• cümə axşamı, 28 mart, 17:33
  • Baku Bakı 16°C

POEZIYAMIZIN FIKRƏT QOCA IŞIĞI

17.10.16 12:43 6330
POEZIYAMIZIN FIKRƏT QOCA IŞIĞI
Çağdaş Azərbaycan poeziyasının ustadlarından biri, müasir ədəbi həyatımızın simalarındandır Fikrət Qoca. O, söz sərrafı olaraq, geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri özünədərkinə, sənətkarlıq xüsusiyyətlərinə görə mütəfəkkirdir.
Məlumdur ki, Şərq düşüncəsində çox vaxt şairi alim, filosof, kamal əhli olaraq mötəbər şəxsiyyət kimi dəyərləndirmişlər. Mütəfəkkir şair adında sadalanan hikmət komponentləri təzahürünü tapıb. Şairə məxsus olan poetik təfəkkürü digər təfəkkür tərzlərindən yəni elmi, siyasi, dini və s.-dən fərqləndirən amil, onun bəşəri düşüncə müstəvisində məntiq və bəsirətlə hormoniyada olmasıdır.
Fiktər Qoca yaradıcılığının möhtəşəmliyini şərtləndirən cəhət odur ki, şair əsərlərində poetik fikrin, bədii ifadənin fəlsəfi qayəsi bəşəri mahiyyət kəsb edir, o, heç vaxt kiçik poetik detalların təsviri ilə qane olmur. Bu poeziyada ədəbi-bədii,milli-mənəvi və dini komponentlər kül halında birləşərək, dünyəvi dəyərlər xəzinəsini zənginləşdirir. Fikrət Qocanın yaradıcılığında, başqalarından fərqli olaraq şablon ifadələr, konyuktura elementləri yoxdur. Onun əsərləri bütün zamanlarda cəmiyyətdə hökm sürmüş durğunluğa, ictimai amiranəlik sisteminə, haqsızlığın doğurduğu acı nəticələrə, sünü münasibətlərə bədii etiraz kimi səslənmişdir.
Yanğın salmaq istəyirəm
Ütülənmiş, sığallanmış iclaslara
Göz yaşından mərhum yaslara.
Yanğın salmaq istəyirəm
"Anadan müdir doğulanların”
Quru ədasına, soyuq səsinə,
Kitabların, qəzetlərin soyuq səhifəsinə.
İctimai həyatdakı kifayət qədər ciddi qüsurlara, mənəviyyatsızlıqdan doğan eybəcərliklərə sənətkar kimi etiraz etmək, cəmiyyətdəki neqativ halları sənət müstəvisində bədii priyomlarla tənqid etmək Fikrət Qoca şeirlərinin ideya bədii mahiyyətinin önəmli xüsusiyyətlərindəndir. Şairin "Cəsarət” adlı şeiri "durğunluq dövrü”ndə ərsəyə gəlməsinə baxmayaraq, məhz həmin dövrün ictimai bəlalarına qarşı cəsarətlə meydan açan sənətkar mövqeyi kimi səciyyəvi xarakter daşıyır.
Cəsarətsiz iclasları
Açılmamış bağlayın!
Cəsarəti öldürə bilmərik sən, mən.
Cəsarətimiz təqaüdə çıxsaydı
Əhalimiz xalq olmazdı,
Torpağımız Vətən.
Şeirdə "Xalq” və "Vətən” sözlərinin bədii-ictimai siqlətinə, həmçinin ictimai-fəlsəfi mahiyyətinə poetik düşüncənin işığında yüksək məna verilir, məcazi dəyərinin sanbalı səciyyələndirilir. Şairin hər misrasından vətəndaşlıq, insanlıq dəyərinin məğzi bədii fakt olaraq poeziyamızın ictimai-poetik sərhədlərini genişləndirir.
Mənim məzarım da Yer kürəsinə
Düşəcək bir nida işarəsi tək!
Namərdəm, məsləksiz gözlərim gülsə,
… Məsləkim uğrunda bina tikilsə,
Qoy məni hörsünlər bünövrəsinə.
Fikrət Qocanın poetik nümunələri əslində keçib gəldiyimiz ömür yollarındakı təbəddulatları doğuran hadisələr haqqında şair təhkiyəsi, bədii-fəlsəfi, ictimai-poetik səciyyəli xatirələrdir. Bunların içində xoş əhval-ruhiyyə doğuran sənət inciləri ilə yanaşı kədər, qəm qoxulu, insanın daxili aləmimni təlatümə gətirən yüksək ədəbi nümunələr də vardır.
