• cümə axşamı, 28 mart, 19:56
  • Baku Bakı 13°C

Qriqori Doranın Hamleti, yoxsa onun üsyanı?

22.05.20 10:30 1717
Qriqori Doranın Hamleti, yoxsa onun üsyanı?
Hər şeydən əvvəl onu deməliyəm ki, mövzunun adı bir çox suallar doğura bilər. Amma çox güman ki, bu yazının sonlarına doğru nəinki bu suallara cavab tapmaq haqqında fikirləşəcəyik, bəlkə də təsəvvürümüzdə tamam fərqli suallar canlanacaq? Elə isə,vaxt itirmədən keçək əsas mətləbə.
XVI əsrdən bugünə qədər İntibah dövrünün dahi dramaturqu Vilyam Şekspirin əsərləri əsasında bir çox tamaşalarhazırlanıb. O cümlədən, "Hamlet" faciəsi əsasında hazırlanmış səhnə əsərləri müxtəlif dövrlərdə bir çox rejissorların fərqli yozumları ilə qurulub. Bunlardan biri də müasir rejissuranın yaradıcılıq dövrünə daxil olan Qriqori Doranın 2009-cu ildə rejissoru olduğu "Hamlet" tamaşasıdır. FilmdəHamlet obrazını Devid Tennant, Klavdini isə Patrik Stüart canlandırır. Bu tamaşa əsasında çəkilmiş film isə, İnternet Movie Database, yəni internetdə filmlərin məlumat bazası tərəfindən 8,2 balla qiymətləndirilib. Dram janrında olan bu film "Hamlet" pyesi əsasında indiyədək hazırlanmışən yaxşıfilm kimi Emmi(Emmy) və Praym-taym (PrimeTime) mükafatlarına namizəd olub.
Tamaşanın hadisələr xətti, V.Şekspirin "Hamlet" faciəsi ilə, demək olar ki, eynidir. Rejissor bəzi sözləri ixtisar etsə də, pyesdə mövcud olan dialoq və monoloqların əksəriyyətini olduğu kimi saxlamışdır. Süjet xəttinin əvvəlindən sonunadək biz pyesdə mövcud olan Fortinbrans obrazını görmürük. Səhnə əsərinin pyesdən tək fərqi bu deyil. Orjinal pyesdən fərqli olaraq, Qriqori Doranın Hamlet tamaşasında, müasir texnologiyalardan geniş istifadə olunub.
Pyesdə mövcud olan dövrün imkanları nəzərə alınmasa belə,istifadə edilən tərtibat hadisələrlə uzlaşdırılıb.
Məsələ burasındadır ki, pyesinhadisələr xəttimonarxiya dövründə cərəyan etsə də, tarixi dövrün şərti xarakter daşıdığını görə bilirik. Çünki bəhs edilən hadisələr krallıq dövrünə yox, məhz XX əsrdə mövcud olan imperialist qüvvələrin hegemonluğu dövrünə daha çox uyğun gəlir.
Səhnə əsərinin yozumunda nasist forması geyinmiş əsgərlərə istinadən ikinci dünya müharibəsində baş vermiş hadisələri göstərmək mümkündür.
Yəni daha aydın desək, nasist formalarının seçilmiş olması, əslində,V.Şekspirin yazdığı pyeslə nasistlərin apardığı işğalçılıq siyasəti arasında, müəyyən mənada, tarixi uyğunluq motivləri tapmaq mümkündür.
Məsələn, əgər biz Klavdini nasist formasında görərkən, onun, əslində, Adolf Hitler olduğunu və diktator kimi cinayət yolu ilə hakimiyyətə gəldiyini nəzərə alsaq, Klavdi ilə Hitler arasında paralellər apara bilərik.
Başqa bir məsələ isə ondan ibarətdir ki, nasistlər Danimarkanı 1940-cı ildə işğal etmişdilər. Məhz bu səbəbdən biz, nasistlərin zorla ələ keçirdiyi Danimarkanı təsəvvür edərkən, sarayda özünü itirmiş Hamleti,çarəsiz və əsirlikdə yaşayan sadə bir Danimarka vətəndaşı kimi yoza bilirik.
