Sağlam qidalanma üçün gündəlik menyuda nələrə diqqət etməliyik? - Gənclərə məsləhət

Qədim
ingilis atalar sözündə deyilir ki, səhər yeməyini tək ye, günortanı dostlarınla
böl, axşam yeməyini isə düşmənlərinə ver. Amma dövr dəyişdikcə insanların həyat
tərzi də dəyişməyə başladı. Əksəriyyətimiz günün böyük hissəsini işə həsr edir,
düzgün qidalanmağa fikir vermirik. Yorğun halda evə getdikdən sonra isə bu sual
qarşısında çıxılmaz vəziyyətdə qalırıq: "Görəsən axşama nə bişirək?” Əslində, bu
problemdən yalnız işləyən insanlar əziyyət çəkmir. Bəzən hətta evdar qadınlar
da bu sualı özlərinə verirlər? Bəs görəsən, sualın ideal cavabı nədir?
Ümumiyyətlə, gündəlik menyu necə tərtib edilməlidir ki, həm dadlı olsun, həm
sağlam. Mövzu ilə bağı dietoloq Tutu
Zeynalova ilə söhbətləşdik.
Müsahibimiz
bildirdi ki, ailənin günlük menyusunu
əvvəlcədən tərtib etmək lazımdır: "Əslində, hər gün səhər, günorta,
axşam yeməyinin vaxtında yeyilməsi mütləqdir. Bunların içərisində səhər yeməyi
özünəməxsus yer tutur. Adətən, çalışan insanlar işə tələsdikləri üçün səhər
yeməyindən imtina edirlər. Valideynlər özləri işə ac getməklə yanaşı, uşaqlarını
da bağçaya, məktəbə ac göndərirlər. Bu, qətiyyən yolverilməz haldır. Səhər
yeməyində protein, karbohidrat və yağ qəbul edilməlidir. Yaxşı olardı ki, səhər
menyusunda yumurta, kəsmik, qaymaq və
digər süd məhsullarına üstünlük verilsin. Sıyıq, kərə yağı, zeytun da bu səhər
yeməyi üçün faydalı ərzaqlardır. Günorta yeməyində isə proteinə üstünlük
verilməlidir. Bu öyünün menyusu tərtib edilərkən ət, toyuq, balıq məhsullarına
üstünlük verilməsi məqsədəuyğundur. Həftədə iki dəfə balıq əti əsas yeməklərin
tərkibində olmalıdır. Ətin yanında isə müxtəlif qarnir və şorbalardan istifadə
etmək olar. Əslində, yemək seçimi zamanı alternativlərin sayı çoxdur. Sadəcə
olaraq, bu haqda əvvəlcədən fikirləşmək lazımdır. Günorta və axşam yeməklərində
xüsusilə bol tərəvəzli salatlardan istifadə edilə bilər. Xanımlar menyu tərtib
etməkdə çətinlik çəkirlərsə , "boşqab” modelindən istifadə edə bilərlər. Belə
ki, günorta və axşam yeməyində boşqabın yarısı
tərəvəz, qalan yarısında isə ət və digər
məhsullar ola bilər”.

Dietoloq deyir
ki, hər şey düzgün planlaşdırmadan asılıdır: "O ki qaldı axşama nə bişirməyə,
əslində, bu, hər kəsin öz yaradıcılığından asılıdır. Əslində, axşama müxtəlif çeşiddə
yemək hazırlamaq mümkündür. Şorba, yaxud
salatlar seçimlər arasında ola bilər. Önəmli olan, düzgün qidalanma planının
tərtib edilməsidir. Axşam yeməyindən sonra qatıq və ya ayran qəbul edilə bilər.
Bu məqamda meyvənin əhəmiyyətini də qeyd etmək lazımdır. Gün ərzində ən azı 3
porsiya meyvə yeyilməlidir. Meyvə və tərəvəz birlikdə gündəlik menyumuzun 5-7 porsiyasını təşkil
etməlidir. Bəzən qadınlar qaş qaralanda fikirləşirlər ki, axşama nə bişirim? Bunu
axşam saat 6-da fikirləşmək lazım deyil. Yaxşı olar ki, gündəlik menyunu tərtib
edərkən bu məsələni diqqətdə saxlasınlar. Bəziləri deyir ki, mən işləyirəm və buna
görə də yemək bişirməyə vaxt tapa bilmirəm. Əslində, hər şey düzgün
planlaşdırmadan asılıdır. Axşam yeməyini əvvəlcədən hazırlayıb soyuducuya
qoymaq mümkündür. Ən pis halda, evdə olan tərəvəzlərdən və digər məhsullardan
istifadə etməklə doyumlu axşam yeməyi hazırlamaq mümkündür. Məsələn, müxtəlif
növ tərəvəzlərdən hazırlanan salata tuna balığı əlavə etməklə, dadlı axşam
yeməyini təqdim edə bilərsiniz. Qısa müddətdə hazır olan qarnirlər də seçimlər arasındadır. Həddən artıq
məşğul insanlar axşam yeməyini çox vaxt evdə yeyə bilmir. Bu halda çalışmaq
lazımdır ki, sağlam qidaya üstünlük verilsin. Məsələn, axşam yeməyinə pizza
əvəzinə daha sağlam seçimlər etmək olar. Qeyd edim ki, axşam yeməyi hazırlanarkən
evdəki uşaqlara və onların yaş qruplarına da diqqət yetirmək lazımdır. Çünki
uşağın qida mədəniyyəti ailədən formalaşır. Gün ərzində fastfud qəbul edən
uşağa sağlam qidadan danışmaq mənasızdır. Valideynlər qida mədəniyyətini
uşaqlarda erkən yaşlarda formalaşdırmalıdırlar. Nə qədər işiniz olsa da, axşam
yeməyini ailənizlə birgə sağlam qidalarla qəbul etsəniz daha yaxşı olar. Çünki
özümüz bu ənənəni formalaşdırmasaq, uşaqlardan bunu tələb etməyə haqqımız
yoxdur”.
Şəbnəm Mehdizadə
