“Söz planeti” muzeyi
Ötən il ABŞ-da dünyanın ilk riyaziyyat muzeyi yaradılmışdı. Elmin hər
bir sahəsinə eyni ciddiyyətlə yanaşan Birləşmiş Ştatlar bu ilin ilk günlərindən
"Söz və dilçilik muzeyi”nin yaradılacağı xəbəri yayıldı. Bənzəri olmayan bu
muzeyin necə qurulacağı hamıda böyük maraq oyatdı. Ağ evin İqtisadi və Sosial
İnkişaf üçün Planlaşdırma Mərkəzi Bürosu muzey üçün ilk addımı atıb. Belə ki,
Franklin məktəbinin tarixi binası "Söz Planeti” muzeyinin araşdırma mərkəzi elan
edilib. Yanvarın 30-da isə muzeyin rəsmi saytı – planetwordmuseum.org –
fəaliyyətə başlayıb. Rəsmi açılış məktubunda yazılıb: "Belə bir muzeyə Franklin
məktəbi kimi tarixi bir binanın ayrılması bizim üçün fəxrdir. Söz planeti kəsb
etdiyi mahiyyət və planlaşdırdığı işlərin əhəmiyyətliliyi ilə Franklin
Məktəbinin əvvəlki arxitektual şöhrətini bərpa edəcək. Söz planeti dil və söz
araşdırmaçılarının elmi prosesi əyləncəli, interaktiv və bənzərsiz təcrübəyə
çevrilməsinə şərait yaradacaq. Cəmiyyətin dilçilik elminə marağının artmasına,
ədəbi qabiliyyətlərin inşa edilməsinə səbəb olacaq. Bu ideya yox yerdən
yaranmadı. Biz cəmiyyətdəki boşluğu, dilçilik elminə, söz sənətinin
araşdırılmasına olan ehtiyacı nəzərə alaraq, belə bir ideyanın üzərində
işlədik”.
Layihənin idarəçi meneceri "Nyu-York Tayms” dərgisinin
redaktorlarından Tom Freydmanın xanımı Ann B. Freydmandır. Dilçilik üzrə
araşdırmaçıların, elmi işçilərin ən çox ziyarət edəcəyi yerlərdən biri olacağı güman edilir. Lakin
muzeyin hansı konsepsiya ilə fəaliyyət göstərəcəyi hələ də açıqlanmayıb. İşin
maraqlı tərəfi isə odur ki, muzey sadəcə ingilisdillilər üçün yox, bir çox Avropa
dilində danışanlar üçün də olduqca yararlı mərkəz olacaq. Muzeyin tam hissə ilə
2019-cu ildə fəaliyyətə başlayacağı bildirilir.