Qazaxıstanın hərbi təlimləri Moskvada narahatlıq yaradıb
Rusiya ilə Belarusun birgə strateji təlimləri ərəfəsində Qazaxıstan
özünün hərbi heyətini yüksək döyüş qabiliyyəti səviyyəsinə yüksəldib. Kreml və
Minsk manevrlərini NATO, İsveç, Finlandiya və Ukraynanın birgə həyata
keçirdikləri təlimlərə cavab kimi keçirir. "Qərb-2017” adını alan birgə
təlimlərin cavab addımı olaraq həyata keçirildiyi xüsusi vurğulanır. Belə bir
vaxtda isə qazaxlar irimiqyaslı təlimlərə başlamaq niyyətlərini ortaya
qoyublar. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki,
şərqi, cənub-şərqi, cənub və qərb regionlarında "Karatau 2017” operativ-strateji
təlimlər start götürüb. Bu dəfəki manevrlər faktiki olaraq ölkənin bütün
ərazisini, o cümlədən Rusiya ilə sərhəd əraziləri əhatə edib və ilk dəfə olaraq
irimiqyaslı xarakter daşıyacaq. Qazaxıstan hərbi idarəsinin məlumatına görə,
təlimlərə təqribən 10 minə yaxın hərbçi, o cümlədən 1,5 min hərbi döyüş
texnikası, 40 min təyyarə və vertolyot, eləcə də, Xəzər dənizindəki Hərbi Dəniz
Qüvvələrinin gəmiləri cəlb edilib.
Qazaxıstan bəlli olduğu kimi, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə
Təşkilatının üzvüdür və Rusiyanın yaxın müttəfiqidir. Rusiya tərəfi, daha dəqiq
desək nəşrləri dərhal buna reaksiya veriblər. Onları narahat edən birincisi
məsələ Rusiyadan, eləcə də, digər dövlət və hərbi bloklardan - Şanxay
Əməkdaşlıq Təşkilatı, KTMT, NATO və s. təşkilatlardan bu təlimlərə hər hansı
bir nümayəndə dəvət olunub-olunmayacağıdır. İkincisi, "Karatau-2017” təlimləri bəlli olmayan
səbəblərdən Rusiya və Belarusun birgə keçirdikləri "Qərb 2017” təlimlərinə bir gün
qalmış start götürür. Özü də Qazaxıstan tərəfi həyata keçirdiyi təlimlər
barəsində hər hansı bir məlumat təqdim etməyib. Moskva və Minsk isə bu
təlimlərlə bağlı dünya ictimaiyyətini əvvəlcədən məlumatlandırıblar. Bundan
əlavə, bir sıra ölkələrdən, o cümlədən Qazaxıstandan müşahidəçiləri dəvət
ediblər. Əvvəlki illərdə Qazaxıstan, KTMT-nin digər üzvləri kimi, kollektiv
hərbi təlimlər keçirəndə məqsəd bir olurdu. İndi isə belə bir hal baş vermir.
"Mən hesab etmirəm ki, Qazaxıstan isteriyaya qapılıb, Ukrayna və NATO
ölkələrinin keçirdikləri təlimlərə cavab kimi belə bir təlim düzənləyib. Lakin
onun Rusiya sərhədləri yaxınlığında Volqaboyu və Xəzər sahillərində təlimlər
keçirməsi narahatçılıq doğurur. Rusiya öz qoşunlarını strateji cəhətdən önəmli
hesab etdiyi Qərb istiqamətində cəmləşdirdiyi bir vaxt onun arxasında Qazaxıstan
zərbə qruplaşması yaradır. Nəyə görə?”, - deyə Rusiya Hərbi Elmlər
Akademiyasının həqiqi üzvü Eduard Rodyukov bildirib. Ekspert diqqəti Qazaxıstan
Müdafiə Nazirliyinin təlimlərin mürəkkəb operativ-taktiki vəziyyətlə bağlı
olması barədə bəyanatına yönəldir. "Axı Qazaxıstan hər tərəfdən dost ölkələrlə
əhatə olunubsa, onun hansı düşməni ola bilər?”, - deyə Rodyukov bildirib.
Rusiyalı ekspertlər iddia edirlər ki, çoxvektorlu siyasət yürüdən Astana
Birləşmiş Ştatlar və digər NATO ölkələrinin təsiri altına düşüb. "Həmin
dövlətlər Rusiya və Belarusun keçirdikləri "Qərb 2017” təlimlərini Qərblə
müharibəyə hazırlıq və Ukraynanın mümkün
işğalı kimi başa düşürlər”, - deyə Rodyukov bildirib. Rusiyalı akademik hesab
edir ki, bu, başdan-ayağa cəfəngiyyatdır. "Lakin Qazaxıstanın öz ordusunu
yüksək döyüş qabiliyyətinə gətirməsi narahatçılıq doğurur”, - deyə o bildirib.
Başqa bir hərbi ekspert, general-leytenant Yuri Netkaçaev isə hesab
edir ki, Qazaxıstanın Rusiya ilə hərbi əməkdaşlıqdan ayrılmaq tendensiyası
çoxdan bəridir ki, mövcuddur. Fakt kimi də Astananın Moskva və Ankaranın
Suriyada birgə sülhməramlı hərbi kontingent yaratmaq missiyasında iştirak etmək
istəməməsini göstərib: "Bunun əvəzində isə qazaxlar NATO-nun mavi dəbilqəliləri
tərkibində iştirak etmək istəklərini ortaya qoyublar”. General xatırladıb ki,
bu ilin yazında Qazaxıstanın Alma-Ata vilayətinin "İliys” poliqonunda ABŞ və
NATO-nun digər üzvlərinin iştirakı ilə "Çöl qartalı -2017” sülhyaratma təlimləri
keçirilib. Həmin təlimlərə Rusiya hətta dəvət belə edilməmişdi. Bir qədər əvvəl
isə prezident Nursultan Nazarbayevin qızı Dariqa NATO-nun Mərkəzi Asiya və
Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə görüşündə bildirib ki, onun
ölkəsi NATO-nun qabaqcıl təcrübəsini yaxından izləyir və bundan özünün
müdafiəsi və təhlükəsizliyində istifadə etmək istərdi. Eləcə də, ABŞ və
Qazaxıstan 2018-2022-ci illəri nəzərdə tutan hərbi əməkdaşlıq barəsində plan
üzərində də iş aparırlar. Qeyd edilir ki, bununla bağlı sənəd artıq Vaşinqtonda
imzalanıb.
Azər