məhsul yetişdirən insan əməyini tərənnüm edir.
Elə
tapmacalarımız var ki, onlarda şeir şirinliyi, ritm, hətta qafiyə də var:
Tap tapmaca
Tapdı maca,
Əmralı-saqqallı qoca.
Əkdim nöyüt,
Bitdi söyüd.
Yarpağı tut,
Başı armud.
(Pambıq –
qozası, məhsulu).
Gəlin
çox sətirli və qafiyəli tapmacalara belə bir orijinal yanaşma edək – onların
cavabını ad yerinə qoyub şeir kimi oxuyaq:
Güzgü
Tap-tapı,
Dəmir qapı,
Xan bağı,
Şah ölkəsi.
Dəyirman
O tayda bir qurd durub,
Dişini dişinə vurub.
Cümlə-cahanı yeyib,
Yenə yerində durub.
Nar
Hacılar haca gedər,
Cəh vurar gecə gedər.
Bir yumurta içində
Yüz iyirmi cücə gedər.
Mücərrəd
və indi modern adıyla yazılan şeirlərin ən gözəl nümunələridir bu tapmacalar.
Tapmacalarda
xalqımızın ruhu, onun xarakterik cizgiləri də öz əksini tapır. Mənə elə gəlir
ki, aşağıdakı tapmacanı babalarımız deyiblər və "xanım” sözü mətndə elə-belə
yer almayıb.
Bir balaca fint daşı,
İçində xanım aşı.
(Fındıq)
Nəzakət
qaydalarına görə babalarımız ən gözəl, dadlı şeyləri zərif cinsin nümayəndələrinə
- nənələrimizə yaraşdırıblar, onlar üçün əldə ediblər. Bu tapmaca ulu
babalarımızın qadına münasibətinə bariz nümunədir.
Vaxtilə
valideynlərimiz tapmaca ilə uşaqlara buyruq buyururdular. Əvvəldən kəsilmiş
şərtə görə uşaqlara tapmaca satılırdı, cavabı tapa bilməyən durub su gətirməyə
getməliydi, ağacdan meyvə dərməliydi, atı nalbəndə aparmalıydı, bağın, bostanın
yolağasını tutmalıydı və s...
Göründüyü
kimi folklorumuzun tapmaca janrında çox mətləblər gizlənib, biz onun fəhmimiz
görə bilən qədərinin burda şərhini verdik. Hər bir folklor mətni özündə bir
sirr qoruyur. Ona görə də olduğumuz məkanda bu nümunələrin xalqdan toplanıb
xalqa qaytarılması xeyirxah iş sayılmalıdır. Gələcəkdə xələflərimizə biz
sələfləri haqqında bu mətnlər daha çox məlumat ötürəcək. Şifahi xalq
ədəbiyyatının bir missiyası da elə budur.
Zəruri
qeyd: yazıda "Laçın folkloru” kitabındakı ədəbi mətnlərdən istifadə olunmuşdur.
İlham QƏHRƏMAN
