• bazar, 28 Aprel, 01:04
  • Baku Bakı 17°C

Prezident yeni səfirləri qəbul edib

19.08.23 02:00 2773
Prezident yeni səfirləri qəbul edib

Prezident İlham Əliyev Kolumbiya, Tacikistan və Koreya Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunan səfirlərinin etimadnamələrini qəbul edib. Dövlət başçısı hər üç ölkə ilə qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib. 


Avqustun 18-də Prezident İlham Əliyev Kolumbiya, Tacikistan və Koreya Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunan səfirləri Luis Fernando Kuartas Ayala, İlxom Abduraxmon və Sin Xon Çxolun etimadnamələrini qəbul edib. 

İqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar

Prezident İlham Əliyevlə görüşdə Kolumbiya səfiri Luis Fernando Kuartas Ayala iki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edib, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin uğurla inkişaf etdiyini bildirib. Minatəmizləmə sahəsində kolumbiyalı mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərdiyi qeyd olunub. 

Səfir ölkəmizdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin Ağdama səfərində iştirak etdiyini, həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olduğunu bildirib.

Dövlət başçısı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib.

Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət edilib

Prezident Tacikistan səfiri İlxom Abduraxmonla görüşdə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğulayıb, hökumət üzvləri, parlamentlər, ictimai təşkilatlar xətti ilə daim təmasların və qarşılıqlı səfərlərin həyata keçirildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanın və Tacikistanın regionları arasında əməkdaşlığın və şəhərlərarası birbaşa əlaqələrin yaradılmasının vacibliyini bildirib, tacikistanlı həmkarı Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.

“Mədəni əlaqələrin genişləndirilməsi vacibdir”

Koreya Xalq Demokratik Respublikasının səfiri Sin Xon Çxol isə, Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb. Səfir ümummilli lider Heydər Əliyevin 1985-ci ildə Koreya Xalq Demokratik Respublikasına səfərinin məmnuniyyətlə xatırlandığını bildirib. 

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçirilən Zirvə görüşü çərçivəsində Koreya Xalq Demokratik Respublikasının yüksək səviyyəli nümayəndə heyəti ilə görüşünü məmnunluqla xatırlayıb. Dövlət başçısı parlamentlər, hakim partiyalar arasında münasibətlərin və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

banner

Oxşar Xəbərlər