Qızla tanış ola bilmədi, milyonluq layihə yaratdı - Startap

"2015-ci
ildə axşam qatarla Londondan Kembric şəhərinə partiyə gedirdim. Qatarda bir qız
gördüm, mənimlə üzbəüz oturmuşdu. Diqqətimi çəkdi. O da mənə baxırdı. Düşündüm
ki, Kembricdə qatardan düşəndə yaxınlaşıb ünsiyyət quracağam. O, Fokston
stansiyasında düşdü. Mən də onun arxasınca getdim. Qız geri çevrilərək mənə
baxıb gülümsədi. Bu zaman maşinist qatarın yola düşdüyünü elan etdi. Mənim
telefonum və digər əşyalarım qatarda qalmışdı. Tələsik qatara qayıtmaq
məcburiyyətində qaldım.
Bu sözləri bizimlə söhbətində "Onbranch” startap layihəsinin təsisçisi Elçin Əskərov dedi. Və bu layihə gələn il İsveçrədə keçiriləcək "Seedstars World" sammitinin final mərhələsində ölkəmizi təmsil edəcək.
Qeyd edək
ki, E.Əskərov 1989-cu ildə Lənkəran şəhərində doğulub. Daha sonra Rusiyanın
Surqut şəhərinə köçüblər, orta məktəbi orada davam etdirib. Ali təhsilini
Azərbaycan Memarlıq və İnşaat Universitetində alan E.Əskərov, təhsilini İtaliyanın Florensiya və Uelsin paytaxtı
Kardiff şəhərində davam etdirib: "Bu günə kimi memarlıqla bağlı bəzi dövlət
layihələrində iştirak etmişəm. O layihələrdən olan gəlirimi "Onbranch”ın
reallaşdırılmasına sərf etmişəm. İlkin mərhələdə İT sahəsinə hobbi olaraq
yanaşırdım. Əslində, həmin dövrdə bu sahədən pul qazanmaq niyyətim də yox idi. Düzü,
indi də kimsə deyəndə ki, layihənin
milyon dollarlıq potensialı var, bu, mənə həyəcan vermir. Çünki məqsədim
İT sahəsinin köməkliyi ilə gündəlik real
məsələləri həll etməkdir, nəinki, layihəni yaradıb baha qiymətə satmaq”.

Həmsöhbətim
deyir ki, "Onbranch”dan əvvəl bir layihə hazırlayıb, amma müəyyən səbəblərdən baş
tutmayıb. Deyir ki, əslində "Onbranch” həyata keçirə bilmədiyi həmin layihənin
davamı hesab oluna bilər: "Bundan əvvəl bir layihə üzərində işləyirdim. Hələ,
2009-cu ildə ilk dəfə canlı yayım funksiyasını tətbiq etmək istəyirdim. Bu, o
vaxtı, indi sosial şəbəkələrdə tətbiq olunan canlı yayıma bənzər layihə idi.
Amma onu həyata keçirmək kifayət qədər maddi vəsait tələb edirdi. Mənim də maddi vəziyyətim buna imkan vermirdi.
Həmçinin, layihənin əhəmiyyətinə də inananlar az idi. Hesab edirdilər ki, "chat”
varkən buna nə ehtiyac olacaq. Həmin layihəni həyata keçirmək üçün banklara üz
tutdum, bir sıra insanlarla görüşdüm, əhəmiyyətini onlara izah etdim. Amma
maraqlanan olmadı. Deyirdilər ki, bu, "Google” üçün proyektdir. Bunu deyənlərə başa
salmaq istəyirdim ki, layihəni hazırlayıb "Google”a təklif edə bilərik. Daha
sonra banklardan birinə biznes krediti üçün müraciət etdim. Layihə haqqında
məlumat verdikdən sonra bank rəhbərliyi bildirdi ki, təsərrüfat üçün kredit
vermək daha rahatdır, çünki təsərrüfatdan gələcək gəliri hesablamaq daha
asandır. Sizin layihə isə sual altındadır. Heç kim mənə dəstək olmadı. Beləcə,
maddi vəsait çatışmazlığından bu işimdən əl çəkib 2011-ci ildən yenidən köhnə
işimə, memarlığa qayıtdım. Həmin ərəfədə özümə söz verdim ki, bir də İT sahəsi
ilə məşğul olmayacağam. Lakin zaman keçdikcə tələbatın artdığını gördüm. Başa
düşdüm ki, heç kim bunu etməyib və belə
bir şeyə ehtiyac var. Əslində, kimsə daha əvvəl
"Onbranch” tipli layihə yaratsaydı, indi mən İT sahəsi ilə deyil öz
ixtisasım üzrə işləyib, binalar tikirdim” .