Şairin lirik qəhrəmanı emosional, həssas təbiətə malikdir. Şairin ruhu təbiətin bir parçasıdır. O, təbiətdə baş verən hər şeyi duyur, budağı qırılmış ağacın ağrısını, insan qayğısından uzaq düşmüş ağacların harayını elə bil eşidir və bu səssiz harayları öz taleyinin dərdi kimi, şəxsi ağrısı kimi ehtiva edir. "Quru çinarın nəğməsi” şeirində şairin lirik mənindəki həssaslığı poetik sözün aynasında necə ustalıqla və təbii boyalarla canlandırdığının şahidi oluruq. Bu sənət nümunəsində təbiətin ən zəngin, rəngarəng, əlvan çağlarının bədii ehtivasını görürük.
Qeyd etmək lazımdır ki, şairin lirik qəhrəmanı yalnız kədər, qəm, qüssə ilə yaşamır, onun könül dünyası zəngin duyğularla süslənib, əhval-ruhiyyəsi kövrəkdir. Bu qəhrəman səmimi, təbii, insanpərvər, vətənpərvər olmaqla yanaşı, haqsızlığa qarşı barışmaz mövqeydə dayanan şəxsiyyətdir, milli obrazdır. Bu qəhrəman ictimai haqsızlığa görə cəmiyyətdəki eybəcərlikləri kəskin tənqid edən, çəkinmədən öz haqq səsini, sənətkar qayəsini poeziya vasitəsilə xalqa bəyan edən şair mənəviyyətıfdır. O, rüşvət hesabına yaşayan, ailəsinə bər-bəzək alanlara, uşağına məktəb dərsliyi alanlara qəlbinin, ruhunun harayıyla etirazını çatdırır və bu üsyanın sənət müstəvisində ustalıqla xalqa yansıda bilir. Şair poetik təfəkkürün gücü ilə yenilik ruhundan mərhum olanları, ətrafda baş verən proseslərə biganə qalanları da bədii detallarla məzəmmət edir.
Fikrət Qoca çox dəqiq və geniş müşahidə qabiliyyətinə malik sənətkardır. Onun poetik əsərlərində heyrət, həsrət, yumor, kinayə, qəzəb, həyəcan, heyranlıq duyğuları öz mükəmməlliyi ilə diqqəti cəlb edir. Şairin poetik qüdrətinin ucalığı, zəngin bədii təfəkkürə malik olması şeirlərindəki obrazlı deyimlərin orijinallıtı və təravəti ilə yadda qalır.
Günəş payız yarpağı tək
Qopur, düşür üfüqdən
Qaranlığın saçlarına
Çılçıraqlar salır dən…
Ay gümüşü kölgəsini
Sərib çölə, tarlaya.
Göy bənzəyir çiçək açmış
Yamyaşıl bir talaya.
Bu misralardakı poetik detalların zənginliyi, bədii mənzərənin gözəlliyi, poetik təfəkkürün bənzərsizliyinə, oricinallığına dəlalət edir. Hamının dəfələrlə gördüyü "axşamın düşməsi”, "şər qarışan” vaxtın mükəmməl, yüksək sənətkarlıqla söz tablosunda canlandırılmasıdır.
Fikrət Qocanın yaradıcılığı sənətkarlıq məziyyətləri baxımından dolğun və zəngindir. Onun yaradıcı prosesdə istifadə etdiyi bədii priyom və vasitələr çoxcəhətli olması ilə seçilir. Onun poetik təfəkkürü, bədii idrakı olduqca zəngin və genişdir. O, hətta xalq danışıq dilində mütəmadi istifadə olunan ifadələrə bəzən elə təravətli naxışlar vurur ki, bu deyimlər yeni məna, daha dəyərli əhəmiyyət kəsb edir.
Əgər çatlasaydı qaşın kamanı,
Kainat xətrinə dəysəydi əgər.
Elə silkələrdim mən asimanı,
Ulduzlar tut kimi tökülərdilər.
yaxud:
Vallah, düzü, mat qalmışam:
Sən bunu hardan öyrəndin?
İnsanlar səndən öyrəndi,
Sən insanlardan öyrəndin?
Şairin poetik dilini zənginləşdirən, dilin canlı, koloritli, səlis, rəvan olmasını şərtləndirən amillər sırasında xalq ruhuna yaxınlıq önəmli cəhətlərdəndir. Fikrət Qoca dilimizin incəliklərinə dərindən bələd olmaqla yanaşı, həm də bədii ustalıqla dilimizi zənginləşdirən böyük sənətkardır. Onun poetik fərdiyyəti, özünə məxsusluğu görünür və duyulur.
Gülşən Behbud
banner

Oxşar Xəbərlər