• çərşənbə, 01 May, 17:30
  • Baku Bakı 20°C

“Qara qartal”ın qara günləri

18.11.23 01:00 3935
“Qara qartal”ın qara günləri

“Beşiktaş” Super Liqada 12 turdan sonra beşinci pillədədir. Düzdür, komanda üçüncü yerdə olan “Adana Demirspor” və dördüncü “Trabzonspor”la eyni - 22 xal toplayıb. Lakin İstanbul klubu əzəli rəqibləri “Qalatasaray” və “Fənərbağça”dan doqquz xal geri düşüb.


Son zamanlar Türkiyənin futbol gündəmini “Beşiktaş” klubu zəbt edib. İstanbul təmsilçisi həm Super Liqada çempionluq yarışından uzaq düşüb, həm də Avropada uğursuzluq yaşayır. Azarkeşlərin kəskin narazılıqları fonunda klub rəhbərliyində dəyişiklik labüdləşib. Ardıcıl baş məşqçi dəyişiklikləri də hələ ki, komandaya fayda vermir. “Qara qartal”ın “qara zolaq”dan çıxması asan görünmür.

Super Liqada uğursuz start

Super Liqada 12 turdan sonra “Beşiktaş” beşinci pillədədir. Düzdür, komanda üçüncü yerdə olan “Adana Demirspor” və dördüncü “Trabzonspor”la eyni - 22 xal toplayıb. Lakin İstanbul klubu əzəli rəqibləri “Qalatasaray” və “Fənərbağça”dan doqquz xal geri düşüb.

Avropada isə vəziyyət daha acınacaqlıdır. Konfrans Liqasının D qrupunda yer alan komanda növbəti mərhələyə yüksəlmək şansını itirib. “Qara qartal” dörd matçda cəmi bir xal toplaya bilib və qrupda sonuncudur. İkinci yerdə qərarlaşan Norveç klubundan altı xal geri düşən kollektivin pley-offa adlamayacağı dəqiqləşib. 

Çarə olmayan məşqçi dəyişiklikləri

Mövsümə Şenol Güneşlə başlayan “Beşiktaş” çox keçmədən onunla yolları ayırıb. Ötən ilin oktyabrında baş məşqçi təyin edilən və tez bir zamanda komandanı çətin vəziyyətdən çıxarmağı bacaran mütəxəssis hətta çempionluq mübarizəsində “Qalatasaray”la “Fənərbağça”ya ciddi müqavimət göstərməyi də bacarıb. “Qara qartal” əzəli rəqiblərindən yalnız iki xal geri qalaraq sonda üçüncü pilləni tutub. Azarkeşlər bu mövsümün daha uğurlu alınacağını gözləsələr də, start istənilən kimi olmayıb. Düzdür, komanda təsnifat mərhələsində uğur əldə edərək Konfrans Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb. Super Liqada da ilk turlarda vəziyyət pis deyildi. Lakin komanda heç cür stabillik əldə edə bilməyib. Konfrans Liqasında İsveçrənin “Luqano” klubuna məğlubiyyətdən sonra, oktyabrın 10-da Şenol Güneş istefa verib. 

Güneşi əvəzləyən Burak Yılmazın qısamüddətli fəaliyyəti isə daha uğursuz alınıb. Müvəqqəti çalışdırıcı təyin edilən gənc mütəxəssis komandanı cəmi altı matça çıxarıb. Bunların ikisində qələbə qazanan “Beşiktaş” dörd dəfə məğlubiyyətlə üzləşib. Konfrans Liqasında “Budyo Qlimt”ə yenilgi ilə komandanın növbəti mərhələ şansını itirməsi Burakın da “kredit limitini” doldurması anlamına gəlib.

Komandadakı qısamüddətli fəaliyyəti barədə yerli mətbuata danışan Burak Yılmaz klub daxilində böyük problemlərin olduğunu dilə gətirib. O, xüsusən, legioner oyunçuların işə yanaşmasından gileylənib. Rəhbərlikdən də narazı olan mütəxəssis postundan uzaqlaşdırılmasından çox az müddət sonra Rıza Çalımbayın baş məşqçi təyin edilməsini təəccüblə qarşıladığını bildirib. 

