• cümə axşamı, 28 mart, 22:37
  • Baku Bakı 13°C

Rafiq Yaqubov: Biz Göyçəyə qayıdacağıq

30.01.23 17:38 680
Rafiq Yaqubov: Biz Göyçəyə qayıdacağıq

Basarkeçər rayonunun Nərimanlı kəndində ermənilər yaşamayıb. Ancaq Basarkeçərin dörd kəndində azərbaycanlıların tərkibində az da olsa, ermənilər yaşayırdı. 1986-cı ildən onlar artıq hazırlıqlara başlamışdılar. Məktəblərə də erməni müəllimləri göndərirdilər. Kənd soveti, kolxoz sədri və digər vəzifələrə də erməniləri göndərirdilər ki, azərbaycanlıları bezdirib qaçırtsınlar. Ancaq biz bunların hamısına dözürdük.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Qərbi Azərbaycandan olan Rafiq Yaqubov deyib.1980-ci ildə ailə həyatı quran R.Yaqubov 1988-ci ildə azərbaycanlıların dədə-baba torpaqlarından ermənilər tərəfindən deportasiyası başlananda ailəsi ilə birlikdə yurdunu tərk etməli olur.

O, ermənilərin azərbaycanlıları dədə-baba yurdlarından deportasiyasını planlı şəkildə həyata keçirdiyini deyib: “Bütün sərhəd kəndlərə polis və hərbçilər yerləşdirmişdilər. Bizə deyirdilər ki, guya onlar sabitliyi təmin etmək üçün gəlib. Bundan sonra yerli əhali yavaş-yavaş evini tərk etməyə başladı. Gedənlərin də malına, mülkünə öz malları kimi yiyələnirdilər”.

Rafiq Yaqubov 1950-ci il avqustun 19-da Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. Ailədə 8 qardaş 1 bacı olan R.Yaqubov orta təhsilini də Nərimanlı kəndində alıb. Atası kolxozçu, anası evdar qadın olub. Hərbi xidmətdən qayıtdıqdan sonra 1973-1977-ci illərdə ali təhsilini M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) alıb. Sonra Kəlbəcərdə və Basarkeçərdə orta məktəb müəllimi kimi fəaliyyət göstərməyə başlayıb.

“Bütün mal-mülkümüz orada qaldı. Gözəl günlər, xatirələr də Göyçədə qaldı. İndi bütün arzularımız Göyçə ilə bağlıdır. Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə dedi ki, biz əzəli yurd yerlərimizə qayıdacağıq. O sözləri eşidəndən sonra sanki yenidən anadan oldum. Əvvəllər arzularımın gerçəkləşəcəyinə ümidim az idi. Bu gün əminəm ki, biz Göyçəyə qayıdacağıq. Çünki bunu bizə Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib”, – deyə Rafiq Yaqubov bildirib.

banner

Oxşar Xəbərlər