Qəbul qaydalarında ediləcək dəyişikliklər
Həyatımız demək olar ki, doğulandan ölənə qədər
imtahanlarla keçir. Hər yaş dövrünün öz
imtahanı olur. Amma qəbul imtahanın yeri tamam başqadır. Çünki bu imtahanın
nəticələri yeni həyata başlanğıc kimi qəbul edilir. Son dövrlər təhsilə olan
qayğının nəticəsində təhsil sistemində bir sıra dəyişikliklər edilir.
Belə ki, Dövlət
İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər
məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi
nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə
tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali
və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni
modelinin yekun müzakirəsi keçirilibvə ümumi razılıq əldə edilib.
Hər iki qurumun iştirakı ilə tərtib
olunmuş yeni modelin hazırlanma zərurəti barədə aparılan müzakirələr zamanı
qeyd olunub ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil
müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və
yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə
edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur. Bunları
nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların
biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında
keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş
qiymətləndirmə vasitələrindən istifadə olunacaq.
Yeni modelə əsasən, tam (11 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə
keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul
imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış
imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə
alınacaq.
Yəni abituriyentlər buraxılış və qəbul
imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin
müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali
təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas
təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən
aparılacaq.Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 il sonra
buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə
kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq
imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək,
müvafiq metodiki vəsaitlər nəşr olunacaq və abituriyentlərin həm buraxılış, həm
də qəbul imtahanlarına daha da yaxşı hazırlaşması təmin olunacaq.
Edilən dəyişikliyin hansı nəticəni verəcəyini,
bunun şagirdlər, valideynlər, müəllimlər tərəfindən necə qarşılanacağını
öyrənməyə çalışdıq.
Bunu müsbət hal kimi
qiymətləndirmək olar
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, bu, gözlənilən qərar idi: "Uzun müddət idi ki, Təhsil Nazirliyi
ilə Dövlət İmtahan Mərkəzi arasında bir gərginlik var idi. Şükürlər olsun ki,
bu rəhbərlik səviyyəsində aradan qalxdı. Uzun müddətdən sonra, 1992-ci ildən
tətbiq olunan ali məktəblərə qəbul imtahanları yeni formata daxil oldu. Yəni
əsas məsələ ondan ibarətdir ki, indiyədək
qəbul imtahanında eyni balı toplayanların buraxılış imtahanında
göstərdiyi nəticələrə xüsusi fikir verilirdisə, 2019-cu ildən buraxılış
imtahanı ilə qəbul imtahanın əhəmiyyəti eyni dərəcədə nəzərə alınacaq. Bunu
müsbət hal kimi qiymətləndirmək olar. Digər tərəfdən, ixtisas qrupları ilə
bağlı dəyişiklik gözləyirəm. İndi hazırda 4 ixtisas qrupu var. Tutaq ki, indi
kimsə tarixə və ya filologiyaya qəbul olmaq istəyir, amma o riyaziyyatdan da imtahan
verir. Bu əhəmiyyətsiz bir işdir. Mən düşünürəm ki, 2019-cu ildən artıq ixtisas
qrupları da ləğv olunacaq. Texniki,
iqtisadiyyat, humanitar və təbiət istiqamətləri üzrə 4 bölmə olacaqdır. Buraxılış
imtahanları ilə bərabər, bu istiqamətlərə daxil olan əsas 3 fəndən imtahan
keçiriləcək. Sizə Fransadan bir misal
çəkim, həmin ölkədə orta məktəbi bitirən şəxs sənədlərini götürüb birbaşa rahat
qaydada ali məktəbə qəbul olur. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2013-cü ildə imzaladığı
Təhsilin inkişafı üzrə Dövlət Strategiyası var. Strategiyanın da əsas
istiqamətlərindən də biri budur ki, təhsil əlçatan olmalıdır. Hesab edirəm ki,
həqiqətən də prezidentin tapşırıq verdiyi kimi, 2019-cu ildən fənlərin sayının
azalması ali məktəblərin əlçatan olması ilə nəticələnəcəkdir”.
Müsahibimiz bildirir ki, ali məktəblərə qəbul
imtahanın sualları ilə buraxılış imtahanlarının suallarının çətinlik dərəcəsi
fərqlidir: "Hamı buraxılış imtahanından sonra ali məktəbə getmir. Bəziləri kollecə, bəziləri xaricdə təhsil
almağa gedəcək. Ona görə də, abituriyentlərimiz elə fənlərdən imtahan verməlidirlər
ki, həmin fənlər onların sonrakı
həyatında önəmli olsun. Yəni tutaq ki,
kimsə humanitar istiqamətdə gedəcəksə, ona riyaziyyatı və kimyanı akademik
səviyyədə bilmək ehtiyac deyil. Xarici dil məsələsinə gəlincə, ali məktəbdə
tədrisin keyfiyyətini artırmaq lazımdır. Mən düşünürəm ki, imtahan prosesi
artıq yekunlaşmalıdır. Ali məktəblərdə keyfiyyət artımı olmalıdır. Bu gün nə
qədər yaxşı dəyişiklik etsək də, imtahanlar nə qədər şəffaf, beynəlxalq
standartlara cavab versə də, ali məktəbdə tədris keyfiyyətli olmasa, nəticə
əldə olunmayacaq. Ona görə də düşünürəm
ki, 2019-cu ildən tətbiq ediləcək dəyişikliklər şagirdlərin psixologiyasına
müsbət təsir göstərəcək”.
