• cümə, 29 Mart, 09:20
  • Baku Bakı 5°C

Poeziya - Bulud Muradi

07.11.16 10:43 7826
Poeziya - Bulud Muradi
Bulud Muradi o taylı şairlər arasında öz dəsti-xətti və üslubu ilə seçilən şairdir. 1980-ci ildə Miyanada anadan olub. Ali təhsillidir. Şairin indiyə qədər iki kitabı nəşr olunubdur. Hazırda Tehran şəhərində yaşayır.
PAYIZ
Açıram pəncərəni
aynanın arxa küçələrinəcən...
Payız oluram,
və sənsizlik
yığdığım bütün nömrələrdir.
Payızdır yatağım,
Şəhərin ortasında
açarsam - gözlərimdən
dağılır bu qatil saçların,
Payız kimi
tökülürəm çiyninə.
Hər səhər
darayanda yalqızlığını
aynada tərsdir şeir
Ayaqüstü sevgilər kimi
Güzgüləri bağla, bitsin
Saçlarından başlanır payız,
Qış…

VƏ EŞQ, VƏ BU MAHNI

Xatırladığın əvvəl mahnıyam,
Zil səsləri ilə küçələr
məni oxuyar.
Evin boğazın
gələn qəm kimi
Səni dünya gəyirəndə
Bilməzsən hara gedəsən, kimə mesaj atasan.
Sənə adlar və ədədlər arxasını çevirər
Onda əvvəl yadından çıxan mənəm
baqqallara da durub salam vermək istərsən,
havaların isti-soyuğundan danışarsan,
Yeyin sovuşarsan qəzetlərin qabağından
xəbərləri yubadarsan bir vida kimi.
Sənə göz altı baxıb ah çəkən ağacdan,
anandan gözlərini qaçırdanda
Məni xatırlama
Son yol ağladığın kimi
Ağlarsan…
...və eşq,
və bu mahnı
Öz başına…
və rep üzərində…

NAĞILIN QALANI

Əllərimdən tut!
Düşərəm yoxsa, bu sətirdən dənizə,
Adamsız məktublar kimi
islanar ayaqlarım.
Yollar
hər kəs,
hər səhər
Başmaqlarını vakslayırkən1
sankı tanklar təkərlərini
Adamlar bir birlərini -
sərhədlərini -
Sərhədlərini
necə ölməkləri kimi seçirlər.
Seçki sandığından bu seirin o tayınadək
Durum açım yadıma düşən pəncərələri
Tək-tək sevginə düşüm
üç alma kimi
Cazibənin qırmızı gözlərindən...
Gözlərindən başlayaq həyatı əvvəldən!...

...hər nağılın qalanı sənin gözlərindir!...
1-ayaqqabıları mazlamaq

SƏN VƏ ÖLÜM

Əllərin əcəmi,
Gözlərin xalq ədəbiyyatı qədər qara
Ölürəm ha, ağlarsam səni.
Türkcə gül biraz,
Bütün dağların adını bacarırsansa,
döydür adını qəlbimə,
və kimsəyə söyləmə gördüyün bu yağışları
(Sönər böyük şəhərin işıqları
Süper marketlər boşalar sözcükdən
Ac qalar həmşəhrilər birdən)

Ölümün plastik saçları şərab rəngində
Çinli bir gəlincikdir cinli...
Kökü qırılmış
durmadan eyni bir mahnı çalır.

Bəri baxma!
Pəncərələri, ulduzları və səni çəkib aparar
bu ərəbcə ölüm...

Kəs saçlarını kimsə tanımasın səni!

HƏYAT

Yuxulu bir bulaq yaşayır qucağımda bax!
Sənin yerində
Həyat ovuclarımda açır çiçəklərini...

Çətir açıram -
Hardasa, yağan yağışların ehtiramı ilə.
Əriyir ürəyimdə,
Süzürəm fincanlara yoxluğunu
Sağlıq verirəm yellərə adını,
Cızıram mıxla havaya
yırtılır gecə
damırsan,
Boğulur yakamoz1 gözlərinin
Qara dənizində
batmış gəmilər
səni yuxu görürlər.

Qurtulur fincanın içində fırtına
Atəş,
həyat
Həyat yoldaşının ağrıyan yumruqlarıdır həyat!
Utancaq bir qönçədir -
gözlərinin altında göyərir
Ağrıdan göyərir, gülüm!
Ağrıdan
Baxmıram!...

GÖZLƏRİNİN HAVASINA

Gözlərinin havasına
Şair oldu quşlar,
Quş oldu şairlər.
Uçub getdilər
Məhzun, filosof evlərdən öncə
Ağaclar bildiriş verdilər
qəzetlərdə.
Uşaqlarını satırlar
Su bahasına!...
Su....s!!
Aldırma!
Ağac qaş-göz etməz,
quş da.
Təkcə mənlə küçələr aldıq ətrini
Bu əllərimizə bax!
Alın yazın tərləyəndə
Bu əllərimizə bax!
İşçilərin ay başında
Uşaqların uzanmış əllərindən
Rəng aldıq, rəng verdik.
Gözlərin qara geyindi
Bu ucuzlu əlifbalar kimi
baxma!
Səsini verdik pəncərələrə
Açdı çiçəklər kimi uçdu ha...
Zil gözlərinin havasına...

De quşlarla başlansın sabah!
Ay-ulduz batır qəbir daşların üstündən çıxır
Adın gəlcək əsir qəlbim
Aşıq bir bayraq kimi
Bu zindanda
Sığmayıram əynimə ölüm kimi,
Ağrı kimi,
ah kimi.
Çək bu şəhəri çıxart sözlüklərin altından
Bax gör sənsizliyin harasındayam?

...de quşlarla başlansın sabah!
Göy üzünü - bu vərəsəli xarabanı
Uçub, uçub başıma çalan quşlarla...
Mənə baxma!
Saçlarıma bax! Saçlarıma!
Atılmış bir bayraqdır rüzgar əlində
Bu ayağımadək uzanan saçlarım!
Gecəyəm - ətəkdən başa gecə
gözlərimə baxma!
Əllərimə bax:
nə əl atdı gündüzün yarımçıq binasına,
Nə başmaq tayı hansısa qırx əlli böyüyə
Hərəmsiz bir göyərçin əllərimdən ölüm dənləyir,
Əllərim ölüm
bu ağ əllərim sadəcə iki çaxmaq daşıdır...

Ayaqlarıma bax! Ayaqlarıma!
Nə Atilla səfərində suluq bağladı Avropanı tapanda,
Nə anamın yerikləyən kəpənəkləri qovdu Lazaros bağında.
İş dalınca evdən yürüdü sadəcə
bir əsgər kimi.
Şeir coğrafiyasında
yerlə göyün qoşulduğu dağlara çatdı
Çağdaş olmaz ayaqlarım daha...

Mənə bax - nə rahat oynadın həyatımla sevgi!
Əski havalarda əl çaldım sadəcə quşlar kimi əl....
Yandıq...
banner

Oxşar Xəbərlər