• çərşənbə axşamı, 23 aprel, 11:15
  • Baku Bakı 20°C

Pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır

12.11.22 02:45 918
Pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova sətəlcəm, pnevmoniyanın əlamətləri, uşaqlarda bu xəstəliyin simptomları ilə bağlı sualları cavablandırıb. Kaspi.az həmin müsahibəni təqdim edir.

- Bildiyiniz kimi, noyabrın 12-si Ümumdünya Sətəlcəmə qarşı Mübarizə Günüdür. Günay xanım, pnevmoniya nədir və xəstəliyin səbəbi nədədir?

- Pnevmoniya və ya sətəlcəm ağciyərlərin iltihablı xəstəliyidir. Antibiotiklərin istifadəsindən əvvəl ağciyərlərin iltihabı ən qorxulu xəstəliklərdən biri idi. XIX əsrin sonunda pnevmoniyadan ölüm halları rekord həddə - 83 faizə çatıb.

Müasir tibbin bütün nailiyyətlərinə, yeni antibakterial və antiviral preparatların istifadəsinə baxmayaraq, bu xəstəlik hələ də aktual problem olaraq qalır. 2009-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) UNISEF-lə birgə “Pnevmoniyanın profilaktikası və xəstəliyə qarşı qlobal fəaliyyət planı”nı elan edib. Həmin planın məqsədi uşaqların müdafiəsi üzrə kombinə edilən tədbirlərlə sətəlcəmlə mübarizəni, xəstəliyin profilaktika və müalicəsinin təkmilləşdirilməsidir.

Kəskin pnevmoniya müxtəlif infeksion agentləri tərəfindən törədilir. Pnevmoniya hallarının təxminən 90 faizində bakteriya, qalan 10 faizində viruslar, göbələklər, protozoa və helmintlər (dəyirmi qurdlar, toksoplazma, şistosomlar) olur. Ən çox yayılan patogenlərə pnevmokok, Haemophilus influenzae, Mycoplasma pneumoniae, Staphylococcus aureus, qrip virusları və respirator sinsitial infeksiya daxildir.

Epidemiologiyasından asılı olaraq pnevmoniyalar bir neçə formaya bölünür. Xəstəxanadan kənar (ambulator), yaxud xəstəxanaya qəbul anından 48 saat ərzində yaranan pnevmoniyalar - xəstəxana daxili (hospital) xəstəxanaya qəbuldan 48-72 saat sonra yaranır. Proqnoz əsasən patogenin antibiotiklərə qarşı müqavimətindən asılıdır. İmmunodefisitdən əziyyət çəkən xəstələrdə pnevmoniya adətən ağır gedişli olur. Aspirasion pnevmoniya – mədə bağırsaq möhtəviyyatının tənəffüs yollarına atılması nəticəsində yaranan pnevmoniyalar - praktikada əksər hallarda xəstəxanadan kənar pnevmoniyalara rast gəlinir. Düzgün müalicə olunarsa, pnevmoniyanın bu formalarının nəticəsi adətən yaxşı olur.

- Pnevmoniyanın əlamətləri nədir?

- Pnevmoniyanın klinik əlamətləri əsasən iltihabın həcmindən asılıdır. Simptomları xarakterik və ümumi ola bilir. Xarakterik əlamətlərə öskürək, döş qəfəsində ağrı, nəfəs darlığı aiddir. Xəstəliyin ilk günlərində xəstəni adətən yalnız yüngül öskürək narahat edir, sonradan öskürək daha intensivləşir, selikli-irinli bəlğəm ifraz olunmağa başlayır. Döş qəfəsində ağrı əsasən lobar pnevmoniya üçün xarakterikdir, çünki bu halda plevra iltihab prosesinə qoşulur. Adətən belə ağrılar qəflətən başlayır, nəfəsalmada isə bu ağrılar şiddətlənir. Təngnəfəslik də ağır pnevmoniyaların xarakterik simptomudur.

Pnevmoniya üçün ümumi simptomlar da xarakterikdir. Ümumi əlamətlərə qızdırma, baş ağrıları, halsızlıq, əzələ ağrıları, tərləmə, iştahanın azalması və digər kimi simptomlar daxildir. Pnevmoniya üçün adətən yüksək qızdırma (38-39 °C) və bu qızdırmanın qısa müddətli olaraq antipiretik dərmanların fonunda düşməsi xarakterdir. Lakin immun sistemi zəif olanlarda, qocalarda bədən hərarəti yüksəlməyə də bilər.

- Uşaqlarda bu xəstəliyin simptomları nələrdir?

- Pnevmoniya hər yaşda müşahidə olunur, lakin 2 yaşa qədər uşaqlar, immun sistemi çox zəif olanlar, 65 yaşdan yuxarı insanlarda pnevmoniya çox təhlükəli ola bilər. Uşaqlarda klinik simptomlar pnevmoniyaya səbəb olan vəziyyətə görə fərqli ola bilsə də, ən çox rast gəlinən əlamətlər öskürək, bəlğəm, sinə ağrısı, qusma və ya ishal, iştahasızlıq, yorğunluq və ümumi zəiflik, sürətli və çətin nəfəsalma, baş ağrısıdır.

- Pnevmoniyanın qarşısının alınması üçün tövsiyələriniz nələrdir?

- Qeyd edim ki, pnevmoniyanın qarşısını almaq müalicə etməkdən daha asandır. Açıq havada daha çox vaxt keçirmək, hava şəraitinə uyğun geyinmək, eyni zamanda, siqaret çəkməyi və spirtli içkilərin qəbulunu tərgitmək tövsiyə olunur. İnsanların çox olduğu yerləri müntəzəm olaraq havalandırmaq lazımdır. İnfeksiyanın qarşısını alan vacib amillərdən biri də şəxsi gigiyena qaydalarına riayət etməkdir. Bundan əlavə, bol vitaminli meyvə-tərəvəzdən istifadə etmək məsləhət görülür. Eyni zamanda, həftəiçi və həftə sonları eyni vaxtda yatın və oyanın, çünki son araşdırmalara görə, yuxu nizamsız olanda immun sistemi zəifləyir.

banner

Oxşar Xəbərlər