Sadıqovla Prosineçkinin mövqeyi üst-üstə düşmədi
FİFA 2017-ci ilin ən yaxşılarını seçib.
Kaspi.az xəbər verir ki, səsvermədə azarkeşlərlə yanaşı FİFA-ya üzv
olan ölkələrinin milli komandalarının baş məşqçiləri və kapitanları da iştirak
ediblər.
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki və kapitan Rəşad
Sadıqov da ilin ən yaxşılarını müəyyənləşdirənlər arasında olublar.
Robert Prosineçki ən yaxşı futbolçu seçimində birinci yeri Lionel
Messiyə verib. Xorvat mütəxəssis 2-ci yerə Kriştiano Ronaldonu, 3-cü yerə isə
həmyerlisi Luka Modriçi layiq görüb.
O, ən yaxşı baş məşqçi kimi Zinəddin Zidanı dəyərləndirib. İkinci
yerə Antonio Konteni, üçüncü yerə isə Leonardo
Jardimi layiq bilib.
Rəşad Sadıqov isə ən yaxşı oyunçu seçimində 1-ci yeri Ronaldoya, 2-ci
yeri Neymara, 3-cü yeri Messiyə verib. Kapitan baş məşqçi seçimində Zidanı ən
yaxşı hesab edib. Alleqrini 2-ci, Konteni 3-cü yerdə qeyd edib.