Sürət, həzz, həyəcan… Odlar Yurdunun sürətin zirvəsində olacağı günə
artıq sayılı günlər qalıb. İyunun 17-18-və 19-u Bakının mərkəzi küçələri
dünyanın ən məşhur 22 "Formula 1” pilotunun sürət yarışındakı gərgin rəqabətinə
səhnə olacaq.
Biz də paytaxt Bakıda "Formula 1” yarışmasına hazırlıq işlərini
işıqlandırmaq və şəhərin mərkəzindəki yeniliklərlə tanış olmaq üçün yarışın
keçiriləcəyi mərkəzi küçələrə yollandıq.
Şəhərdə işlər sürətlə davam etdirilir. Artıq iyunun 14-dən etibarən
Avropa Qran Prisində iştirak edəcək komandaların texniki heyətləri və pilotlar
ölkəmizə təşrif buyuracaqlar. 9 tribuna, 20 döngə
Neftçilər prospekti, Hökumət evi və Qız qalasının qarşısı kimi əsas mərkəzi
hissələrdən keçəcək bolidlər üçün qarajlar artıq tikilib, bəzi küçələrdə təhlükəsizlik
baryerləri quraşdırılıb. Yarış qülləsi adlanan pit binası kompleksində təmir
işləri bitib, son hazırlıqlar görülür.
"Formula 1” avtomobillərinin yarış halqası bəllidir. Yollar yarış
standartlarına uyğun təmir olunub. Yarış halqaları 9 tribunadan, 20 döngədən
ibarətdir. Belə ki, yarış iştirakçıları Abşeron tribunasından start götürüb, elə
bu tribunada da turu bitirəcəklər. Marşrut xətti Xəzər, İçərişəhər, Filarmoniya,
Azneft, Qız Qalası, Muğam, Sahil, Bulvar tribunalarından keçəcək. Ən böyük
tribuna Azadlıq meydanında salınır.
Bakı Şəhər Halqasının
tikinti üzrə meneceri Tomas Buçer deyir ki, tribunaların artıq 7-si quraşdırılıb:
"Yarışdan sonra tribunalar söküləcək. Artıq 7-si quraşdırılıb, hazırda Abşeron
tribunasında inşa işləri davam edir. Doqquzuncu tribuna isə Four Season hotelinin
qarşısında quraşdırılacaq. Artıq İçərişəhər, Azneft, Sahil, Qız Qalası,
Filarmoniya, Bulvar və Xəzər tribunalarında tamamlanma işləri görülüb. Bakı Şəhər
Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il "Formula 1” Avropa Qran Prisinin təşkili
ilə bağlı lazımi hazırlıq tədbirlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə
başa vurub və son tamamlama işlərini iyunun 16-dan əvvəl başa çatdırmaq əzmindədir”.
"Təəccübləndim”
Beynəlxalq
Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri
üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edərək, Bakı Şəhər
Halqasında hazırlıq işlərinin gedişatı ilə yaxından tanış olub.Vaytinq və onun
komandasının ötən ay keçirdiyi təftişdən cəmi bir neçə həftə sonra baş tutan
sonuncu səfər zamanı trek və onun ətrafındakı yardımçı binaların "Formula 1”
Qran Pri yarışının keçirilməsinə hazırlıq səviyyəsi bir daha qiymətləndirilib. Aparılan
hərtərəfli təftiş işlərindən sonra Vaytinq son işləri tamamlanmaqda olan şəhər
trekindən böyük məmnunluğunu ifadə edib: "Sonuncu səfərimdən sonra həyata
keçirilən hazırlıq işləri məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə
baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf
edərək, trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər
başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim
ki, bir həftədən sonra burada keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla
gözləyirəm”.
Ucuz
biletlər qurtarıb
Biletlər Bakı Şəhər
Halqasının rəsmi səhifəsində onlayn satılır. Biletləri www.bakucitycircuit.com
veb səhifəsindən almaq mümkündür. "Formula 1” fanatları Park Bulvar AVM, 28
Mall, Port Baku TC, F1 əyləncə mərkəzində və Su İdmanı Sarayında fəaliyyət göstərən
bilet satış mərkəzlərindən də bilet əldə edə bilər. Ötən ilin dekabrından
satışa çıxarılan biletlərdən qiyməti 30-140 manat arası olanlar artıq qurtarıb.
Hazırda satışda qalan biletlərin ən ucuzunun qiyməti 190 manat təşkil edir.
Xəzər və Bulvar
tribunasının biletləri 190 manata təklif edilir. Bu tribunalardan bilet alanlar
bolidlərin START/FİNİŞ xəttinə doğru saatda 300 km-i aşan sürətlə hərəkətini
izləmək imkanına sahib olacaqlar. Digər tribunalar yarış məkanının müxtəlif
strateji məkanlarında yerləşdirilib və azarkeşlərə həm şəhərin füsunkar mənzərəsini,
həm də nəfəsçəkən yarış anlarını yaxından izləməyə şərait yaradır.