Əgər biz, tamaşanın yozumunu sırf ikinci dünya müharibəsi zamanı baş vermiş hadisələr zinciri ilə əlaqələndirsək, Laert obrazının Hamleti özünə düşmən hesab etməsini Almaniyanın siyasəti, yəni Klavdinin təşəbbüsü kimi anlaya bilərik.
Ona görə ki, Fransanın özü 1940-cı ildə yarıya qədər almanlar tərəfindən işğal olunmuşdu, digər yarısı isə Vişi şəhərini öz paytaxtı etmiş və marşal Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti altına keçmişdi.
Əsərin bu formada yozulması müqabilində, Almaniyanın, yəni, Klavdinin təsiri ilə Laertin, yəni Fransanın Hamletə, yəni digər ölkələrə müharibə elan etdiyini, lakin hər şeyi anlayandan sonra, yəni, Almaniyanın işğalından azad olduqdan sonra, Laertin yenidən Klavdiyə, yənifransızların nasistlərəmüharibə elan etidiyini müşahidə edə bilərik.
Ümumiyyətlə, Hamleti əhatə edən dünyada fərqli zaman kəsimlərinə yol tapan texnologiyalar mövcuddur. Buna görə də kral əsgərlərinin nasist formasında geyindirilməsi ilə, rejissorun tiranlığın tək monarxiya sistemində deyil, istənilən siyasi sistemlərdə qurula biləcəyi ideyasını qabartdığını deyə bilərik. Yəni, Qriqori Doranın yozumu, əslində, göstərir ki, tarix dəyişsə də, bu dəyişikliklər, sadəcə, siyasi terminlərdə, geyimlərdə və silahların fərqli olmasında təzahür edir.
Mənim diqqətimi çəkən məqamlardan biri də rejissorun Horasio rolunu qara dərili aktyor Piter de Cesiyə həvalə etməsi idi.
V.Şekspirin "Hamlet” pyesini oxuyan hər bir tamaşaçıya məlumdur ki, Horasionun həmin əsərdə xüsusi çəkisi yoxdur.
Hətta bir az da irəli gedərək, Horasionun, sadəcə, xəyali bir dost, Hamletin isə dəli olduğunu fərz edə bilərik. Bəlkə rejissor Horasio rolunu Piter de Cesiyə verməklə zəncilərin Avropa da heç bir əhəmiyyət daşımamasına, yəni onların varlığına ehtiyacın olmamasına eyham vurub? Çünki Horasionu pyesdən çıxarsaq belə, elə də ciddi bir dəyişiklik baş verməz.
Ümumiyyətlə, Fortinbrans obrazının səhnədə olmadığını gördüyüm üçün belə bir qənaətə gəlirəm ki, rejissor bu tamaşada xeyirin şər üzərində nə vaxtsa qələbə qazanacağına, yəni, hansısa bir xilaskarın meydana çıxaraq, ictimai-siyasi ədaləti bərqərar edəcəyinə ümid bəsləmir...
Bütün bunlardan əlavə olaraq, gizli kameralarla biz sarayın, demək olar ki, hər yerdən müşahidə edildiyinin şahidi oluruq. Zənnimcə, filmdə bu "Rec” (Record) məsələsinin xüsusi bir mesajı var. Bəlkə, bu film sahəsində hansısa bir şirkətinmonopoliyasına işarədir..? Bəs, Devid Tennantın üzünü həmin kameralara tutub nifrətini ifadə etməsini başqa hansı formada izah etmək olar? Yada belə bir sual verək, bu Hamletin üsyanı idi, yoxsa Doranın?
Mən fikirlərimi elə buradaca yekunlaşdırıb, sizə xoş seyrlər arzu edirəm.
Cavanşir Qasımov
Tələbə-teatrşünas
banner

Oxşar Xəbərlər