çərşənbə, 06 Dekabr, 17:43

Baku Bakı 12°C

Qəzalı binada ölümlə üz-üzə qalan vətəndaşlar - PROBLEM

icon 4322 icon 17 dekabr 2022 | 05:00
Qəzalı binada ölümlə üz-üzə qalan vətəndaşlar - PROBLEM


Bakının Xətai rayonunda bir əsrdən çox yaşı olan və qəzalı vəziyyətə düşən yaşayış binasının hər an uçmaq, insan tələfatı yaşatmaq təhlükəsi var. Dövlət qurumlarının nümayəndələri dəfələrlə gəlib baxış keçirib, ölçüb-biçib, aktlaşdırıb gediblər. Amma hələ də nəticə yoxdur.

Bakı şəhəri Xətai rayonu 8 Noyabr Prospekti 80 ünvanındakı ikimərtəbəli, 16 mənzilli yaşayış binası qəzalı vəziyyətdədir. Təxminən 110 il bundan əvvəl istismara verilən yaşayış binasının divarlarında çatlar əmələ gəlib. Binanın çardağı uçur, tavandan sökülüb yerə tökülən taxta qırıntıları sakinlərin həyatına təhlükə yaradır. Ümumiyyətlə, tamamilə qəza vəziyyətində olan bu bina hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Yaşayış binası baxımsız vəziyyətdə olub

Başqa yerdə evləri olmadığı üçün hazırda bu binada yaşamaq məcburiyyətində qalan sakinlərin qəzetimizə ünvanlandığı müraciətdə qeyd olunur ki, tavandan uçub tökülən qırıntılar dəfələrlə məktəbli uşaqların, böyüklərin başına düşüb. Binanın girişində divarlardakı aşınmalar, çatlar, çürüyüb sıradan çıxan pilləkənlər real mənzərəni ortaya qoyur. Sakinlərin dediyinə görə, ötən əsrin əvvəlində istifadəyə verilən bu bina vaxtilə Neft-Yağ Emalı Zavodunun balansında olub, sonradan Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) balansına keçib. Həmin vaxtdan indiyə qədər yaşayış binası baxımsız vəziyyətdə olub.

Allahın ümidinə buraxılan talelər

Sakinlər iddia edir ki, binadakı vəziyyətlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Xətai Rayon İcra Hakimiyyətinə (RİH), MKTB-yə, Mənzil İstismar Sahəsinə (MİS) dəfələrlə müraciətlər edilib. Lakin vətəndaşların şikayətinə reaksiya verən olmayıb. Yalnız 2018-cı ildə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə baxış keçirib binanın tam qəzalı vəziyyətdə olmasına, istismar müddətini başa çatdırmasına dair rəy verdikdən sonra icra strukturları “hərəkətə keçiblər”. Nazirliyin verdiyi rəy digər sənədlərlə birlikdə Nazirlər Kabinetinə təqdim edilib. O gün bu gündür vətəndaşlar hər an uçmaq, ölüm təhlükəsi ilə üz-üzə qalaraq, Xətai RİH tərəfindən hansı addım atılacağını gözləyirlər. İcra Hakimiyyəti də gözünü dikib Nazirlər Kabinetinin verəcəyi qərara. Beləcə bir neçə ailənin yaşadığı ikimərtəbəli binanın və oradakı sakinlərin taleyi Allahın ümidinə qalıb.  

Vətəndaşlara münasibətdə ayrıseçkilik

Qəzalı binanın birinci mərtəbəsində 4 nömrəli mənzilin sahibi olan Mirvari Hüseynova da bizimlə söhbətində binanın qəzalı vəziyyətdə olmasına diqqət çəkdi. Qeyd etdi ki, dəfələrlə gəlib baxış keçirib, ölçüb-biçib, aktlaşdırıb gediblər: “Aidiyyəti icra qurumlarına davamlı olaraq müraciətlər etmişik. Elə hey söz verirlər ki, bina söküləcək, sakinlər köçürüləcək, amma heç bir nəticə yoxdur. Bina artıq uçur, sökülür və həyatımıza böyük təhlükə yaradır. İcra hakimiyyətinə şikayət edəndə deyirlər səbirli olun, köçürəcəyik. Ancaq qəti bir söz deyən yoxdur ki, nə vaxt və haraya köçürüləcəyik. Tavandan toz-torpaq, taxta qırıntıları üstümüzə, yağan yağış otaqlarımıza tökülür. Mən birinci mərtəbədə qalıram. Fövqəladə Hallar Nazirliyinin, İcra Hakimiyyətinin nümayəndələri gəlib evimin qapısını möhürlədilər ki, qəzalı vəziyyətdədir, içəri keçmək olmaz. Dedilər kirayə ev tap, pulunu icra hakimiyyəti ödəyəcək. Aylardır 4 nəfərlik ailəmlə Əhmədli qəsəbəsində kirayə mənzildə yaşayıram, icra hakimiyyəti bir manat da olsa kirayə pulu ödəməyib. Ailəmin, övladlarımın boğazından kəsib kirayə pulu ödəyirəm. Öz evimə də girməyə icazə vermirlər, deyirlər ki, orada yaşamaq olmaz. Bəs mən nə edim, necə dolanım, harada yaşayım? Bu yaxınlarda öyrənmişəm ki, ikinci mərtəbədə yaşayan 3 qonşumu da kirayəyə çıxarıblar və ayda 350 manat kirayə pulunu icra hakimiyyəti ödəyir. Elədirsə, bu ayrı-seçkilik nəyə görədir? Məni niyə aldadıblar? İndi bu kirayə pulunu verməyə gücüm çatmır. Öz halal mənzilimi tələb edirəm ki, heç olmasa gedib orada yaşayım”.

Deputat vətəndaşların köçürüləcəyini deyir

Sakinlərin iddialarını araşdırmaq üçün Xətai RİH ilə əlaqə saxladıq. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd edilən problemlə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, 8 Noyabr Prospekti 80 ünvanındakı ikimərtəbəli binanın kəskin qəzalı vəziyyətdə olmasından xəbərdardırlar. Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətindəki xüsusi komissiya əraziyə baxış keçirib, binanın vəziyyəti ilə yaxından tanış olub. Şöbə müdiri bildirdi ki, yaxın zamanlarda qəzalı binanın taleyi ilə bağlı qərar veriləcək.

Sakinlərin şikayətini Xətai rayonundan Milli Məclisə deputat seçilmiş Qüdrət Həsənquliyevə də çatdırdıq. Millət vəkilinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, qeyd edilən problemlə bağlı sakinlər indiyə qədər deputata rəsmi və ya şifahi müraciət etməyiblər. Media sorğusu vasitəsilə müraciət daxil olan kimi, dərhal araşdırma aparılıb, millət vəkili Q.Həsənquliyev Xətai RİH Başçısı Rafiq Quluyevlə telefon əlaqəsi yaradıb, qəzalı binanın taleyi ilə maraqlanıb. Bildirilib ki, yaxın günlərdə binada yaşayan sakinlərin hamısı köçürüləcək, qəzalı bina sökülərək yerində yenisi tikilib təhvil verilənə qədər vətəndaşlar alternativ yaşayış yeri ilə təmin olunacaqlar.

Rufik İSMAYILOV