"Böyük
həyəcan və ajiotaj var”
Ən bahalı biletlər isə 4
min manatdır. Bilet qiymətləri haqqında məlumat verən Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və
kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyir ki, 4 min manatlıq
biletləri onlar müəyyənləşdirməyib. Onun sözlərinə görə, bahalı biletlər Paddok
Klub (Paddock Club) deyilən yerə aid biletlərdir ki, qarajların üstündə yerləşir:
"Həmin yerlərə olan biletləri əsasən şirkətlər alır. Dünyada, adətən iş
adamları, şirkətlər öz qonaqlarını həmin yerlərə bilet alıb dəvət edirlər, özləri
üçün xüsusi otaqlar ayırıb VİP qonaqlarını qarşılayırlar. Həmin yerlərə biletin
qiymətini isə biz yox, "Formula 1” özü müəyyən edir. Tribunalarda olan yerlər
üçün qiymət 19 dollardan başlayır”. N.Arpadarai qeyd edib ki, dekabrdan biletlər
satışa buraxılıb, azərbaycanlılarla yanaşı, əcnəbilər də maraq göstərir: "Bilet
Azərbaycan vətəndaşlarına 20-40 faiz endirimlə satılır. Dekabrda satış
başlayanda ən ucuz biletimiz 19 dollardan başlayırdı. Bu, birgünlük ayaqüstü
olan yerlərə aid idi. Üçgünlük biletlər isə 89 dollar civarında təqdim
olunurdu. Satışda qalan hazırki biletlərin qiyməti 90 dollardan 590 dollaradək
təklif edilir”.
Təşkilat nümayəndəsi
vurğulayıb ki, qiymətə sırf "Formula 1” yarışı daxil deyil: "Üçgünlük yarışlar
üçün bilet alan şəxs bu müddət ərzində səhərdən axşamacan "Formula 1” şəhərciyində
yerləşən əyləncə mərkəzlərinə sərbəst şəkildə daxil ola biləcək. "Formula 1”
saatyarım davam edən yarışdır. Ondan öncə GP 2 yarışı keçiriləcək, bileti olan
insanın həmin yarışa da baxmaq imkanı olacaq. Bulvar ərazisində çoxsaylı əyləncəli
məkanlar olacaq, 3 böyük səhnə quraşdırılacaq. Bütün bunlar bilet alan şəxslər
üçün ödənişsiz təklif ediləcək. Bundan başqa, onlar həm də üç gün ərzində dünya
ulduzlarının konsertinə giriş əldə edirlər. Xarici ölkədə Enrike İqlesiasın
konsertinə bilet 100 dollardan aşağı olmur. Amma "Formula 1” üç dünya ulduzunun
- Kris Braun, Enrike İqlesias və Farrell Uilyamsın konsertini təklif edir. Həmçinin
pilotlarla avtoqraf sessiyalar da mümkündür. Bu baxımdan təklifləri
ayrı-ayrılıqda hesablasaq, "Formula 1” biletinin qiymətləri baha deyil. O qiymətə
həm konsertlər, həm "Formula 1” yarışları, həm pilotlarla görüş, eyni zamanda
çoxsaylı əyləncələrə qatılma imkanı var. Bir sözlə, bilet alan insan səhərdən
axşamacan əyləncəli gün yaşayacaq”.
Onun fikrincə, 10 mindən
çox turistin gələcəyi gözlənilir: "Biz hələ bir neçə ay öncə deyirdik ki,
satışdan razıyıq. Hotellərdə satışlar kifayət qədər yaxşı gedir. Çünki biz bu
layihəyə biznes layihəsi kimi baxırıq. "Formula 1” həm təbliğat, həm də turizm
potensialının inkişafı baxımından fayda verəcək. Artıq bir neçə hoteldə yerlər
tutulub. Böyük həyəcan və ajiotaj var. Bilet satışının intensivliyi göstərir
ki, düşündüyümüz kimi, 10 mindən artıq turist ölkəmizə səfər edəcək”.
Əsas
tribuna
Ən böyük tribuna Abşeron
tribunasıdır. Bura 5 min izləyici tutumuna malikdir. Bu tribunada yarışları izləmək
istəyənlər 750 AZN ödəməlidir. Abşeron tribunası yarışı dəqiq və yaxından izləyə
bilmək baxımından ən üstün mövqedə yerləşir. Komandaların avtoqarajları ilə üzbəüz
yerləşən Abşeron tribunasına (əsas tribuna) bilet alanlar yarışın yüksək
adrenalin dolu başlanğıcına şahid olmaq və həyəcanverici pit-stop əməliyyatlarını
izləmək üçün ən yaxşı mövqeyə sahibdirlər. Bu tribunada olan yarış həvəskarları
Pit Yolu, start düzülüşü və finiş xəttini yaxından izləyə biləcəklər.
Qeyd edək ki, 30 minə
yaxın tamaşaçı eyni anda "Formula 1” yarışını tribunalardan canlı izləyə biləcək.