Daha yaxşı ixtisaslaşmış olacaq
Təhsil üzrə ekspert Almaz Həsrət də deyir ki, edilən dəyişiklərdən
müsbət nəticələr gözlənilir: "Buraxılış imtahanlarında şagirdlər 3 fəndən
imtahan verəcəksə, bu fənlər içərisində "Azərbaycan dili və ədəbiyyat” və "Azərbaycan tarixi”nin olması təqdirəlayiqdir. Mən bu fənləri ona
görə xüsusi olaraq vurğuladım ki, məktəbi bitirmiş hər bir şagird orta
səviyyədən bir az çox bilməlidir. Qəbul imtahanında qrupun istiqamətlə əvəzlənməsi və bu dörd istiqamətin hər birində üç fəndən
imtahanın verilməsi alqışalayiq bir haldır. Çünki həm şagirdləri yormayacaq,
həm də məzun gedəcəyi istiqamət üzrə
daha yaxşı ixtisaslaşmış olacaq. Həmin
üç fənnin öyrənilməsinə daha çox diqqət ayıracaq və öz sahəsinin mütəxəssisi
olacaq. Bir məsələni də qeyd etmək
istəyirəm ki, yaxşı olardı, istiqamətlər üzrə universitetlərin də bölgüsü
aparılsın. Humanitar sahə üzrə qəbul imtahanı verən abituriyentin topladığı
bala uyğun olaraq, hansı universitetdə təhsil alacağı göstərilsin. Hesab edirəm
ki, istiqamətlərin və universitetlərin seçilməsini optimallaşdırmaq üçün paytaxtdan
kənar bölgələrdə maarifləndirmə işi aparılsın”.
Məsələnin
valideynlər, şagirdlər üçün də vacibliyini nəzərə alaraq onların da fikrini
öyrəndik.
Çox yaxşı şansdır
AyselQəhrəmanova deyir ki, 2019-cu ildə iki uşağı
orta məktəbi bitirir və hər iki uşağı da
repetitor yanına getməlidir: "Açığı uzun müddətdir bu barədə düşünürdüm
ki, iki uşağın birlikdə 10 fəndən hazırlıq pulunu necə ödəyə biləcəyik? Çünki
maddi gəlirimiz elə də yüksək səviyyədə deyil ki, həm məişət problemlərinə, həm
də uşaqların hazırlığına pul xərcləyək. Bu xəbər bizi sevindirdi. Artıq 10
fənnin yox, 6 fənnin pulunu ödəyəcəyik. Məncə, bu şagirdlər üçün də yaxşı oldu.
Çünki 5 fəndən qəbul imtahanı vermək onlar üçün çox çətin idi. Amma bundan
sonra uşaqlar çox yaxşı bildikləri 3 fəndən rahatlıqla imtahan verəcəklər.
Təbii ki, uşaqlar bütün elmləri bilməlidirlər. Amma qəbul zamanı gedəcəkləri
istiqamət üzrə imtahan vermələri daha yaxşı olar”.
Qasımlı Sərxan isə hazırda 9-cu sinifdə oxuyur. Onunla söhbətimiz zamanı
bildirdi ki, 2 il sonra həm məktəb dərslərini, həm də seçəcəyi istiqamət üzrə
olan fənlərinin hamısını necə çatdırıb oxuyacağını düşünürdü: "Bu günə qədər
məktəbdə həmişə yaxşı oxuyan olmuşam. Bütün fənləri eyni dərəcədə oxuyub,
çatdırmışam. Amma 2 il sonra bu bir az çətin olacaqdı. Çünki həm gündəlik
dərsimi, həm də gedəcəyim istiqamət üzrə 5 fənni oxumalı idim. İndi isə 2 fənn
azaldı. Bu, çox yaxşı oldu. Ona görə ki, qəbula 5 fəndən eyni səviyyədə
hazırlaşmaq mümkün deyil. Ancaq 3 fənni çox rahatlıqla qavrayıb, yadda saxlamaq
olar. Qəbul imtahanında adam çox stressli olur. "5 fənn” sözünü deyəndə belə
insan həyəcanlanır. Düşünürəm ki, bu, bizim üçün çox yaxşı şansdır”.
Günel Azadə