Çalımbay isə işinə qələbə ilə başlayıb. Futbolçu kimi “ağ-qara” formanı geyinən, 2005-ci ildə komandanın baş məşqçisi də olmuş 60 yaşlı mütəxəssisin rəhbərliyi altında bu mövsüm ilk oyununu “Başakşehir”ə qarşı keçirən “Beşiktaş” minimal hesablı qalibiyyətə sevinib. Lakin Rıza Çalımbay özü də etiraf edib ki, klub ağır böhran dövründən keçir və bu vəziyyətdən çıxmaq üçün çox çalışmalıdırlar.

Günah rəhbərlikdədir?

Çılğın “Beşiktaş” azarkeşləri və türkiyəli mütəxəssislər problemin bu həddə çatmasında klub idarəçilərinin məsuliyyət daşıdığını düşünürlər. Fanatlar hətta bu mövsüm bir neçə dəfə rəhbərliyi istefaya da səsləyiblər. Onların tələbləri yerinə yetmək üzrədir. Noyabrın 26-da “Beşiktaş“a yeni prezident seçiləcək. Əgər ilk iclasda yetərsay olmazsa, bu zaman yekun səsvermə dekabrın 3-də olacaq.
Hazırkı prezident Ahmet Nur Çebi namizəd olmayacağını açıqlayıb. 2019-cu ildən bu postda olan funksionerin dövründə klub xüsusən maliyyə baxımından irəliləyişə nail olub. Lakin onun məşqçilər və futbolçularla kifayət qədər yüksək səviyyədə ünsiyyət qura bilməməsi həmişə Türkiyə futbol gündəmində əsas mövzulardan idi. Nur Çebini əvəzləməyə iki namizəd var: Serdar Adalı və Hasan Arat. 

Düzgün formalaşdırılmayan heyət

“Beşiktaş” heyətinə görə əsas rəqiblərindən çox geri qalır. Əslində, bunu “Qalatasaray” və “Fənərbağça”nın səviyyəni çox yüksəltməsi ilə də əlaqələndirmək olar. Hər iki klub, xüsusilə son iki mövsümdə o qədər səs-küylü transferlər ediblər ki, “qara qartal” açıq-aşkar bu rəqabətdə onlara uduzub. Məsələn, “Fənərbağça”ya üz tutan Duşan Tadiçlə məhz “Beşiktaş” maraqlanıb. Lakin qarşı tərəf ən azı iki dəfə daha yaxşı maliyyə şərtləri təklif etdiyindən serbiyalı ora üz tutub. Ümumilikdə klubun bu yay heyət planlaşdırmasını doğru etmədiyi də aydındır. Üstəlik, Tadiç transferində xəsislik edən “Beşiktaş” rəhbərliyi yeni cəlb olunan oyunçularla bağlı kifayət qədər səxavətli davranıb. 
Bu yay komandaya Artur Masuaku, Daniel Amarti, Erik Bayi, Aleks-Oksleyd Çemberleyn, Ante Rebiç, Milot Raşitsa kimi yüksək ödənişli futbolçular transfer olunub. Lakin hələ ki, onların əksəriyyəti meydanda verdikləri faydalardan çox qalmaqallarla gündəmdədirlər. Transfer fəaliyyətinin uğursuzluğuna görə də birbaşa klub rəhbərliyi ittiham olunur. 

“Beşiktaş” üçün mövsüm hələ bitməyib. Avropada uğursuzluğa baxmayaraq, Super Liqada şanslar qalır. Zamanla “Qalatasaray” və “Fənərbağça”da eniş olması da istisna edilmir. Lakin yeni rəhbərliyin və Rıza Çalımbayın işi heç də asan olmayacaq.

banner

Oxşar Xəbərlər