• bazar ertəsi, 29 aprel, 23:33
  • Baku Bakı 23°C

Qarabağın azadlığı bəzilərində narahatlıq yaradıb

06.04.24 05:18 2154
Qarabağın azadlığı bəzilərində narahatlıq yaradıb

Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib. O, bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.


Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Mövlud Cavuşoğluya ölkəmizdə böyük hörmət bəsləndiyini vurğulayaraq, onun bütün dövrlərdə Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdiyini bildirib. 

Azərbaycan-Türkiyə birliyinin gücü

Dövlət başçısı bu gün Azərbaycan-Türkiyə birliyinin daha da güclənməsinin önəmini qeyd edərək bildirib ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər.

“Bizə olan təzyiqlər durmadan davam edir”

Azərbaycan Prezidenti bildirib ki, Qarabağı işğaldan azad etməyimiz, xüsusilə keçən ilin sentyabrında həyata keçirdiyimiz antiterror əməliyyatı bəzilərində narahatlıq yaradıb. “Mən hər zaman deyirdim və deyirəm ki, biz haqq yolundayıq, öz əzəli torpaqlarımızı bütün beynəlxalq qanunlar çərçivəsində hərbi yolla azad etmişik”, - deyə vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, o vaxtdan bu günədək bizə olan təzyiqlər durmadan davam edir. Avropa Parlamenti təhqirlə dolu çirkin qətnamələr qəbul edib. AŞPA nümayəndə heyətimizi səsvermə hüququndan məhrum edib. Bunlar çox mənfi fəsadlara gətirə biləcək addımlardır və bunun yeganə səbəbi Qarabağı işğaldan azad etməyimizdir.

Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi

ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.

Dövlət başçısı bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. 
Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.

“Siz dünyada önəmli bir lidersiniz”

Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında Türk dünyasını “ailəmiz” adlandırdığını qeyd edən Mövlud Çavuşoğlu isə diqqətə çatdırıb ki, dövlət başçısının bu çıxışında Türk dünyasının birliyi ilə bağlı dediyi çox dəyərli fikirlər böyük məmnunluqla qəbul olunub: “Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir”.

Prezident İlham Əliyev qeyd edib ki, həqiqətən də Türk dünyası bizim bir ailəmizdir və biz bu istiqamətdə çalışmalıyıq.
Mövlud Çavuşoğlu deyib ki, Azərbaycanın Qarabağ Zəfərini həzm edə bilməyən qüvvələr var və onlar bu istiqamətdə öz siyasətlərini aparmağa çalışırlar.

banner

Oxşar Xəbərlər