• bazar ertəsi, 29 aprel, 01:27
  • Baku Bakı 17°C

Əsla unutmamalıyıq!

30.03.24 05:43 2522
Əsla unutmamalıyıq!

Qan yaddaşımız olan 31 mart erməni vəhşiliyinin növbəti mərhələsi idi. Bu tarix dərindən öyrənilməli və həqiqətlər bu cinayətləri törədənlərin üzünə çırpılmalıdır.  

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür.  1918-ci ilin 30 mart - 3 aprel tarixləri arasında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə, xüsusi qəddarlıqla qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən, bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb. 

Mart soyqırımının törədilməsində əsas məqsəd həm də tarixi ərazilərimiz olan İrəvan və Zəngəzurun azərbaycanlılardan təmizlənməsi idi. Tarixi mənbələr tək İrəvan və Zəngəzurda 10 minə yaxın azərbaycanlının qətlə yetirildiyini, 60 min soydaşımızın isə öz doğma ellərindən didərgin düşdüyünü göstərir.  

Dəyişməyən erməni xisləti

Bu gün məlum hadisələrdən bir əsrdən də çox vaxt keçib. Lakin bu müddət ərzində erməni daşnaklarının, "miatsum" ideyası ilə böyüyən ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı münasibəti əsla dəyişməyib. 1992-ci ilin 26 fevralında Xocalıda əliyalın insanlara, qadınlara, qocalara və uşaqlara qarşı törədilən soyqırımı aktı zamanı tək biz yox, bütün dünya bir daha erməni xislətinin dəyişmədiyinin şahidi oldu. 106 il əvvəl baş verən qırğınları öz gözləri ilə görən Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdı: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” 

Bəli, biz bir almanın yüz il əvvəl gördüklərini  Birinci Qarabağ müharibəsində Xocalı, Qaradağlı, Meşəli faciələri, İkinci Qarabağ savaşı zamanı isə Bərdə və Gəncədə törədilən terror aktlarının timsalında bir daha yaşadıq. 

Soyqırımı ilə bağlı mühüm qərarlar

Xalqımızın yaşadığı bu dəhşətli faciənin unudulmaması, dünyaya tanıdılması istiqamətində dövlətin ali rəhbərliyi səviyyəsində bir sıra mühüm qərarlar verilib.   

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib. 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalanıb. 

Biz artıq qalib xalqıq

Biz artıq qalib xalqıq. Ərazi bütövlüyü, suverenliyi tamamilə bərpa edilmiş müstəqil dövlətə sahibik. Qalib ordumuz, güclü iqtisadiyyatımız, cəmiyyətimizdə sarsılmaz birliyimiz və ali rəhbərliyə böyük inam, etimad var. Qeyd etdiklərimizin hər birinə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Silahlı Qüvvələrimizin döyüşərək, minlərlə şəhid verərək əldə etdiyi tarixi zəfərlə nail olmuşuq. Bu gün Azərbaycan vətəndaşı olan hər bir kəs əminliklə bir daha belə faciələrlə üzləşməyəcəyinə inanır. Çünki sahib olduqlarımız xalqımız və dövlətimizin təhlükəsizliyini təmin edir. Bu gün sərhədlərimizi güclü, peşəkar, qalib Azərbaycan Ordusunun nəfərləri qoruyur. 

Əsla unutmamalıyıq!

Bununla belə, xalq olaraq zəfərlərimizlə bərabər keçmişdə yaşadıqlarımızı, üzləşdiyimiz soyqırımı aktlarını əsla unutmamalıyıq. Gələcək nəsillərin də unutmasına imkan verməməliyik. Dörd il öncə Azərbaycan xalqının dəmir yumruğu ilə beli qırılan erməni neonasizmini, erməni revanşizmini yenidən dirçəltmək cəhdlərini müşahidə edirik. Nəyin bahasına olursa-olsun bölgəmizdə sülh və sabitliyi istəməyənlərin Ermənistanı sürətlə silahlandırdıqlarının, müxtəlif vədlərlə İrəvanı yeni bir müharibəyə həvəsləndirənlərin olduğunu görürük. Sirr deyil ki, bu gün 31 mart soyqırımı, Xocalı soyqırımının müəlliflərinin qarşısında sədd çəkən, Azərbaycana qarşı nifrətlərini içlərində boğmağa səbəb verən əsas güc birliyimizdir.   

Saxta erməni tarixinin ifşası

Qan yaddaşımız olan 31 mart həm də tarixi torpaqlarımız, keçmişimiz, mədəniyyətimiz haqqında dünyaya bir mesajdır. Oğurlanan keçmişimiz üzərində qurulan saxta erməni tarixinin ifşası, İrəvan, Zəngəzur, Göyçə, Qarabağ da daxil bu torpaqların əsl sahiblərinin bizlər olduğu həqiqətidir. Bu həqiqəti dünyaya çatdırmaq, baş verənlərə hüquqi və ədalətli qiymətin verilməsinə nail olmaq həm də gələcəkdə bölgədə sülh və sabitliyin təmini deməkdir. 

Bir daha soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edirik. 

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər