“Sülhməramlı” təxribat
Politoloqların fikrincə,
Qarabağdakı təxribatlar yeni müharibə ehtimalını artıra bilər
İkinci Qarabağ müharibəsindən sonra məğlub olan Ermənistan üçtərəfli
razılaşmanın tələblərini tam yerinə yetirmək əvəzinə, Qarabağda müəyyən təxribatlar
da törətməkdə davam edir. Separatçılar gah qondarma parlamentin iclasını
keçirir, gah rus dilini "ikinci dövlət dili” elan edir. Eyni zamanda Ermənistan
rəsmiləri də mütəmadi olaraq Qarabağa səfərlər edir. Bütün bu təxribatlar isə
Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Onlar isə buna göz yumur.
Bu addımı nəyin əlaməti hesab etmək olar? Azərbaycan belə məqamlarla bağlı
hansı addımları atmalıdır?
E.Şahinoğlu Paşinyanın Moskva səfərinə toxunaraq qeyd etdi ki, belə
səfərlər, görüşlər çox olub: "Amma Paşinyan indiki halda minnətlə Moskvaya
gedir. Onun Moskvadan xahiş və ricası olacaq ki, kommunikasiya xətlərinin
açılması ilə bağlı iyunun 20-dək onu sıxışdırmasınlar. Ermənistanda seçkiləri
keçirsinlər. Onsuz da Paşinyanın reytinqi yüksəkdir və böyük ehtimalla, yenə də
hakimiyyətdə qalacaq. Hökuməti ya təkbaşına, ya da koalisiya şəklində
formalaşdıracaq və bunu Moskva da anlayır. Ona görə də, Paşinyan seçkilərə görə
sıxılmasını istəmir və əgər o nə isə güzəştə getsə, devirə bilərlər. Bu
səbəbdən də iyunun 20-dək Rusiyadan və eyni zamanda Rusiya vasitəsilə bizdən
vaxt istəyir ki, seçki keçirilsin və sonra əli gücləndirilmiş şəkildə
kommunikasiya xətlərini açsın və digər məsələlər həll olunsun. Düşünürəm ki,
Paşinyanın Moskvadan istəyi var, nəinki Moskvanın Paşinyandan”.
Politoloq Qabil Hüseynli hesab edir ki, Kreml istədiyi düzəni postsovet məkanında bərqərar etmək istəyir. Onun fikrincə, rusların və eləcə də Qarabağdakı erməni tör-töküntülərinin hərəkəti Azərbaycan xalqını çox narahat edir: "Əlbəttə, təkcə bu məsələlər deyil. Eləcə də Əsgəran, Ağdərə, Xocalı istiqamətində olan ermənilər yolları bağlayır və Azərbaycana məxsus avtomobillərin Ağdərə istiqamətindən Kəlbəcərə yük daşınmasına imkan vermirlər. Rus sülhməramlıları da bunu dəstəkləyir. Üstəlik, həmin ərazilərdə hələ də erməni silahlı birləşmələrinin qalıqları qalır. Əlbəttə ki, Azərbaycan vəziyyətin belə davam etməsinə imkan verməyəcək və öz ərazi bütövlüyünü birmənalı qaydada təmin edəcək. Bunun dəqiq vaxtı məlum olmasa da, amma bu, mütləq baş verəcək. Bütövlükdə ölkəmizdə üçüncü bir qüvvənin olmasına imkan verməyəcəyik. Qarabağdakı ermənilər də Azərbaycan vətəndaşı olacaqlarsa, həmin ərazilərdə yaşaya biləcəklər”.
Q.Hüseynli yaranmış vəziyyətin diplomatik həllinin mümkün
olub-olmamağına münasibət bildirərkən vurğuladı ki, hələlik problemlər həll
edilməmiş qalır: "Amma inanmıram ki, buna cəhd edilməsin. Məsələn, bir neçə gün əvvəl Lavrovla Ceyhun Bayramov
və Ara Abramyan arasında görüş keçirilib. Düzdür, qeyd edilir ki, bu görüşdə
kommunikasiya məsələləri və onun həll edilməsi müzakirə olunub. Amma onu qeyd
edim ki, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov özü dəfələrlə bölgədə
Rusiya sülhməramlılarının hərəkətlərindən və eləcə də erməni silahlı
birləşmələrinin qalmasından narazılığını bildirib. Yəqin bu məsələlər də
Lavrovla müzakirə edilib. Lakin Rusiya xarici işlər naziri o şəxs deyil ki,
məsələnin həllinə pozitiv nail olasan. Hesab edirəm ki, Qarabağdakı problem
indiyədək güc yolu ilə həll edilibsə, qalan məsələlər də belə həll ediləcək.
Bunun vaxtı uzaqda deyil və bəlkə də bu il və ya gələn il ərzində qalan
problemlər də həll olunacaq”.
BƏXTİYAR