• cümə axşamı, 28 mart, 18:31
  • Baku Bakı 13°C

SOCAR xarici şirkətlərlə danışıqlar aparır

03.06.23 06:00 2351
SOCAR xarici şirkətlərlə danışıqlar aparır

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə: “Əgər "Ümid" yatağının ehtiyatları 200 milyard kubmetr həcmindədirsə, "Babək" strukturunun ehtiyatları bundan iki dəfə çox ola bilər”.

Bakı Enerji Forumunun 2-ci günündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edib. Bildirib ki, istismara veriləndən 2023-cü ilin mayın 1-nə qədər Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib. Onun sözlərinə görə, “Şahdəniz” yatağının qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir.

BTC ilə 484 milyon ton neft nəql olunub

X.Yusifzadə bildirib ki, indiyədək Azərbaycanda hasil edilən 654 milyon ton neftin 484 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb. Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsinə başlandığından 2023-cü ilin may ayının 1-nə qədər buradan 573 milyon ton neft hasil edilib. "İndiyə qədər yataqlar blokundan 208 milyard kubmetr qaz hasil edilib. X.Yusifzadə qeyd edib ki, indiyədək AÇG-də hasil edilən neftin 340 milyon tondan çoxu Azərbaycanın mənfəət neftinin payına düşüb.

SOCAR layihələrin icrasını sürətləndirməyi planlaşdırır

X.Yusifzadə həmçinin qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Babək” perspektiv strukturunda axtarış-kəşfiyyat işlərini sürətləndirmək məqsədilə SOCAR xarici şirkətlərlə danışıqlar aparır. Onun sözlərinə görə, qeyd olunan işlərin başlanılması üçün bu il mayın 10-da Fransanın "TotalEnergis" şirkəti ilə anlaşma memorandumu imzalanıb. X.Yusifzadə əlavə edib ki, əgər "Ümid" yatağının ehtiyatları 200 milyard kubmetr həcmindədirsə, "Babək" strukturunun ehtiyatları bundan iki dəfə çox ola bilər: “Ümumilikdə SOCAR-ın qarşısında “Ümid” və “Abşeron” yataqlarında qazma işlərinin intensivliyinin artırılması, “Babək”, “Naxçıvan”, “Zəfər-Məşəl” və “Şəfəq Asiman” perspektiv strukturlarında aparılan axtarış-kəşfiyyat işlərinin nəticələrinin yenidən qiymətləndirilməsi, bu ərazilərdə yeni quyuların qazılması və bu layihələrin icrasının sürətləndirilməsi məsələləri durub”.

Ulu Öndərin neft sənayesinin inkişafındakı xidmətləri

X.Yusifzadə Ulu Öndər Heydər Əliyevin neft sənayesinin inkişafındakı xidmətlərindən də danışıb. Onun sözlərinə görə,  Heydər Əliyev Azərbaycanın neft sənayesini həm sovet dövründə, həm də müstəqillik dövründə daim diqqətdə saxlayıb: "Sovet dövründə Azərbaycanın neft sənayesinin vəziyyəti bir o qədər də yaxşı deyildi. Xəzər dənizinin dərinliyi 40 metrə qədər olan sahələrində yataqlar kəşf edilmişdi. Əvvəllər texnika da yox idi, texnikaya görə yataqlarda geniş işləmək mümkün deyildi".

O bildirib ki, Heydər Əliyev 1970-ci illərdə vəziyyətlə tanış oldu və qarşıda duran məsələləri həll etməyə başladı: “Qısa zaman ərzində dünyada məşhur olan üzən qazma qurğular və digər istiqamətlərdə işləməyə imkan verən qurğular əldə edildi. Bu qurğuların sayı 11-ə çatdırıldı. Azərbaycan üçün 75 növdə 400-dən çox gəmi alındı. Bu, çox böyük inkişaf idi. Bu nailiyyətlərdən sonra yataqlar kəşf edilməyə başlandı. Dünyada məşhur olan “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqlarının “Günəşli” hissəsi 1979-cu ildə, “Çıraq” hissəsi 1985-ci ildə, “Azəri” hissəsi 1987-ci ildə kəşf edildi. Bu yataqlarla bərabər bir sıra kiçik platformalar aşkar edildi. Heydər Əliyev sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, ona görə də sovet dövründə Azərbaycanın neft sənayesini daim diqqətdə saxlayırdı. Sovet dövründə neft sənayemizdə müəyyən işlər görülmüşdü və işləmək üçün şərait yaradılmışdı”.

Kaspi.az

 

banner

Oxşar Xəbərlər