• çərşənbə, 24 Aprel, 12:57
  • Baku Bakı 27°C

Rafiq Bayramov: Vaksinin ikinci dozasından bir ay keçdikdən sonra postvaksinal immunitetin olduğu barədə fikir söyləmək olar

09.05.21 16:30 973
Rafiq Bayramov: Vaksinin ikinci dozasından bir ay keçdikdən sonra postvaksinal immunitetin olduğu barədə fikir söyləmək olar
Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələri üçün "Yay fəslinin COVID-19-un yayılma dinamikasına təsiri” mövzusunda vebinar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, vebinarı İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev açaraq bildirib ki, əsas məqsəd COVID-19 pandemiyasının qarşıdan gələn yay fəslində vüsət almaması üçün tələbələrlə ətraflı söhbət aparmaq, virusla necə mübarizə aparılması yolları barədə onları maarifləndirməkdən ibarətdir.
Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov dünyanı ağuşuna alan bu pandemiyanın hələ də davam etməsindən təəssüf hissi keçirdiyini bildirib: "Tənəffüs infeksiyalarına yoluxmaqda ilin fəsillərinin həm müsbət, həm mənfi tərəfləri, həm də müxtəlif xüsusiyyətləri mövcuddur. Əsasən soyuq aylarda tənəffüs infeksiyalarına yoluxanların sayının çox olduğu deyilsə də, bəzən isti aylarda da xeyli yoluxma hallarına rast gəlinir.
COVID -19 infeksiyasına yoluxanların 90 faizi xəstəliyi simptomsuz və yüngül keçirdiyindən onlarda yoluxma elə də hiss olunmur və ətraf üçün təhlükə mənbəyinə çevrilirlər. Həmin şəxslər özlərində hər hansı klinik əlamətin olduğunu və ya xəstə olduqlarını bilmir, ailə daxilində və ya tədbirlərdə və ya digər məkanlarda qoruyucu vasitədən istifadə etmirlər. Bu səbəbdən də təmasda olduqları şəxsləri yoluxdururlar”.
R.Bayramov virusa yoluxmamaq üçün əhalinin kütləvi şəkildə vaksinasiya olunmasının vacibliyini diqqətə çatdırıb, cəmiyyətdə birmənalı qarşılanmayan peyvəndlər barədə də arqumentlərini səsləndirib: "Doğrudur, koronavirusun müalicəsi üçün konkret dərman yoxdur. Yalnız ehtimallara əsaslanaraq xəstələrə dərmanlar tətbiq olunur. Ona görə də ən əlverişli mübarizə yolu vaksinasiya olunmaqdır. Başqa çıxış yolumuz yoxdur. Düzdür, vaksinasiya olunanlar arasında istər dünyada, istərsə də ölkəmizdə yoluxanlara rast gəlinir. Onlar ambulator və ya stasionar şəraitdə müalicə alırlar. Aralarında dünyasını dəyişənlər də var. Amma bu göstərici az faiz təşkil edir. Avropada bu, 0,2 faizdir. Onu da qeyd edim ki, hər iki dozanı almış və ikinci dozadan bir ay keçmiş şəxslər peyvənd olunmuş hesab edilir. Yalnız bundan sonra həmin şəxslərdə postvaksinal immunitetin olduğu barədə fikir söyləmək olar”.
Əhali arasında həmin istiqamətdə təbliğatın aparılmasının vacibliyinə toxunan məruzəçi bu məsələdə tələbələrin rolunun danılmaz olduğunu vurğulayıb. Onları təbliğat məsələsində fəal olmağa dəvət edib.
Daha sonra yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev çıxış edib. Virusa yoluxanlar və koronavirusdan qorunmanın yolları barədə tələbələrə ətraflı məlumat verib: "Bu gün respublikamızda aşkar olunan koronaviruslu xəstələrin sayı 300 mini keçib. Onların sağalma faizi 92,3, ölüm faktı isə 1,4 faiz təşkil edir. Dünya miqyasında götürəndə ölüm göstəricisi bizdə azdır. Amma buna arxayın olmamalı, qabaqlayıcı tədbirlərimizi davam etdirməliyik”.
C.İsayev koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırıb. Bildirib ki, kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır: "Ölkəmizdə 3 aydır vaksinasiyaya başlamışıq, amma hələ əhalinin az hissəsi vaksinasiya olunub, yəni hər iki vaksin kursunu keçiblər. Doğrudur, dünya miqyasında bu, az rəqəm deyil. Amma bizi qane etmir. Çıxış yolumuz əhalinin vaksinasiya olunmasıdır. Bu istiqamətdə tələbələr də yaxın çevrələrində təbliğatı genişləndirməlidirlər”.
Məruzəçilər sonda tələbələri maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb, onlara təbliğat aparmaqla bağlı lazımi tövsiyələrini veriblər.
banner

Oxşar Xəbərlər