• çərşənbə, 17 Aprel, 02:01
  • Baku Bakı 14°C

Serbiya Kosovo ilə qarşıdurmaya getmədi - TƏHLİL

03.12.22 00:00 930
Serbiya Kosovo ilə qarşıdurmaya getmədi - TƏHLİL

Proqnozların əksinə olaraq tərəflər danışıqlardan sonra problemi həll etməyə müvəffəq olublar. Şəxsiyyət vəsiqələri və avtomobil nömrə nişanları ilə bağlı yaranan böhran aradan qaldırılıb. Tərəflər əlaqələrin normallaşdırılması təklifi üzərində işləmək barədə də razılığa gəliblər.

Balkanları növbəti dəfə münaqişə zonasına çevirmək planı baş tutmayıb. Qərb mediası yazır ki, Rusiya tərəfindən hazırlanan plan Avropanın vaxtında müdaxiləsi ilə baş tutmayıb. Belə ki, Rusiya Ukraynada işğalçı müharibədən diqqəti yayındırmaq üçün Avropanın “Barıt çəlləyi” hesab olunan Balkan yarımadasında serblərlə kosovolular arasında qarşıdurma yaratmaq istəyində olub. Amma proqnozların əksinə olaraq Serbiya və Kosovo danışıqlardan sonra öz aralarındakı problemi həll etməyə müvəffəq olublar. Şəxsiyyət vəsiqələri və avtomobil nömrə nişanları ilə bağlı yaranan böhran aradan qaldırılıb. Tərəflər əlaqələrin normallaşdırılması təklifi üzərində işləmək barədə razılığa gəliblər. Kosovo dövlət qurumlarındakı vəzifələrindən istefa vermiş serblərin öz işlərinə geri qayıtmaları üçün qoyulan şərt də yerinə yetirilib.

Lakin əldə olunan razılaşmanı müvəqqəti hesab edənlər də var. Onların fikrincə, tərəflər arasındakı gərginlik hələ uzun müddət davam edəcək. Analitiklərin yekdilliklə “barıt çəlləyi” adlandırdığı Balkanların ən ağır problemlərindən birinin məhz Kosovo münaqişəsi olduğu bəllidir. İkinci Dünya Müharibəsindən sonra Avropada ən qanlı münaqişə də məhz burada yaşanıb.

Kompromis illüziyası yaradılır

“Evropeyska Pravda” nəşri yazır ki, “Avropa İttifaqının uğuru çox şübhəli görünür. Kosovo serb nömrələri üçün cərimələr yığmağı planlaşdırırdı və Kosovo serbləri də buna genişmiqyaslı etirazlarla cavab verəcəklərini vəd etmişdilər. Bu münaqişənin qarşısı alınıb. Bununla belə, Aİ-nin uğuru çox şübhəli görünür. Birincisi, kompromis Aİ-nin vasitəçilik səyləri ilə deyil, ABŞ-ın müdaxiləsi ilə əldə edildi. Ən əsası, bu kompromis müvəqqəti görünür və yalnız avtomobil nömrələri məsələlərini əhatə edir, Kosovo ilə Serbiya arasındakı böhran isə artıq çox irəli gedib”.