E.Əskərov
deyir ki, "Onbranch” müştərilərə müxtəlif
seçimlər təklif edir: "Hazırda məkanların servislərinin virtual proyeksiyasını
yaradırıq. Daha aydın desək, biz "virtual mall” yaratmışıq. Orada insanlar da
var, servislər də. Həmçinin, "Onbranch”da məkanların menyuları, üçölçülü rezervasiya
sistemi, onlayn satış, endirimlər və s. kimi bütün xırdalıqlar öz əksini tapıb.
Tətbiqetmənin digər üstünlüyü bir məkana daxil olarkən ətrafdakı insanlarla
ünsiyyət yaratmaq üçün onların oturduğu hər hansı məkanda real koordinatları
görməkdən ibarətdir. Məsələn, proqram iki şəxsdə varsa, eyni məkana daxil
olarkən onlar bir-biri ilə ünsiyyət yarada bilərlər. Hər hansı şəxs müəyyən
məkana daxil olduqda, telefonla həmin məkanın virtual formasına daxil olur və
onun proyeksiyası yaranır. Bu, bir çox imkanları genişləndirir. Misal üçün, hər
hansı bir məkanın kitabxanasından istifadə etməyə istifadəçiyə şərait yaradır.
Yaxud, istifadəçi şəhərdə hər hansı bir istirahət məkanındadırsa,
restorandadırsa, onun menyusuna nəzər salıb sifariş verə bilər. "Onbranch” çox
unikal patentləşdirilmiş qlobal layihədir. Bunun sirri, əvvəllər heç yerdə
olmayan, bizdə isə artıq tətbiq olunan funksiyalardır. Təsəvvür edin ki, siz səyahətə
gedirsiniz. İnsanlar gedir gəzir, şəkillər çəkdirib paylaşır. Bu, onu getdiyi
yerə yox, yerli dostlarına birləşdirir. Amma bizim təkliflərimiz sizi
getdiyiniz yerdə ətrafdakı insanları tanımağa, dost qazanmağa, virtual
məkanların üstünlüklərindən yararlanmağa şərait yaradır. Əslində, bu, qlobal
layihədir. Biz ilkin olaraq layihəni Azərbaycanda test etdikdən sonra biznes
modeli kimi dünyada genişləndirmək fikrindəyik. Gürcüstanda və Türkiyədə
layihəni tətbiq etmək üçün ilkin addımlar atmışıq. Deməzdim ki, bu, məni tam
qane edir, amma geri dönüşlər yüksəkdir. İşi genişləndirmək üçün bu da bizə
kifayət edir. Açığı, hələlik bu sahədən gəlir qazanmadığıma görə, digər
qazanclarımı bu sahəyə investisiya edirəm. Məncə, burada pis heç nə yoxdur və
müəyyən mərhələyə çatmaq üçün bəzi şeyləri gözə almalısan. Kimsə bunu etməli idi. Biz etdik və buna görə
təəssüf hissi keçirmirik, əksinə, məmnuniyyətlə, yolumuza davam edirik”.

Deyir ki, tələblər və sifarişlər artdıqca, təbii olaraq komanda üzvlərinin də sayı çoxalır: "Düzü, sifarişləri, maraqları nəzərə alsaq, komandamız indi genişlənməkdədir. Təkcə developer komandamız 7 nəfərdən ibarətdir. Əlavə marketinq, satış işçiləri ilə birgə, komandada 10 nəfərdən artıq insan çalışır. Yeri gəlmişkən deyim ki, komandamızın üzvləri yerli istedadlı gənclərdir. Onlar öz işlərini dünya texnologiyasında tətbiq etmək arzusundadır. Üzvlərin formalaşması prosesi bir il vaxt alsa da, düşünürəm ki, bunu gözləməyə dəyərdi”.
Sonda həmsöhbətimdən gələcək planları haqda da soruşduq: "Hazırda "Onbranch” daxilində provayderlər ve brendlərlə "Pokemon Go” tipli oyun tətbiq etmək nəzərdə tutulub. Məsələn, siz hər hansı məkana getdiyiniz zaman fərqi yoxdur, park, universitet, kafe, hara olur-olsun, orada sizə sürpriz ola bilər. Hətta həftə sonları "Çox gəzən çox qazanar” layihəsinə start veriləcək. Şəhərimizə gələn turistlərlə də bağlı bir sıra xidmətlər planlaşdırırıq. Biz paralel dünya qurmuşuq. Fiziki olaraq məkana gələndə, telefon da həmin məkanın proyeksiyasına daxil olur. Ona görə də bu istiqamətdə ideyalar tükənməzdir. "Onbranch” üzərində işləyib genişləndirmək istəyirik. Bu, tələbatdan doğan zərurətdir”.
Şəbnəm Mehdizadə






