• cümə axşamı, 25 aprel, 21:54
  • Baku Bakı 21°C

Şəhid Orxan Əsgərov dəfn edilir

30.01.23 12:28 695
Şəhid Orxan Əsgərov dəfn edilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir.

“Report” xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, ictimaiyyət nümayəndələri, rəsmilər, o cümlədən daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və digərləri iştirak edir.

Qeyd edək ki, şəhidin nəşi ötən gecə İrandan Azərbaycana gətirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.

Qeyd edək ki, Orxan Rizvan oğlu Əsgərov 5 noyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindəndir. 1989-cu ildə 4 saylı Gəncə şəhər tam orta məktəbə daxil olub, 1998–1999-cu illərdə ABŞ-da təhsil alıb. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) “Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər” fakültəsində bakalavr, sonradan isə həmin universitetdə magistr təhsili alıb.

Azərbaycanın Rusiyada (2014–2015-ci illər), Ukraynada (2015–2016-cı illər) və Gürcüstandakı (2016–2017-ci illər) səfirliklərində hərbi diplomatik xidmət edib. 2018-ci ildə mühafizə rəisi vəzifəsinə yüksəlib və Türkiyənin İstanbul şəhərinə ezam olunub. 2021-ci ildən etibarən İran İslam Respublikasının Tehran şəhərində yerləşən səfirliyində hərbi diplomatik xidmətə başlayıb.

Şəhid O.Əsgərov ailəli idi, bir oğlu, bir qızı yadigar qalıb.

banner

Oxşar Xəbərlər