Rusiyanın bölgədə separatizmi alovlandırır

Yeri gəlmişkən, Qərb mediası yazır ki, Rusiya bölgədə  separatizmin güclənməsində maraqlıdır. Kreml strateqləri gözəl anlayırlar ki, keçmiş Yuqoslaviyanın yerində yaranan dövlətlərdə separatçı əhval-ruhiyyə qalır. Bu meyillərin yenidən alovlandırılması bölgədə partlayışın xəbərçisi hesab oluna bilər. Rusiyanın regionda nüfuzu da kifayət qədərdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində uzun müddətdir davam edən milli-etnik mübahisələrin nəticəsində Balkan yarımadasında yerləşən Yuqoslaviya Federativ Sosialist Respublikası parçalanaraq yerində Sloveniya, Xorvatiya, Makedoniya, Bosniya və Herseqovina, həmçinin Serbiya və Çernoqoriya kimi respublikalar yarandı. 2006-cı ildə Çernoqoriyanın (Monteneqro) müstəqillik qazanmasından sonra Serbiya və Çernoqoriya ittifaqı da dağıldı. 1999-cu ildən BMT-nin mühafizəsinə verilən Kosovo muxtar vilayəti isə 2008-ci ildə birtərəfli qaydada müstəqilliyini elan edərək Serbiyadan qopdu. Serbiya Kosovonun müstəqilliyi ilə barışmasa da, BTM-yə üzv olan 108 ölkə Kosovonu müstəqil dövlət kimi tanıdılar. Avropaya inteqrasiyanı özləri üçün prioritet istiqamət elan edən Serbiya liderləri Kosovo ilə Monteneqronun (Çernoqoriya) qopması ilə barışmırlar. Belə ki, Monteneqronun müstəqillik əldə etməsi, Serbiyanın Adriatik dənizinə çıxışının qarşısını alır. Bu səbəbdən də serblər slavyan-provoslav dəyərlərinə söykənərək Rusiyanı özlərinə hami seçdilər. 2002-2014-cü illər ərzində Rusiya şirkətləri tərəfindən Serbiyaya yatırılan investisiyaların ümumi həcmi 4 milyard dollar təşkil edib. Faktiki olaraq Serbiyanın əsas neft, qaz və maşınqayırma müəssisələri ruslar tərəfindən özəlləşdirilib. Eyni zamanda, Rusiya Serbiyanın dəmir yollarına sahib olub. Yunanıstanda baş verən iqtisadi böhran qonşu Serbiyanın da iqtisadiyyatını öz mənfi təsirini göstərib və Belqradın daha çox Moskvanın iqtisadi asılılığına düşməsinə səbəb olub. Rusiya eyni zamanda Serbiya mallarının idxalı üçüm xüsusi güzəştlər tətbiq etdi.

Ukraynanı Kosovo ilə unutdurmaq planı

Kosovo hökuməti də hesab edir ki, Rusiya etnik gərginliyi qızışdırır. Rusiya Ukraynanın işğalına başladıqdan sonra, Serbiya Avropa ölkələrinin Moskvaya qarşı sanksiya qərarlarının əleyhinə olub. May ayında Serbiya Rusiya ilə əlverişli qaz sazişi imzalayıb. Rusiya Kosovoda yaşanan gərginliyə görə Kosovo hökumətini günahlandırıb və onun avtomobillərlə bağlı qərarını “əsassız diskriminativ qaydalar” adlandırıb. Serbiyanın iqtidar partiyasından olan millət vəkillərindən biri Serbiyanın tezliklə “Balkanları nasistlərdən təmizləmə”yə məcbur olacağını bildirib. Onun dedikləri Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək üçün gətirdiyi bəhanə ilə eynidir. Daha sonra serbiyalı millət vəkili işlətdiyi sözə görə üzr istəyib. Analitiklər hesab edir ki, Putin Kosovodan istifadə edərək Ukraynada başlatdığı mövcud münaqişəni daha da genişləndirə və Avropanı daha qeyri-stabil məkana çevirə bilər.

Torpaq mübadiləsi təhlükəlidir  

Serbiya ilə Kosovo arasında problemlərin həllində torpaq mübadiləsi variantı da ortaya atılıb. Lakin keçmiş səfir Paddi Eshovn deyib ki, Serbiya və Kosovo arasında təklif olunan torpaq dəyiş-düyüşü təhlükəlidir və başqa sərhədlərin də dəyişdirilməsinə təkan verərək, etnik gərginliyi alovlandıra bilər. O bildirib ki, belə bir hala yol verilərsə, Rusiya Ukraynaya qarşı təcavüzünə haqq qazandırmaq imkanı əldə edəcək. Bu xəbərdarlıqdan əvvəl yayılan məlumatlardan bəlli olurdu ki, Belqrad və Priştina ərazi dəyişdirilməsi məsələsinə ciddi şəkildə baxmaq istəyirlər. Ərazi dəyişdirilməsi yerli etnik serb və kosovoluların probelminə son qoymalıdır. ABŞ rəsmiləri bildiriblər ki, əgər Serbiya və Kosovo bu barədə razılığa gəlsələr, Vaşinqton buna qarşı çıxmayacaq. 2002-2006-cı illərdə Avropa İttifaqının Sarayevodakı səfiri olmuş Esdovn sərhədlərin etnik hüdudlar boyunca dəyişdirilməsini təhlükəli presedent hesab edir. Onun fikrimcə, bu, Balkanlarda əldə edilmiş bütün kövrək razılaşmaları silkələyə bilər.

Azər Nuriyev

 

banner

Oxşar Xəbərlər