• çərşənbə axşamı, 25 iyun, 15:30
  • Baku Bakı 29°C

Rekordlarla zəngin il 

30.12.23 05:42 7466
Rekordlarla zəngin il 

Bu il Azərbaycanın 8 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Eyni zamanda, sərbəst güləş yığmamız dördüncü, 23 yaşadək gənclərdən ibarət sərbəst güləş millimiz ardıcıl ikinci dəfə Avropa çempionu olub.

2023-cü il digər sahələrdə olduğu kimi, idman baxımından da hərəkətli keçib. Ümummilli liderin 100 illiyi münasibətilə “Heydər Əliyev ili” kimi qeyd olunan il ərzində ölkədə həm bu əlamətdar hadisə ilə bağlı müxtəlif idman yarışları, tədbirlər keçirilib, həm də təmsilçilərimiz beynəlxalq arenalarda ciddi nəticələr əldə ediblər. Bəzi yarışlarda idmançılarımız ümidləri doğrultmasa da, ümumən il rekordlarla zəngin olub.

Azərbaycanda keçirilən beynəlxalq yarışlar

İrimiqyaslı idman yarışlarının təşkilində bacarığını dəfələrlə göstərmiş Azərbaycan bu il də dünya idmanının əsas mərkəzlərindən olub. 2023-cü ildə ölkəmiz kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Avropa çempionatı, Formula 1 üzrə Azərbaycan Qran-Prisi, taekvondo üzrə dünya çempionatı, şahmat üzrə Dünya Kuboku, atıcılıq üzrə dünya çempionatı, çimərlik futbolu üzrə dünya çempionatının Avropa zonasının seçmə mərhələ oyunları kimi nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib. Eyni zamanda, Yaponiyanın məşhur MMA təşkilatı “Rizin” ilk dəfə bu ölkədən kənarda, məhz Azərbaycanda döyüş gecəsi keçirib. 

Uğurlu nəticələr

Bu il Azərbaycan idmançıları böyük idman yarışlarında çıxış ediblər. Bunların arasında Avropa Oyunları, MDB Oyunları, Ümumdünya Yay Universiadası, Beynəlxalq Universitet İdman Festivalı kimi multi-idman yarışlarını, dünya və Avropa çempionatlarını qeyd etmək olar. Nəticələr də kifayət qədər ürəkaçandır.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ilk dəfə Avropa çempionu adını qazanıb. Zöhrə Ağamirova isə fərdi proqramda Avropa medalını qazanan Azərbaycanda yetişmiş ilk gimnast olub.

Şahmat üzrə Dünya Kubokunda Nicat Abasov yarımfinala qədər yüksəlməklə adından bəhs etdirib. Digər şahmatçımız Günay Məmmədzadə Çindən qızıl medalla qayıdıb. 18 yaşlı Ayan Allahverdiyevanın dünya çempionluğu, qadın şahmatçılardan ibarət millimizin şahmat üzrə Avropa çempionatının gümüş medalını qazanması isə bir daha azərbaycanlı zəkasını dünyaya göstərmiş olub.

Eyni zamanda, sərbəst güləş yığmamız dördüncü, 23 yaşadək gənclərdən ibarət sərbəst güləş millimiz ardıcıl ikinci dəfə Avropa çempionu olub. Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşçilərimiz iki qızıl, üç gümüş medal qazanaraq tarixində ilk dəfə komanda hesabında dünya çempionu adını qazanıb. Yunan-Roma güləşi üzrə U-20 milli komandamız isə İspaniyada keçirilən qitə çempionatının qalibi olub.

Bundan başqa, yeniyetmə cüdoçularımız Avropa çempionatında komanda yarışları tarixində ilk qızıl medalı əldə ediblər. Dünya çempionatında isə onlar fərdi yarışlarda səkkiz medalla (iki qızıl, üç gümüş, üç bürünc) ümumi hesabda birinci olublar. Bu, yığma komandamızın dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir.

Onu da qeyd edək ki, minifutbol üzrə dünya çempionatında Azərbaycan millisi yarımfinaladək irəliləyərək böyük uğur qazanıb. “Qarabağ” klubu isə Avropa Liqasının qrup mərhələsində ikinci yeri tutaraq tarixində ilk dəfə turnirin pley-off mərhələsinə yüksəlib.
Bu il Azərbaycanın 8 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Bunlar güllə atıcısı Ruslan Lunyov, boksçular - Məhəmməd Abdullayev və Murad Allahverdiyev, atlet Anna Skidan, bədii gimnast Zöhrə Ağamirova, Yunan-Roma güləşçiləri - Həsrət Cəfərov və Sənan Süleymanov, sərbəst güləşçi Maqomedxan Maqomedovdur.

İdman arenasında qardaşlıq

Türkiyədəki ağır zəlzələyə ən böyük dəstək Azərbaycandan oldu desək, yanılmarıq. İdman ictimaiyyəti də qardaş ölkəyə kömək etmək üçün əlindən gələni əsirgəməyib. Bu il Bakıda “Qarabağ” - “Qalatasaray” və “Sabah” - “Beşiktaş” xeyriyyə matçları keçirilib. Hər iki görüşdən əldə edilən gəlir zəlzələdən əziyyət çəkənlər üçün göndərilib.

Daha sonra türkiyəli idmançılar beynəlxalq arenada ölkəmizə dəstəklərini nümayiş etdiriblər. Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycana qarşı təxribatdan sonra ağırlıqqaldıranlarımız yarışdan imtina ediblər. Qardaş Türkiyə idmançıları isə qazandıqları medalları Azərbaycana həsr edərək birlik göstəriblər. Azərbaycan Prezidentinin tapşırığı ilə onlar Bakıya dəvət olunublar. 

İdman Böyük Qayıdış planının tərkib hissəsi kimi

İşğaldan azad olunan ərazilərdə görülən bərpa-quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə idman tədbirlərinin təşkili də mühüm əhəmiyyət kəsb edir. Tarixi torpaqlarımızda artıq idman infrastrukturu qurulmaqdadır, müxtəlif növlər üzrə yerli bölmələr formalaşdırılır.
Həmçinin bu il, Bakıda startı verilən “Əziz Şuşa” beynəlxalq velosiped yarışına beş mərhələdən sonra Şuşada yekun vurulub. Ardınca Şuşada daha bir beynəlxalq turnir - 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışı keçirilib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Prezident kuboku-2023” reqatası məhz işğaldan azad edilmiş Suqovuşanda start götürüb.
İlin sonunda isə Xankəndidə ilk dəfə futbol qarşılaşması keçirilib. Ölkəmizi beynəlxalq arenada qürurla təmsil edən, “Qarabağ”ın Azərbaycan Ordusunun adını daşıyan MOİK-lə matçının məhz Xankəndi şəhər stadionunda keçirilməsi ilin idman tədbirlərinə simvolik yekun olub.

banner

Oxşar Xəbərlər